Güllüqoruq (Çaqqallı) — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri.
Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə yerləşir. Onun şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik, cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi, qərb tərəfini Covurluçay, şərq tərəfini Qocalançay sərhədləndirir. Covurluçay Güllüqoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır.
İndiki zamanda Güllüqoruq 50 hektaradək sahəsi olan əkin yeridir. Əkin sahəsinə çevrilməzdən əvvəl burada yastı təpələr, qədim qəbristanlıq, pir yerləri və həddindən artıq cırlaşmış qızılgül kolları olmuşdur. Məhz qızılgül kollarına görə yerli əhali buranın bir hissəsini Güllü qoruq adlandırmışdır. Bu qoruq yararlı əkin sahəsinə çevrildikdən sonra kəsəyənlə qidalanmaq üçün bura çoxlu çaqqal gəldiyinə görə yerli əhali buranı eyni zamanda Çaqqallı tala da adlandırmağa başlamışdı. 1959-u ildə Güllü qoruqda təsərrüfat işləri zamanı buradakı yastı təpələrdən biri dağıdılmışdır. Təpəliyin altından üzə çıxan çoxlu miqdarda kirəmit qırıqlar və daş sütun altlıqları diqqəti cəlb etmişdir. Ona görə də Qəbələ arxeoloji ekspedisiyası 1959-cu ildən etibarən Güllü qoruq ərazisini də öyrənməyə başladı. Buradakı arxeoloji qazıntılar genişləndirildikdən sonra daş möhür, çiy kərpicdən divar qalıqları və s. maddi mədəniyyət qalıqları tapılmışdır. Burada 500 kv metrdən artıq bir ərazini əhatə edən nəhəng saray binasının qalıqları və çoxlu sütun altlıqları aşkarlanmışdır. Tədqiqatçıların əksəriyyəti bu abidənin Qəbələ şəhər xarabalğna yaxın məsafədə yerləşməsini nəzərə alaraq onu qədim dövrdə Qəbələnin məbud sahəsi və bazar meydanının yerləşdiyi ərazi hesab edirlər və burada e.ə. I minilliyin təxminən ortalarından başlayaraq eramzın I minilliyinin axırlarına qədər şəhərtipli yaşayış yeri olduğunu bildirirlər.
Qeyd etmək lazımdır ki, Qəbələ şəhər xarabalığının yaxın ətrafında Çaqqallı abidəsindən başqa Seyidtala, Uzuntala]], Qaratəpə kimi qədim yaşayış yerləri də vardır. Bu abidələr heç şübhəsiz, qədim Qəbələnin həmdövr yaşayış yerləridir.