Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın cənub-şərqindəki Belu-Orizonti (Minas-Jerays ştatı) şəhərində anadan olub. Vətənində o, əsasən, ortabab klublarda oynayıb. Məsələn, Ernani "Quarani"nin (Kampinas) şərəfini qoruyub. Bu komanda yalnız 1978-ci ildə Braziliya çempionu olması ilə öyünə bilər. Hazırda Braziliya çempionatının B seriyasında yarışan "Quarani"ni azərbaycanlı futbolsevərlərə daha yaxından tanıtmaq üçün vaxtilə bu klubda Kareka, Calminya, Sonni Andersson, Aylton, Elano və s. futbolçuların oynadığını qeyd etmək olar.
Ernani 2003-cü ilin yayında Avropaya – Türkiyəyə üz tutdu. Onda "Konyaspor" Superliqaya yeni vəsiqə qazanmışdı. Heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirən Konya təmsilçisinin transferləri arasında Ernani də vardı. 2003/04 mövsümündə braziliyalı müdafiəçi cəmi 10 oyunda komandanın formasını geyinsə də, "Konyaspor" Superliqada yerini qorudu (11-ci yer).
Türkiyə çempionatı-2004/05-in 12-ci turu çərçivəsində "Beşiktaş"la qarşılaşmanı Ernaninin Türkiyə karyerasında ən uğursuz oyun kimi dəyərləndirmək olar. Həmin matçın artıq 23-cü dəqiqəsində qonaqların rumın yarımmüdafiəçisi Daniel Pankunun sağ ayağına zərbə endirib ona ciddi zədələyən braziliyalı müdafiəçi ikinci sarı vərəqə ilə cəzalandırıldı. Etdiyi hərəkətdən peşman olan Ernani meydanı ağlayaraq tərk etdi və hətta "Beşiktaş"lı Con Karyunun təsəllisi də onu sakitləşdirmədi. Panku isə meydanı xərəkdə tərk etdi və onun əvəzinə oyuna Sərgən Yalçın daxil oldu. Maraqlıdır ki, azlıqda qalmasına və o an hesabda geridə olmasına (0:1) baxmayaraq, "Konyaspor" çətin rəqiblə heç-heçə oynadı – 2:2.
2005-ci il aprelin 16-da Türkiyə çempionatının 28-ci turu çərçivəsində "Sakaryaspor"la oyun isə Ernaninin qol vurması ilə əlamətdar oldu. 67-ci dəqiqədə meydana çıxan müdafiəçi matçın başa çatmasına üç dəqiqə qalmış Məhəmməd Akagündüzün (indi "Kayserispor"un şərəfini qoruyur) ötürməsini dəyərləndirərək ikinci topu rəqib qapısından keçirdi – 2:0.
Ümumiyyətlə, 2004/05 mövsümündə 12 oyunda forma geyinən Ernani 1 qola və 1 məhsuldar ötürməyə imza atdı. "Konyaspor" isə Türkiyə çempionatını 8-ci yerdə başa vurdu.
2005-ci ilin yayında "Karvan"ın baş məşqçisi təyin olunan Fuad Yaman braziliyalı müdafiəçini də özü ilə Yevlax klubuna gətirdi. Türk mütəxəssis Azərbaycan birinciliyindəki uğursuz startdan sonra vəzifəsindən getsə də, Ernani komandada möhkəmlənib çempionatın bütün 26 görüşündə iştirak etdi. Bundan başqa, 28 yaşlı müdafiəçi Azərbaycan birinciliyinin gümüş medalını qazandı və ölkə kubokunun finalçısı oldu. Özü də "Karvan"da daha intizamlı oyun nümayiş etdirən Ernani mövsümboyu cəmi iki sarı vərəqə ilə cəzalandırıldı ki, bu da müdafiəçi üçün çox müsbət göstəricidir.
2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul edən Ernani Pereyra, daha sonra "milli komandanın oyunçusu" statusuna yiyələnib.