Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı.
Fəxri Mədəniyyət İşçisi | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | döş nişanı |
Təltif edir | |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 10 dekabr 2012 |
Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir.[1] 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi[2] səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur.[3]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir.[3]
Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.[3]