Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi.[1][2] Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər.[3] Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu.[4]
Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı.[5] O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib. Bu isə bölgədə ekoloji problemlərə yol açıb. E.Kozlovskiy. Baltikyanı fosforit hövzəsi / Прибалтийский фосфоритоносный бассейн. Moskva. ISBN 5-85270-007-X.
1970-ci illərdə SSRİ rəhbərliyi Lyaene-Virumaa bölgəsində yataqların işlənməsinə maraq göstərdi. Əvvəlcə Toolse yataqlarının işlənməsinə maraq göstərilsə də sonradan Rakveredə olan yataqlara diqqət göstərilir. Yataqların işlənməsi ilə bağlı planları ictimaiyyətə xəbər verməsələr belə ilk mərhələlərdən bu yataqların işlənməsi ilə bağlı müzakirələrdə iştirak edən eston alim və ekoloqlar ətraf mühitin çirklənməsi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Onların arasında Estoniya Elmlər Akademiyasının üzvü Endel Lippmaa da var idi.
Fosforit yataqlarının istifadə olunacağı ilə bağlı xəbərlər geniş kütləyə 25 fevral 1987-ci ildə əyan oldu. Məhz bu günü Fosforit müharibəsinin başladığı gün kimi qəbul edirlər. Bu tarixdə Estoniyanın şimalında yerləşən yataqların işlənməsi ilə bağlı eston televiziyası tərəfindən xəbər verilir.[2] Estoniyanın kommunist partiyası son qərarın estonlardan asılı olduğunu desə də, yataqların işlənməsi ilə bağlı planlar artıq hökumət tərəfindən təsdiqlənmişdi.
Yeni yataqların işlənməsinə qarşı imzalar toplandı etirazlar edildi.[1] Etirazların ən böyüyü 1987-ci ilin yazında baş verdi. Əmək günü münasibətilə keçirilən ənənəvi nümayişdə Tartu universitetinin tələbələri üzərində etiraz yazıları olan sarı köynəklərlə meydana çıxmış və fosforit yataqlarının işlənməsinə qarşı şüarlar səsləndirmişlər.[1]
8 may tarixində Priyt Payarn Sirp ja Vasar ("Oraq və çəkic") qəzetində "Ancaq peyin" adlı karikaturanı çap etdirdi. Bu karikaturada kəndli öz torpağına Estoniyanın coğrafi ərazisi formasında peyin atır. Karikatura tez tez müzakirə edilirdi və Estoniya tarixində nəşr edilmiş ən tanınmış karikaturalardan birinə çevrildi. Yataqların işlənməsinə qarşı mübarizə qələbə ilə nəticələndi və 18 sentyabr 1987-ci ildə sovet hökuməti bu planlarından vaz keçdi. Fosforit müharibəsinin rəsmi sonu bəlli deyil lakin bu hərəkat növbəti 1988-ci il ərzində sakitləşdi.
Müharibənin gözlənilməz nəticələri ölkənin həyatında böyük rol oynadı. Fosforit müharibəsi xalq kütlələrini və birlikdə hərəkət etməyin mümkünlüyü hissini oyatdı, rejim qarşısında qorxunun yox olmasında əsas rol oynadı.[2] Ümumilikdə bu müharibə Estoniyada sovet hökumətinin sabitliyinin pozulmasının əsas səbəblərindən biri oldu.
Bölgədə fosforit çıxarılması mövzusu bu müharibədən sonra bir daha qaldırılmayıb. Şirkətlərin təkliflərinə isə hökumət yox cavabı verib. Ancaq 2016-cı ildə Estoniyanın Ətraf Mühit Nazirliyi xəbər verdi ki, bir çox faydalı qazıntıların o cümlədən də fosforitin tapılması və çıxarılması ilə bağlı işlər aparıla bilər.