Foks eksperimenti

Sidni Foksun fikrincə, ilk aminturşular ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürükləniblər. Sonra da tərkibində aminturşular olan qarışıqdakı su yüksək temperatur nəticəsində buxarlanıb. Beləliklə, “quruyan” aminturşular zülalları əmələ gətirmək üçün birləşə bilərlər.

Lakin bu “qarışıq” iddia elm dünyası tərəfindən mənimsənilmədi. Çünki aminturşular Foksun irəli sürdüyü dərəcədə temperatura qarşı müqavimət göstərə bilməzdilər. Aparılan araşdırmalar aminturşuların yüksək temperaturda dərhal məhv olduqlarını üzə çıxarmışdır. Ancaq Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində” saflaşdırılmış aminturşuları quru mühitdə isidərək birləşdirdi. Aminturşular birləşdirilmişdi, ancaq zülallar yenə əldə edilə bilmədi. Əldə etdiyi bir-birinə təsadüfən birləşmiş, bəsit və nizamsız aminturşular halqaları idi və hər hansı bir canlı zülalına bənzəmirdi. Habelə əgər Foks aminturşuları eyni temperaturda saxlamağa davam etsəydi, əmələ gəlmiş yararsız aminturşu halqaları yenidən parçalanacaqdı. Təcrübəni əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller eksperimentində əldə edilmiş aminturşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf aminturşuları istifadə etməsi idi. Lakin Millerin təcrübəsinin davamı iddiasındakı təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız aminturşulardan istifadə etmədi. Foksun sözü gedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki Foksun əldə etdiyi yararsız aminturşu zəncirlərinin (proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə canlıların tərkib hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə olduğu kimi hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Kimya mühəndisliyi xəbərləri”ndə (Chemical engineering news) o dövrdə dərc edilən bir məqalədə Foksun keçirdiyi təcrübə haqqında belə yazılmışdı: "Sidni Foks və digər tədqiqatçılar çox xüsusi isitmə texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində aminturşuları “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər. Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk dövrlərdə bu molekullar, əgər həqiqətən meydana gəlmişlərsə də, onların parçalanmamaları mümkün deyil".[1] Həqiqətən də, Foksun əldə etdiyi “proteinoidlər” həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında mürəkkəb texniki cihazla metal yığını arasındakı qədər fərq vardı. Habelə bu nizamsız aminturşu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları yox idi. Dünyanın o dövrkü şərtləri daxilində yer üzünə gələn sıx ultrabənövşəyi şüaların və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Aminturşuların ultrabənövşəyi şüaların çata bilmədiyi suyun altında mövcud olmaları isə Le-Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar işığında elm adamları arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən molekullar olduğu fikri getdikcə təsirini itirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. S. W. Fox, K. Harada, G. Kramptiz, G. Mueller, "Chemical Origin of Cells", Chemical Engineering News, 22 iyun 1970, səh. 80.