Göz hipertenziyası — klinik termindir və görmə sinirinin zədələnməsi və görmə qabiliyyətinin itirilməsi olmadığı hallarda göz daxili təzyiqin yüksək olmasını ifadə edir.[1][2] Bir çox insanlar üçün göz daxili təzyiqin normal aralığı 10–21 mm civə sütunu arasındadır. Bu göstəricinin aşılması qlaukomanın inkişafı üçün əhəmiyyətli risk faktorudur.[3][4] Göz hipertenziyası ilə bağlı araşdırmalar, çoxmərkəzli randomizə edilmiş klinik sınaqlar göstərdi ki, vaxtında müalicə göz hipertenziyasının açıq bucaqlı qlaukomaya çevrilməsini ləngidir. Beləliklə, göz daxili təzyiqi ardıcıl olaraq 21 mm civə sütunundan yüksək olan şəxslər qlaukomanın səbəb olduğu görmə itkisinin qarşısını almaq üçün tədbirlər görməlidirlər.[5]
Göz daxili təzyiq siliyer cismin ifrazı nəticəsində əmələ gələn mayenin miqdarı ilə trabekulyar şəbəkə vasitəsilə gözdən çıxarılan mayenin miqdarının fərqi ilə müəyyən edilir.
Göz hipertenziyası göz damcıları və ya lazer müdaxiləsi vasitəsilə aradan qaldırılır. Göz damcıları göz daxili təzyiqi, göz daxili mayenin ifrazını azaldır. Lazer trabekuloplastikası göz daxili təzyiqi trabekulyar şəbəkə vasitəsilə göz mayesinin axmasını artırmaqla azaldır. Marixuanadan göz hipertenziyası və ya qlaukomadan qaynaqlanan göz daxili təzyiqi azaltmaq üçün istifadə edilsə də, bu üsul effektiv bir üsul sayılmır.[6]