Göy qurşağı — atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə. Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs bənövşəyi olur.[1]
Bir çox mədəniyyət göyqurşağını cənnət ilə dünya arasındakı körpü olaraq görməkdədir. Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göy qurşağı qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. İran müsəlmanlarına görə göyqurşağındakı rənglərin hər birinin bir mənası vardır. Yaşıl bolluq, qırmızı döyüş, sarı isə ölüm mənasını verir. Sibirdə göyqgurşağının Günəşin dili olduğu düşünülür. Cənubi Amerika aborigenləri isə göyqurşağının dənizin üzərində görülməsinin bir şans olduğuna inanırlar.