Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor[1][2]
Etibar İsmayılov | |
---|---|
Etibar Hümmət oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA-nın Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti, M.F.Axundov adına Xarici Dillər İnstitutu |
Etibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində[3] dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.
1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Professor Tariyel İsmayılovun qardaşıdır.
Onun əsas elmi nailiyyətləri fiziki, fiziki-kimyəvi, xüsusi ilə spektrometrik tədqiqat metodlarının katalizin fundamental və tətbiqi xarakterli problemlərinin həllində istifadəsi ilə bağlıdır və əsas elmi nəticələri cütləşməmiş spini olan maqnit təbiətli komplekslərin, radikalların, mərkəzlərin, para-, superpara-, ferromaqnit zərrəciklərin quruluşu, katalitik xassələrinin tədqiqi sahəsində alınmış və SCİ (Science Citation İndex) bazasına daxil olan jurnallarda, beynəlxalq konfrans və simpoziumların materiallarında çap olunmuşdur. E. H. İsmayılovun rəhbərliyi ilə in situ, katalitik reaksiyaların reallaşdığı şəraitdə aktiv mərkəzlərin identifikasiyasına və onların iştirakı ilə gedən reaksiyaların mexanizminin tədqiqinə imkan verən, spektroskopik (ESR, MS) və adsorbokinetik metodların birgə tətbiqinə əsaslanan eksperimental kompleks yığılmış və onun istifadəsi ilə kataliz sahəsində fundamental və praktiki baxımdan əhəmiyyət kəsb edən elmi nəticələr alınmışdır. Hal-hazırda elmi tədqiqatların əsas istiqamətləri: -Maqnit xassəli mərkəzlərin iştirakı ilə gedən katalitik reaksiyaların, bu reaksiyalarda ölçü effektlərinin tədqiqi; -insitut şəraitdə katalitik reaksiyaların tədqiqinin optik, elektron maqnit rezonansı və xromato-mass-spektrometrik metodların birgə tətbiqi imkanlarının araşdırılması və tədqiqi metodikalarının işlənməsidir.