Estakada (fr. estacade, Provans dialekti: estaca – dayaq, tir) – yer və ya su səthindən müəyyən hündürlükdə (bəzən də suyun altında) tikilən körpü tipli qurğu; nəqliyyat vasitələrinin, adamların, müxtəlif kommunikasiya xətlərinin (su, neft, qaz boru kəmərlərinin və başqaları) keçməsi, həmçinin yükləmə-boşaltma işləri aparmaq üçündür. Dəmir-beton, metal, bəzən daş və taxtadan tikilir. Estakada adətən, torpaq qalağı üstündə qurulmur, tir, çərçivə, tağ və sair konstruksiyalı olur. Bu, Estakadanın altından da nəqliyyat vasitələrinin keçməsinə, eləcə də orada hər hansı bir tikilinin (qaraj, mağaza, emalatxana) yerləşdirilməsinə imkan verir. Mədən estakadalarının tikilməsi dəniz-neft mədənlərinin inkişafında mühüm mərhələdir. Dərinliyi 30 metrədək olan sularda dəmir-beton və metal Estakadalar qurulur.[1]