Fazil İbrahimov

Fazil İbrahimov — Qarabağ müharibəsi şəhidi.

Fazil İbrahimov
İbrahimov Fazil Müzəffər oğlu
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan SSR
Vəfat tarixi (22 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahimov Fazil Müzəffər oğlu 30 iyun 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası İbrahimov Müzəffər Sarı oğlu Sadınlar kəndindən ailəsi ilə birlikdə Sumqayıt şəhərinə gəlmiş, müxtəlif zavodlarda işləmişdir. Fazil də bu şəhərdə böyümüş, uşaqlıq illərini burada keçirmişdi, məktəbə ilk addımlarını burada atmışdı.

Sumqayıtdakı 21 nömrəli orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Sumqayıt politexnik texnikumuna daxil olaraq oranın inşaat fakültəsini bitirmişdi. Sonra Almaniyada hərbi xidmətdə olmuş, 1990-cı ildə ordudan tərxis olunub Sumqayıta qayıtmışdı.

"Rahibə" kiçik müəssisəsində ixtisası üzrə işləmişdir. Qarabağ müharibəsinin başlamasından sonra 1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. Çox keçmir ki, onun sorağı Laçının Güləbird, Fingə və digər kəndlərindən gəlir. Qorxubilməz igid əsgər yaralı dostunu döyüş meydanından çıxararkən düşmən snayperinin gülləsinə tuş gəlir. Subay idi. Məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır.

1992-ci il dekabr ayının əvvəlləri idi. Sumqayıt Şəhidlər xiyabanı Qarabağ döyüşlərində şəhid olmuş vətən oğullarını qəbul edirdi. Fazil qırx gün idi ki, uğrunda şəhid olduğu torpağa qovuşmuşdu. Qohumlarımla (Zakir Orucov: Fazil mənim bacım oğlu idi) onun məzarını ziyarət etməyə gəlmişdik. Ziyarətdən sonra mən Fazilin məzarına şəklini vurmaq üçün baş daşı əvəzinə müvəqqəti dəmir sifariş etməyə getdim. Hazırlanmış müvəqqəti baş daşını xiyabana gətirəndə üç-dörd cavan oğlan Fazilin məzarına yaxınlaşdı və onun şəklinə baxanda hərbi geyimli, əli sarıqlı biri dedi ki, bu oğlan mənim yanımda erməni snayperi tərəfindən vuruldu. Bundan sonra bəstəboy oğlan Fazil və dostu Ruslan haqqında bizə aşağıdakıları söylədi:

–Onlar Sumqayıtda bir məktəbdə oxumuş, dostlaşmışdılar. Hər iki gənc–Fazil və Ruslan idmanın müxtəlif növləri ilə məşğul olur, yarışlarda iştirak edirdi. Riqa şəhərində, Leninqradda (Sankt-Peterburq) keçirilən boks yarışlarında iştirak etmişlər. Yaraşıqlı, idmançı bədəninə malik olan Fazilə təbiət hər şeyi bəxş etmişdi. Hündürboylu, pəhləvan cüssəli, iti baxışlı, sakit təbiətli,

yaraşıqlı bir gənc idi. Bu iki dost – Ruslan və Fazil sözləşib 1992-ci ilin oktyabr ayında Sumqayıt şəhər hərbi komissarlığına gəlir.

Buradan onları Mingəçevirə–komanda təlim mərkəzinə göndərirlər. Orada iki gün təlim keçdikdən sonra vertolyotla Laçına aparırlar.

Bu o vaxtlar idi ki, Laçın şəhəri, Laçının Ermənistanla həmsərhəd olan kəndləri ermənilər tərəfindən işğal edilmişdi. Laçının Kəlbəcər səmtdə olan kəndləri Azərbaycan ordusunun, polisinin nəzarəti altında idi. Həmin kəndlərin əhalisi Kəlbəcərdən keçib kəndlərinə qayıtmışdı.

Fazili və yoldaşlarını əvvəlcə vertolyotla Qubadlı tərəfdəki mövqelərə apardılar. Az sonra oradan Qozluya gətirdilər. Buradan da Fingənin müdafiəsinə apardılar. O Ruslanla birlikdə Fingə uğrunda gedən döyüşlərdə iştirak edir.

Ermənilər neçə gün idi ki, aramsız hücum edir, Fingə, Qozlu və digər kəndləri tutmaq istəyirdilər. Ermənilər yaxşı təlim görmüş snayper dəstələrindən istifadə edir, onların köməyi ilə insanları qətlə yetirirdilər. Hər gün yüngül və ağır silahlardan istifadə edərək ordumuzun mövqelərini atəşə tutur, ordumuz da bunun cavabını layiqincə verirdi. Oktyabrın 26-sı günü ermənilər atışmanı daha da şiddətləndirdilər. Məqsədləri ordumuzun mövqelərini tutmaq idi. Fazil və digər yoldaşları döyüşçülərimizin köməyinə gəldilər. Səngərlə Fazilgili kiçik bir təpə ayırırdı. Səngərə yol həmin təpədən keçirdi. Düşmən snayperləri təpəni keçməyə imkan vermirdi. Düşmən qumbaraatan, minaatanlardan, avtomat, pulemyot və digər silahlardan istifadə edərək döyüşçülərimizi təpəni aşmağa qoymurdu…

Növbəti dəfə mərmi bizim səngərə düşdü. Əsgərlərimizdən bir neçəsi həlak oldu. Fazil birdən səs eşitdi. Bu iniltili səs köməyə çağırırdı. Fazil onu tanıdı. Təpəni aşmaq təhlükəli idi. Qəflətən Fazil yerindən sıçradı və bir göz qırpımında təpənin o biri üzünə aşdı. O yaralı dostunun harayına çatmaq üçün həyatını təhlükəyə atmışdı. Az keçmədi ki, Fazil Ruslanı təpənin bizim tərəfdəki üzünə keçirdi, onu təhlükəsiz yerə qoyub əyilə-əyilə geri qayıtdı. O digər yaralı yoldaşlarını çıxarmağa çalışırdı, lakin namərd gülləsi onu təpəni aşmağa qoymadı. Erməni snayperindən açılan atəş Fazili yarı yolda qoydu. Güllə yarası alan Fazil Ruslanı qucaqladı. Yoldaşları onları çəkib aşağı endirdilər. Güllə qarın nahiyəsindən keçmişdi. Ruslan isə həddindən artıq qan itirmişdi. Onlara ilk yardım göstərilsə də Ruslanı qaytarmaq mümkün olmadı, gözlərini əbədi yumdu, Fazili isə təcili olaraq Qozluya, oradan da Mingəçevirə gətirsələr də Fazilə kömək etmək mümkün olmadı. Ona görə də onu vertolyotla təcili Bakıya apardılar. Fazil Bakıda yarım saat sağ qaldıqdan sonra gözlərini əbədi yumdu. Son nəfəsində, onun başı üstündə dayanmış tibb bacısının dediyinə görə, onun son sözü belə olmuşdu:–Mamama deyin mənə çəkdiyi zəhməti halal eləsin…

İstinad[redaktə | mənbəni redaktə et]

Zakir Orucov, Fehruz İsmayılov. "Dağlarda qalan izlər" Bakı, "Elm və təhsil", 2016