Göydərə xromit yatağı

Göydərə xromit yatağıKəlbəcər rayonu ərazisində Subulaq çayının yuxarı axarında yerləşən yataq.

Yataq daxilində filiz kütlələri peridotitlərin, qabro-anfibolitlərlə təmasına paralel qövsvari uzanan linza şəkilli dunit kütləsində yerləşir. Dunit zonasının uzunluğu 350 m, qalınlığı isə 15 m.-ə qədərdir. Xromit filiz kütlələri yuvalardan ibarət olub dunit zonası boyunca zəncir formasında yerləşir. Zonanın cənub-şərq qurtaracağında xromit yuvalarının böyük yığımı müşahidə olunur. Filizlərin əsas mineralı Xrom şpinelit, olivin və titanomaqnetitdir. Filizləşmənin tərkibinə ikinci dərəcəli minerallardan Ni-sulfidləri və silikatları, sərbəst mis və maqnetit iştirak edir.

Digər xromit yataqlarında olduğu kimi bu yataqda da filiz kütlələri maqmanın diferansasiyası və kristallaşması nəticəsində yaranaraq əsasən dunitlərdə və peridotitlərdə lokallaşırlar. Filiz kütlələri morfoloji cəhətdən linzalar və yuvalar əmələ gətirirlər.

Göydərə xromit yatağı genezisinə görə gec maqmatogen tipə aid edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • E.Səfərov. Kiçik Qafqazın faydalı qazıntı yataqları. Bakı: 2012, səh.36