Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir.
Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir.
Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər.