Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi.
Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər. Onlar qaynadılmış və hisə verilmiş ərzaqları yeməyə üstünlük verirlər. Fin mətbəxinin digər özəlliyi də var. Burada balıq yeməklərinə, o cümlədən şorbalara süd və ya süd məhsulları vurulur. Fin kişiləri içkilərdən vodkanı daha çox sevirlər. Nadir hallarda isə pivəyə üstünlük verirlər. Qadın finlər isə, kofe xoşlayırlar[1].