Fuad Ələsgərov (riyaziyyatçı)

Fuad Tağı oğlu Ələsgərov (23 yanvar 1951, Bakı) — Texnika elmləri doktoru, professor. Rusiya “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin ali riyaziyyat kafedrasının müdiri.

Fuad Ələsgərov
Ələsgərov Fuad Tağı oğlu
Doğum tarixi 23 yanvar 1951(1951-01-23) (73 yaş)
Doğum yeri
Elmi dərəcəsi
Elmi adı
Təhsili

Ələsgərov Fuad Tağı oğlu 1951-ci il yanvarın 23-də Bakıda anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika- riyaziyyat fakültəsini bitirib. 1975-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda (İPİ) təcrübəçi, aspirant, kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, həllərin seçimi və analizi laboratoriyasının müdiri işləyib.

F.Ələsgərov 1981-ci ildə REA İPİ-də “sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə “İnterval seçim” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə “Lokal aqreqatlaşdırma modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.[1]

F.Ələsgərov Avropa ölkələrinin və ABŞ-nin bir çox universitetlərində, məsələn, Kaliforniya Texnologiya Universitetində (1992, 1994-1995, Pasadena, ABŞ), Bosfor Universitetində (1995-2001, İstanbul, Türkiyə), “Paris I” Universitetində (2002, Fransa), Turku Universitetində (2004, Finlandiya), Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzində (2006, 2007, Turin, İtaliya) dəvətli professor işləyib.

F.Ələsgərov 2003-cü ildən “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsində ali riyaziyyat kafedrasının müdiridir.

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.