Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə.
Qobustan dövlət tarixi-bədii qoruğu | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Qaradağ və Abşeron rayonları |
Əsas tarixlər | 1966 - Qoruq idarəsi yaradılıb |
Üslubu | ibtidai incəsənət |
Sahəsi | 3096 ha |
Vəziyyəti | stabil, muzey kimi fəaliyyət göstərir |
Rəsmi adı: Gobustan Rock Art Cultural Landscape | |
Tipi | Mədəni |
Kriteriya | iii |
Təyin edilib | 2007 |
İstinad nöm. | 1076 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 26 |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Firuz-1 düşərgəsi Qobustanda Kiçikdaş dağının şərq ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş, uzunluğu 20 m, parçasının şərq və şimal tərəfləri altında əmələ gəlmiş, 2–3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir.
Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Düşərgədə Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar. Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz qaldığından örtülməmişdir.
“Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. “Firuz-1” düşərgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər çökəldilmiş sahədə yandırılmışdır.
Düşərgənin arxeoloji materiallarının 7 mindən çoxu Mezolit dövrünə aid təbəqədən əldə olunmuş, çaxmaqdaşı və çaydaşından əmək alətləri və onların istehsal tullantılarından ibarətdir. Daş alətlərin 70 faizdən çoxu çaxmaqdaşından, 20 faizə qədəri çaydaşındandır. Qalanı sümük, dəvəgözü daşı, balıqqulağı, əhəngdaşı və s. materiallardan hazırlanmış alət, bəzək əşyası kimi tapıntılardan ibarətdir. Düşərgənin çaxmaqdaşından hazırlanmış alətləri mikrolitik səciyyəlidir. Onların arasında həndəsi formalı trapeslər çoxluq təşkil edir. Çaxmaqdaşından alətlər uzunsov və ensiz söyüd yarpağı formalı itiucluları, qəlpədən itiləyici dişəklə işlənib düzəldilmiş uclu qaşovlar, işlək uclu itiləşdirilmiş iskənə tipli alətlər, ikiüzlü işlənmiş mizraq ucluğu, bir ədəd şatelperron tipli bıçaq, eləcə də konus formalı, silindr, prizmaşəkilli, karandaşvari nüvələr və s. ibarətdir. Çaydaşından hazırlanmış alətlər arasında işlək ağzı oval formalı və bir üzü qabarıq çopperlər, döymə alətlərinin çoxluğu, zərb alətləri, qaşovlar səciyyəvidir.
Tunc dövrü qalıqlarının örtüyü sahədən kənarda, şərqə tərəf isə alt təbəqənin qalıqlarına, əsasən daş materialına çox nazik təbəqə şəklində, bilavasitə yer səviyyəsindən başlayaraq təsadüf olunmuşdur.
Tunc dövrünə aid edilən mədəni təbəqə iki qata ayrılmışdır. Üst qatdan Tunc dövrünün son mərhələsinə, alt qatdan isə İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Gilinin tərkibinə və hazırlanma texnologiyasına görə fərqlənən gil qab parçalarının üzəri cilalanmışdır. Onların bəzisinin yarımşar formalı qulpu olmuşdur.
“Firuz-1” düşərgəsində kollektiv qəbir 80 №-li daşın şərq tərəfi dibində, örtülü sahədə yerdən 50 sm dərinlik səviyyəsində aşkar edilmiş, alt səviyyəsi mədəni təbəqədən 15 sm dərinə davam edərək qum təbəqəsinə düşmüşdür. 2 kv.m sahəsi olan qəbirdə 11 nəfər – 10 böyük və bir uşaq dəfn olunmuşdur. Skeletlərin sümükləri qarışaraq, qəbir avadanlığı ilə birlikdə yer səviyyəsindən 50-85 sm dərinlik arasında təbəqə əmələ gətirmişdir. Ölülərin sümükləri çox qarışmış olduğundan onların sayını yalnız qazıntıda iştirak edən antropoloq R.M.Qasımovanın köməkliyi ilə kəllə sümükləri əsasında və ölülərin boyunbağı düzümünə görə müəyyənləşdirmək mümkün olmuşdur. 3 və 5 №-li nisbətən yaxşı saxlanılmış kəllə sümükləri və digər kəllə sümüklərinin yerindəcə tədqiqi ilə lazımi ölçülərin götürülməsi əsasında düşərgə sakinlərinin tipi haqqında fikir söyləmək mümkün olmuşdur. Antropoloq R.Qasımova qəbirdə dəfn olunanlardan yeddisinin kişi, üçünün qadın və birinin uşaq olduğunu və kəllə quruluşuna görə onların iki – dolixokran və braxokran (uzun və dəyirmi kəlləli adam) tiplərinə mənsub olduğunu müəyyənləşdirmişdir. R.Qasımovanın tədqiqinə görə “Firuz-1” düşərgəsindəki antropoloji tiplərin müxtəlifliyi müasir azərbaycanlıların baş göstəricilərinin etnogenezi probleminin həllində əsas ola bilər. R.Qasımova dolixokran tip kəllələrin braxokran tip kəllələrdən çox olmasını əsas tutaraq, Mezolit dövründə Azərbaycanda Avropa antropoloji tipinə uyğun dolixokran insanların yaşamış olduğu qənaətinə gəlmişdir.
Tədqiqatlar “Firuz” düşərgəsində dəfn olunanların çox güman ki, təbii fəlakət (zəhərlənmə, yoluxucu xəstəlik və başqa bu kimi) nəticəsində eyni vaxtda ölmüş və eyni vaxtda dəfn olunmuş qəbilə üzvləri olduğu barədə fikir yürütməyə əsas verir. Ölülər düşərgədə qazılmış bir qədər çökək yerə qoyularaq, üstü də həmin yerdən qazılıb çıxarılmış torpaqla örtülmüşdür. Bununla da, düşərgə, qalan sakinlər tərəfindən birdəfəlik tərk edilmişdir. Qəbrin içi və üstünün torpağı nə tərkibi, nə rəngi, nə də qəbir və onun üstünü örtülmüş torpaqda təsadüf edilmiş çaxmaqdaşından qəlpə və alətlər ətrafdakı alt təbəqənin materiallarından seçilmir.
Bu kollektiv qəbirdə ölülər sıx bükülü vəziyyətdə, yanı üstdə dəfn olunmuşdur. Bunu yalnız iki nisbətən yaxşı saxlanmış skeletin vəziyyətinə görə demək mümkündür. Dəfn olunanlar, dövrün dəfn adətlərinə uyğun olaraq, xeyli maddi mədəniyyət nümunələri ilə müşayiət olunmuşlar. Burada hər bir kəllənin yanında aşağıdakı materiallar aşkar edilmişdir: 2, 4 və 5 №-li kəllənin yanından mərmərləşmiş daşdan bir ədəd bir ucundan deşik açılmış iri və ağır, oval formalı balıq toru üçün ağırlıq daşı; 1, 5 və 8 №-li kəllənin yanından 3, 5 və 2 ədəd (cəmi 10 ədəd), tor toxumaq üçün hər iki ucu iti və bir uca yaxın boğmalı sümük alət, bunlardan əlavə 1 №-li kəllənin yanından daha bir ədəd sümük asma, 2 №-li kəllənin yanından boyundan asmaq üçün qabanın qılınc dişləri (hər ikisinin ucu dişəklidir), buynuzdan 60 sm uzunluğunda nizə və ya yer qazmaq üçün alət; qaban dişindən deşikli (20 ədəd) boyunbağı tapılmışdır. 3, 5 və 7 №-li kəllələrin yanında alət tapılmamışdır. Bunlar və uşaq kəlləsi mərmərləşmiş daşdan bütün ölülərin boynunu bəzəmiş silindr formalı uzununa deşilmiş muncuqlardan ibarət boyunbağı ilə müşayiət olunmuşdur. 8 №-li kəllənin boyunbağında daha 9 ədəd öküz dişindən və 16 ədəd kiçik dəniz heyvan qabığından, 9 №-li kəllənin boyunbağında daha 4 ədəd heyvan dişindən və 9 ədəd dəniz heyvan qabığından muncuq dənəsi və balıqqulağından 3 ədəd asma var idi. 9 №-li kəllənin yanından tapıntının qəbir daşından bir əşya, iki yanından xırda daraqvari gəzlər asılmışdır. 10 №-li kəllənin yanına sümükdən 5 ədəd çox nazik, kəsikdə dairəvi, bir ucu iynə kimi iti, əks ucu ağac dəstəyə keçirməklə dayaz sularda balıq vurmaq üçün işlədilmiş karpun alət; bir ədəd yuxarı ucundan beldən asmaq üçün deşik xəncər tipli sümük alət tapılmışdır. Bu kəllənin boyun hissəsində kiçik çaydaşılarından insan ayağı formalı, trapes və paraleloqram şəkilli 3 ədəd asma var idi. 11 №-li qəbirdəki uşağın boynunda 54 ədəd silindr muncuqdan ibarət boyunbağı var idi. Bu cür muncuqlardan ibarət boyunbağıya bütün ölülərin boynunda rast gəlinmişdir.
“Firuz-1” düşərgəsində açılmış kollektiv qəbirdə dəfn olunanlardan 6-nın (1, 2, 3, 4, 5 və 10 №-li kəllələr) yanında balıqçılıqla bağlı alətlərin çoxluğu, göstərilən 10 ədəd tor toxumaq üçün alət, 5 ədəd karpun tipli alət və 3 ədəd ağırlıq daşı (pərsəng) xüsusi diqqət cəlb edir və düşərgənin balıqçı qəbiləsinə aid olduğunu göstərir. Balıqçılıq alətləriylə yanaşı, düşərgənin dəniz səviyyəsinin sahilində olması, (hazırda düşərgə ilə dənizin arasındakı məsafə 1 km-dən azdır) qaya örtüyü divarlarında qədim qayıq təsvirlərinin olması və eləcə də qazıntı nəticəsində mədəni təbəqədən aşkar edilmiş kiçik daşlarda da qayıq şəkillərinin çəkilməsi də “Firuz-1” düşərgəsi qəbiləsinin əsas balıqçılıqla məşğul olduğunu bir daha təsdiq edir. Görünür, Qobustanın Mezolit dövrü sakinləri özlərindən qabaqkı dövrlərdə yaşamış insanlara nisbətən dənizin təbii sərvətlərindən daha çox və səmərəli istifadə etmişlər. Bu qəbilələrin əsas qida mənbəyi balıq ovundan ibarət olmuşdur. Ona görə də Mezolit dövründən təknəvari qayıqlar, avarlar, balıqçılıq qarmaqları meydana gəlir və sürətlə yayılır.
Qobustanda müxtəlif tipli qayıq təsvirlərinin çoxluğu və müxtəlif dövrlüyü, “Firuz-1” düşərgəsində üstündə qayıq təsvir olan daşların Mezolit dövrü təbəqəsindən tapılmış Qobustanın dünya gəmiçiliyinin ən qədim ocağı olduğunu göstərir. Tədqiqatçıların bu fikri ilə məşhur dəniz səyyahı norveçli Tur Heyerdal da razıdır. O yalnız Qobustanın qayalığındakı qayıq təsvirlərini görəndən sonra bu qənaətə gəlmişdir.
Баку, 1965