Fransa Politexnik Məktəbi (fr. École Polytechnique) — mühəndislər hazırlayan ali məktəb.
Fransa İnqilabından sonra 1794-cü il iyulun 11-də İctimai Qurtuluş Komitəsi Dövlət İşləri Komitəsini toplayaraq yeni məktəb yaradılması haqqında qərar qəbul edir. Təhsil müəssisəsinə Dövlət Qulluğu Məktəbi adı verilir və Pale-Burbon binasında yerləşdirilir. Burada dərs demək üçün ölkənin ən görkəmli alimləri seçilir, şagirdlər isə bütün Fransa üzrə keçirilən müsabiqə yolu ilə qəbul olunur. Məktəbdə ilk dərs 1794-cü il dekabrın 21-də keçilir. Şagirdlər maddi çətinlik çəkməsinlər deyə onların Parisə gəlmək üçün yol xərcləri ödənilir, 900 frank məbləğində isə təqaüd verilir. Məktəbin fəaliyyətinin birinci ilində bura müxtəlif yaşda və savadda 400 nəfər şagird qəbul olunur. İlk üç ay onlara "inqilab dərsləri" keçilir, təhsil iki il davam edir[1].
1795-ci ilin sentyabrında Dövlət Qulluğu Məktəbinin adı dəyişdirilərək Politexnik Məktəb olur. Məktəbin məqsədi şagirdlərə riyaziyyat, fizika və kimya yönümlü mükəmməl təhsil verərək onları xüsusi dövlət qulluğu ali təhsil ocaqları olan Artilleriya və Mühəndislik, Şaxta, Körpü və Yollar məktəblərinə hazırlamaqdan ibarət idi[1].
1784-1804-cü illər ərzində Politexnik Məktəbini riyaziyyatçılar Simeon Deni Puasson, Lui Puanso, fiziklər Jan-Batist Bio, Oqüsten Frenel, kimyaçı Lui-Hey Lüssak, astronom Fransua Araqo və s. kimi dahi alimlər bitirir. Fransa imperatoru Napoleon Bonapart Misirə elmi-hərbi ekspedisiyası zamanı özü ilə Politexnik Məktəbin müəllimləri Qaspar Monj və Lui Bertolleni, eləcə də 42 nəfər tələbəni götürdükdən sonra məktəbinin şöhrəti daha da artır. 1804-cü ildə Napoleon Bonapart məktəbə hərbi status verir və "Vətən, Elm və Şöhrət üçün" şüarı müəyyən edir[1].
I Dünya müharibəsi zamanı məktəb hospitala çevrilir və burada yaralılar müalicə edilir. Məktəbin 200 tələbəsi müharibədə həlak olur. II Dünya müharibəsi dövründə isə Politexnik Məktəbi azad (müharibə getməyən) zona olan Liona köçür[1].
Müharibə bitdikdən sonra ali təhsil ocağı tədricən bərpa olunmağa və ölkəsinə xidməti davam etdirməyə başlayır. 1970-ci ildə məktəb Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət müəssisəsinə çevrilir. 1972-ci ildən Politexnik Məktəbə qızlar qəbul edilir. 1976-cı ildə məktəb təəssüflə Sent-Jenevyev dağını tərk edir və Parisin cənub-qərbindəki Palezo şəhərətrafı qəsəbəsində geniş və rahat binaya köçürülür. Məktəbdə yeni-yeni elmi tədqiqatlar aparılır, tədrisin səviyyəsi yüksəlir[1].
1985-ci ildən Politexnik Məktəbdə elmi dərəcələr verilməyə başlanılır. Politexnik Məktəbdə Fransa dövlətinə qulluqçular hazırlandığı üçün burada təkcə Fransa vətəndaşları təhsil alır. Yalnız 1995-ci ildən başlayaraq ali məktəbə müsabiqə yolu ilə əcnəbi tələbələr qəbul edilir. 2000-ci ildə Politexnik Məktəbdə tədris islahatları aparılır və 4 illik təhsil qəbul olunur. 2005-ci ildən isə ali məktəbdə magistr dərəcəsi verilir[1].
2015/16[2] | 2014/15[3] | 2013/14[4] | 2012/13[5] | 2011/12[6] | 2010/11[7] |
---|---|---|---|---|---|
40 | 35 | 41 | 41 | 36 | 36 |