Fokus Qrup

Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir.[1] Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur.

Haqqında[redaktə | mənbəni redaktə et]

Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir.[2] Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur.[3] Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər.

Tarixi[redaktə | mənbəni redaktə et]

Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.[4] İkinci Dünya Müharibəsi zamanı Robert K. Merton təbliğatın effektivliyini fokus qruplarından istifadə etməklə təhlil etməyə başladı.[5] Daha sonra Merton Tətbiqi Sosial Araşdırmalar Bürosu üçün fokus qruplar təşkil etdi. Sosioloqlar tərəfindən fokus qrupların istifadəsi 1980-ci illərdə Mertonun bu metod barədə bir hesabat dərc etdikdən sonra populyarlıq qazandı.

Onlayn fokus qrup[redaktə | mənbəni redaktə et]

Fokus qrupları, əsasən, üz-üzə həyata keçirilir, lakin yeni texnologiyaların inkişafı tədqiqatçılara onlayn olaraq keyfiyyətli araşdırmalar aparmağa imkan verdi. Sinxron və asinxron olan iki növ onlayn metod ortaya çıxdı. Sinxron metodlar tədqiqatçılara canlı müzakirələr aparmağa imkan verir.[6] Sinxron onlayn fokus qruplarla bağlı problemlər arasında bütün iştirakçılar üçün əlverişli vaxt qənaətinə gəlmə problemi və bəzi iştirakçılar üçün əlçatmazlığın mövcud olmasıdır. Asinxron fokus qrup forumlar və e-poçt siyahıları kimi onlayn ünsiyyət vasitəsilə həyata keçirilir. Asinxron onlayn fokus qrupların da özünəməxsus bir sıra çatışmazlıqları var.[7]

Həyata keçirilməsi[redaktə | mənbəni redaktə et]

Əvvəla, müzakirənin keçiriləcəyi məkan müzakirənin gedişatı üçün böyük əhəmiyyət daşıyır. İştirakçıların sayına uyğun olaraq müvafiq ölçülü konfrans zalı, yaxud müəssisə daxilindəki ofis kimi məkan seçilə bilər.[8] İştirakçıların əyləşəcəyi oturacaqlar elə düzülməlidir ki, hər kəs biri-birini görə, rahat söhbət apara bilsin. Müzakirədə istifadə ediləcək köməkçi vasitələr, habelə müzakirənin qeydə alınmasında istifadə ediləcək texnoloji avadanlıq və cihazlar (diktofon, videokamera və s.) təmin edilməlidir. Əsas hissəyə keçməmişdən öncə iştirakçılara müəyyən sosio-demoqrafik göstəriciləri barədə məlumat almaq üçün anket verilə bilər.[3] Bu anketdə iştirakçıların yaşı, əməkhaqqı intervalı və təhsil kvalifikasiyası yer ala bilər ki, bu da tadqiqatçıya iştirakçıların fikirləri ilə onların həyat təcrübəsi arasında əlaqə yaratmağa bir xeyli kömək ola bilər. İştirakçılara qələm və vərəq verilməlidir ki, onlar müzakirə vaxtı ortaya çıxan məsələlərlə bağlı fikirlərini qeyd etsinlər. Tədqiqatçı əvvəlcədən müəyyən olunan suallarla müzakirəni müəyyən istiqamətə yönəltsə də, lazım gəldikdə planlaşdırılmayan suallardan da istifadə etmək imkanı mövcuddur. Sualların tipi açıq olub, sayı mövzudan və məqsəddən asılı olaraq 2 ilə 10 arası dəyişaə bilsə də, bəzən daha çox ola bilər.[3] Müzakirə vaxtı lövhədən istifadə etmək də məsləhət görülür.

Üstün cəhətləri[redaktə | mənbəni redaktə et]

Fokus qrup çoxsaylı insanların qısa müddət ərzində bir məkan daxilində fikirlərini öyrənmək üçün sərfəli və əlverişlidir. Bununla yanaşı, qarşılıqlı söhbət vaxtı iştirakçılar tədqiqatçının öncədən düşünmədiyi, lakin maraq kəsb edən fikirlərini səsləndirə bilərlər. Eləcə də iştirakçılar unutduqları, yaxud haqqında danışmağı düşünmədikləri məsələlər barədə digərlərindən eşidə, həmin məsələ barədə danışmağa qərar verə bilərlər. Həmçinin qarşılıqlı müzakirənin aparıldığı şəraitdə respondentlərin yalan danışmaq imkanları da müəyyən mənada məhdudlaşır. Son olaraq, kiçik icmanın, yaxud qrupun fikirlərini öyrənmək üçün xüsusilə münasibdir.[9]

Çatışmazlıqları[redaktə | mənbəni redaktə et]

Bu məlumat toplama metodu həssas mövzuların müzakirəsi üçün uyğun deyil. Birdən çox şəxsin eyni məkanda iştirakı ilə aparılan fokus qrup müzakirəsində qarşıya çıxan müəyyən etik məqamlar da var ki, məsələn, fokus qrup şəraitində məxfiliyin tam təminatı, demək olar ki, mümkün deyil. Azsaylı respondentlərin müzakirəni öz təsiri altına alması digər iştirakçıların danışmasına maneə törədə bilər. İştirakçılar təbii şəraitdə olmadığından davranış və rəylərini tədqiqatçı və qrupa uyğun formada dəyişdirə bilərlər ki, bu da əldə edilən məlumatların düzgünlük payını azaldır.[10]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. What is a focus group?, https://www.b2binternational.com/research/methods/faq/what-is-a-focus-group/ Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine (son baxış 28 Mart, 2021).
  2. İnqilab Şahbazov, Tədqiqat Metodları, 220 (2019).
  3. 1 2 3 Yenə orada.
  4. Michael Bloor, Jane Frankland, Michelle Thomas & Kate Robson, Focus Groups in Social Research (2001).
  5. Focus Group, https://en.wikipedia.org/wiki/Focus_group Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine (son baxış 28 Mart, 2021).
  6. Online focus groups and qualitative research in the social sciences: their merits and limitations in a study of housing and youth (2015), https://extra.shu.ac.uk/ppp-online/online-focus-groups-and-qualitative-research-in-the-social-sciences-their-merits-and-limitations-in-a-study-of-housing-and-youth/ Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine (son baxış 28 Mart, 2021).
  7. Roger J. Rezabek, Online Focus Groups: Electronic Discussions for Research, 1:1 FQS (2020). Bax: http://www.qualitative-research.net/index.php/fqs/article/viewFile/1128/2510 Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine (son baxış 28 Mart, 2021).
  8. Yuxarıda istinad 2, 225.
  9. Yuxarıda istinad 2, 234.
  10. Yuxarıda istinad 2, 232–233.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]