Gülnarə Əhmədova (tam adı: Gülnarə Allahverdi qızı Əhmədova; 20 oktyabr 1959, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru.[1][2]
Gülnarə Əhmədova | |
---|---|
Gülnarə Allahverdi qızı Əhmədova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | baş elmi işçi |
İş yeri | |
Təhsili |
Gülnarə Allahverdi qızı Əhmədova 1959-cu il oktyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakıdakı 134 №-li orta məktəbi bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1982-ci ildə həmin fakültəni "Neft və qazın kimyəvi emalı" ixtisası üzrə bitirmiş (ona mühəndis kimyaçı-texnoloq kvalifikasiyası verilmişdir), təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) işə göndərilmişdir. Elmi fəaliyyətə akademik V.S.Əliyevin rəhbərlik etdiyi laboratoriyada mühəndis vəzifəsində başlamışdır. 1986–1989-cu illərdə həmin laboratoriyada qiyabi aspirantura təhsili keçmiş, akademik V.S.Əliyevin və k.e.n. Z.H.Əsədovun rəhbərliyi ilə dissertasiya işini yerinə yetirmişdir. G.A.Əhmədovanın namizədlik işi neft sənayesində müxtəlif məqsədlərlə istifadə oluna bilən akrilat tipli oliqomer və polimer təbiətli yeni səthi-aktiv maddələrin (SAM) alınmasına, tədqiqinə və tətbiqinə yönəldilmişdir. Alınmış SAM-lar yeraltı laylardan neftin sıxışdırılıb çıxarılma əmsalının artırılmasında, neft quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərinin stabilləşdirilməsində, qazma zonasının izolə edilməsində, ətraf mühiti hidrogen sulfidlə çirkləndirən sulfatreduksiyaedici bakteriyaların həyat fəaliyyətinin qarşısının alınmasında yüksək effektivlik göstərmişlər. 1991-ci ildə Ümumittifaq Elmi-tədqiqat "Olefinlər" İnstitutunda "Yüksək molekullu birləşmələr kimyası" ixtisası üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
1992-ci ildən elmi fəaliyyətini elmi işçi, 1995-ci ildən böyük elmi işçi, 2002-ci ildə aparıcı elmi işçi vəzifəsini icra edən kimi davam etdirmişdir. 2003-cü ildə isə kimya elmləri doktoru, professor Z.H.Əsədovun rəhbərlik etdiyi "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının aparıcı elmi işçi, 2013-cü ildə baş elmi işçi vəzifəsinə təsdiq edilmişdir.
2000-ci ildə "Yüksək molekullu birləşmələr kimyası" ixtisası üzrə baş elmi işçi elmi adı almışdır.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının NKPİ-da "Ali birəsaslı karbon turşuları və spirtlər, azotlu əsaslar və epixlorhidrin əsasında oliqomer səthi aktiv maddələrin alınması və xassələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. "Neft-kimya" ixtisası üzrə yerinə yetirilmiş bu iş hidrosferi və atmosferi xeyli çirkləndirən, su-hava sərhədində qaz və enerji mübadiləsini pisləşdirməklə nəticədə ekoloji tarazlığı pozan və ətraf mühit üçün təhlükə mənbəyi olan nazik neft təbəqələrini su hövzələri səthindən effektiv şəkildə kənar etməyə imkan verən yeni səthi-aktiv neftyığıcı və neftdispersləyici reagentlərin sintezi, tədqiqi və tətbiqinə həsr edilmişdir.
Alınmış effektiv SAM-lar ətraf mühitin təmizliyinin qorunması üçün vacib olan neftyığma və dispersləmə qabiliyyətinə malikdir ki, bu, "Neftqazelmitədqiqatlayihə" İnstitutunda laboratoriya, "Neft Daşları" və "Muradxanlı" Neftqazçıxarma idarəsində, "Xəzərdənizneftdonanma" idarəsinin Gəmi Təmiri zavodunun akvatoriyasında təcrübə-sənaye sınaqları ilə təsdiq edilmişdir.
G.A.Əhmədova 270-dən artıq elmi əsərin, o cümlədən 4 kitabın və 7 elmi ixtiranın həmmüəllifidir. Onun elmi məqalələri Rusiya, ABŞ, İngiltərə, Cənubi Koreya, Türkiyə, İran və digər ölkələrin tanınmış jurnallarında dərc edilmişdir. Onun bir çox elmi forumlara təqdim etdiyi məruzə materialları və tezisləri Almaniya, Fransa, İtaliya, Çin, Avstriya, Çexiya, Sloveniya, Avstraliya, Rusiya və bir sıra başqa ölkələrdə çap olunmuşdur.[3][4]