Fərrux bəy (təq. 1547[1] – təq. 1615) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur.
Fərrux bəy | |
---|---|
| |
Doğum tarixi | təq. 1547[1] |
Vəfat tarixi | təq. 1615 |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | rəssam |
Tələbəsi | Əli Rza[d][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir.
Fərrux bəy 1547-ci ildə Təbriz şəhərində anadan olmuşdur.[3] Moğol hökmdarı Əkbər şahın vəziri Əbül Fəzlin verdiyi məlumata görə Fərrux bəy kalmık tayfasına mənsub idi. Lakin bir sıra mənbələr bu məlumatı təkzib edir və Fərrux bəyin əslən qaşqay olduğunu bildirirlər.[3] Fərrux bəy təhsilini Səfəvi imperiyası daxilində, Xorasan şəhərində almışdı.[4] Mənbələrdə onun haqqında ilk məlumata, I Şah Abbasın saray tarixçisi İsgəndər bəy Münşinin yazdığı Fərrux bəy və qardaşı Siyavuşun, Həmzə Mirzə və Səfəvi şahzadəsi Məhəmməd Xudabəndə ilə dostluğu haqqında hekayədə rast gəlinir.[5]
Fərrux bəy Məşhəd valisi İbrahim Mirzənin emalatxanasında çalışmış, bu zaman "Həft Əvrəng" (Yeddi taxt) əlyazmasının təsvirlərini çəkmişdir. O əlyazmadakı rəsmlərdən biri istisna olmaqla hamısını təsvir etmiş, bu rəsmlərlə öz sənətinə məxsus homojen ikonoqrafik üslub formalaşdırmışdı. Onun ilk əsərlərini İbrahim Mirzənin emalatxanasında iki məşhur rəssamın, Mirzə Əli və Şeyx Məhəmmədin himayəsi altında ərsəyə gətirmiş və onlara həsr etmişdir.[6]
Fərrux bəyin bilinən ilk miniatür işi Əmir Xosrovun "Xəmsə" əsərinin miniatürləridir. O bu işini 1571-1572-ci illərdə Heratda tamamlamışdı. Görünür ki, rəssam həmin illərdə Herat şəhərində yaşayırmış. Ümumiyyətlə rəssam 30 yaşına qədər Təbriz və Qəzvin şəhərlərində saray emalatxanalarında çalışmışdı.[4]
Fərrux bəyin Kabilə nə zaman getməsi ilə bağlı mənbələrdə dəqiq məlumat yoxdur. Lakin ehtimal olunur ki, o Kabildə olarkən, şəhər Əkbər şahın qardaşı Mirzə Məhəmməd Hakimin hakimiyyətində idi.[7]
Fərrux bəyin bu dövrə aid əsərlərinin azlığı səbəbilə Mirzə Məhəmmədin sarayında nə qədər yaşayıb yaratması ilə bağlı kifayət qədər məlumat yoxdur. Lakin İranın Tehran şəhərində, Gülüstan Saray kitabxanasında saxlanılan 2 ədəd illustrasiya rəssamın yaradıcılığının bu dövrünə aid edilir.[8][9]
Onun Moğol sarayına gəlişi ilə bağlı məlumatlar Əbül Fəzlin "Ain-i Əkbəri" adlı əsərində öz əksini tapır. Görünür Əkbər şah Fərux bəy hələ Mirzə Məhəmmədin sarayında çalışərkən onun haqqında eşitmişdi. 1585-ci ildə Mirzə Məhəmmədin vəfatından sonra isə o, rəssamı öz sarayına dəvət edir. Əbül Fəzl yazır ki, Fərrux bəy və digərləri böyük səmimiyyətlə qarşılandı, onlara bahalı geyimlər, atlar, qızıl və rupilər bağışlandı.[10]
Fərrux bəyin Əkbər sarayındakı emalatxanada ərsəyə gətirdiyi ilk illustrasiya Nizami Gəncəvinin “Xəmsə” adlı əsərindən idi. O əsərin 36 rəsmindən 7-si üzərində çalışmışdı.[11] Xəmsə illüstrasiyalarının kompozisiya və üslub texnikası böyük ölçüdə onun Səfəvi himayəsi altında işlədiyi, əvvəlki əsəri olan "Həft Avrəng" dən götürülmüşdü. O həmçinin Əkbər şah tərəfindən sifariş edilən Babur və Əkbərin hakimiyyətinin tarixi sənədi olan Baburnamə və Əkbərnamə üzərində işləmişdir. “Əkbərin zəfərlə Surətə girişi”, “Mir Muizz əl-Mülk və əfqan üsyançısı Bahadur Xan 1567-ci ildə görüşü” illustrasiyaları Fərrux bəyin Əkbərnamə üçün çəkdiyi miniatürlərdən bəziləridir. Baburnamə üçün çəkdiyi illustrasiya “Babur Sultan İmrahim Lodinin sarayında əylənərkən” adlanır.[12]
1590-cı ildə Fərrux bəy Moğol sarayını tərk edir. 1957-ciildə alim Robert Skelton onun Moğol sarayından ayrıldıqdan sonra Bicapur sultanı II İbrahim Adil şahın himayəsi altına keçdiyi iddiasını irəli sürdü. Lakin bu fikir uzun müddət mübahisə səbəbi oldu. Bir müddət sonra sənət tarixçiləri Con Seyler və Ellen Smart onun bu iddasını təsdiqləyən sübutlar aşkara çıxardılar. Belə ki, alimlər İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəlirlər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etdi. Dekkan sarayında bir çox illüstrasiyada Fərrux Hüseyn imzası var. Bu rəsmlərə “İbrahim Adil şah Lut çalır ”(1600), “İbrahim şah Atiş xanın filinə minir”, “Boğa fili ”( 1600-1604), “At və bəy ” (1604) misal göstərmək olar.[13]
1609-cu ildə Fərrux bəy yenidən İbrahim Cahangir hakimiyyəti altındakı Moğol sarayına geri qayıdır. Şah Cahangirin xatiratı adlı kitabda Fərrux bəydən rəqibsiz kimi bəhs olunur və Cahangirin ona 2000 rupi verdiyi bildirilir. Moğol sarayında Fərrux bəy Cahangir şahın topladığı “Gülşən Muraqqa” və “Minto” albomlarının illustrasiyaları üzərində işləyir. Bəy haqqında ən son qeydə Mötəməd Xanın qələmə aldığı “İqbalnamə-i Cahangiri” əsərində rast gəlinir və “kainat məkanında heç bir rəqibi və tayı olmayan” kimi sözlərlə onun bədii fərasətini və yaradıcılığını tərənnüm edir.[14]
Fərrux bəy 1615-ci ildə, Moğol himayəsində olduğu bir vaxtda, Aqra şəhərində vəfat etmişdir. [15]
Bəy yaradıcılığı boyunca Qərbi Asiyanın bir çox çoğrafi bölgələrində, Cənubi Asiyanın kozmopolit saraylarında yaşamış, sənət üslubları və himayədarlarının qarşılıqı əlaqəsindən öz bədii texnikasını təkmilləşdirmək üçün istifadə etmişdi. Onun ilk üslubu Səfəvi hakimiyyəti dövründə, Mirzə Əli və Şeyx Məhəmmədin rəhbərliyi altında çalışarkən Səfəvi rəssamlığı ənənələrinə uyğun idi.[16] Fərdiləşdirilmiş fiqurlu portretlər, mənzərə və geyimlərdə həndəsi naxışlar, memarlığın planar işlənməsi bu dövr illustrasiyalarına xas xüsusiyyətlərdir. “Həft Əvrəng” əsərinə çəkdiyi illustrasiyalarda didaktik və bədii işi gücləndirmək məqsədilə parlaq rənglərdən istifadə olunub. Burada uzadılmış üz çizgiləri və çənə quruluşuları ilə fiqurlar özünəməxsus özəllikləri ilə gözə çarpırlar. Moğol sarayındakı illüstrasiyalarında Fərrux bəy Səfəvi sarayındakı işindən xəbər verən bədii üsullardan istifadə etməyə davam etdi.[17]
Əkbərin zəfərlə Surətə girişi adlı rəsm naxışlı və incə təfərrüatlı memari fonu, şərq çinarı ağacları ilə kontrast əmələ gətirən həndəsi formları, parlaq qızılı səması ilə diqqət cəlb edir.
Fərrux bəy Moğol sarayında hörmətli mövqeyinə görə 1586-1596-cı illər ərzində ərsəyə gətirdiyi bütün rəsmlər üzərində tək işləməyə nail oldu. Beləliklə bu xüsusi imtiyaz rəssama öz yaradıcılıq potensialını tamamilə istifadə etmə imkanı tanıdı.[18]
Fərrux bəyin yaradıclığında gənclər və sufilərin təsvirləri xüsusi yerə malikdir.[19] O, xüsusən də Cahangirin hakimiyyəti altında Babur sarayına qayıtdıqdan sonra gənclərin, şahzadələrin və hörmətli sufi fiqurlarının olduğu bir çox rəsm ərsəyə gətirdi. Bu fiqurları rəngləmək üçün uzun müddət araşdırmalar apardı. Onları əsasən təklikdə və təbiət ilə iç-içə təsvir edən rəssam bununla bu şəxslərin mənəviyyatlarına diqqət çəkirdi. Bu rəsmlərdə görkəmli libaslarda təsvir olunan gənclər, sadə geyimli sufilər dini hisslərin və mənəvi bağın simvolu olan cansız əşyaları və ya çiçəkləri, quşları tutaraq hərəkətsiz dayanıblar.[20]
Mənbələrdə kifayət qədər məlumat olmasa da, Fərrux bəyin rəsm etdiyi yaşlı adam təsvirinin öz portreti olduğu düşünülür. Bəhs edilən dövrdə bu rəssamın öz portreti üzərində çalışması nadir hallarda olan bir hadisə idi. Bu hal onun saraydakı mövqeyindən və ona göstərilən hörmətdən irəli gəlmişdi. Sənətçi bu portretdə özünü çiçəkli bir mənzərənin mərkəzində, əlində asa ilə düşüncəli formada təsvir edir. Digər əsərlərində də gördüyümüz kimi mənzərə bizim yaşadığımız dünyaya aid deyil, xəyali bir yerin təsviridir. Rəsmdəki çiçəkli kollar, üfiqi yerləşdirilmiş bulud çizgisi Dekkan illərindən qalma ünsürləri özündə əks etdirir.[21]