Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək.
Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır:
1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub.
2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir.
3. "İsm" — süstlük etmək, geridə qalmaq və məhrum olmaq mənasında işlənir. Bu kəlmənin günah mənasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. "İsm" kəlməsi də Quranda 48 dəfə təkrar olunub.
4. "Səyyiə" — Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. Ərəb dilində "səyyiə" sözü xoşbəxtlik mənasını verən "həsənə" sözünün antonimidir. Bu ifadə də Quranda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə kökündən olub, pis mənasını daşıyan "suu" sözü də Quranda 44 dəfə gəlmişdir.
5. "Cürm" — əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mənasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə "cürm" deyilir.
6. "Haram" — Qadağan olunmaq mənasını verir. Məsələn: Haram sözündən alınmış və hacılara məxsus geyim növü olan "ehram" paltarı (insanın həcc və ümrə əməllərini yerinə yetirən zaman geydiyi "ehram" paltarı) ona bir sıra işləri qadağan edir. Eləcə də İslamda müharibənin qadağan olunduğu aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında müharibə etmək, dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin özünəməxsus ehtiramı olduğu üçün ona Məscidül-haram adı verilmişdir. Elə buna görə də kafirlərin onun içinə daxil olması qadağandır. Bu ifadə Quranda 75 dəfə təkrar olunub.
7. "Xətiiə" — Adətən, insanın ixtiyarsız halda mürtəkib olduğu günahlara deyilir. Lakin bəzi vaxtlar, o cümlədən "Bəqərə" surəsinin 81-ci və "Əlhaqqə" surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə böyük günahlar mənasında işlənmişdir. Əslində isə "xətiiə" sözü günah nəticəsində insanın ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan saxlayır, hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Quranda 22 dəfə rast gəlirik.
8. "Fisq" — əslində xurma dənəsinin qabıqdan çıxmasına deyilir. Bu kəlmənin günah mənasında işlənməsi insanın günah edərkən Allaha bəndəçilik və itaətdən xaric olmasına işarədir. Günahkar insan öz əməli ilə Allahın əmrini pozur və Onun hörmətinə xələl gətirir. Bu kəlmə ilə Quranda 53 dəfə günaha işarə olunmuşdur.
9. "Fəsad"- İnsanın həyatda normal vəziyyətdən çıxmasına deyilir ki, insanın fitri istedadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sözü Quranda 50 dəfə gəlmişdir.
10. "Fücur"- İnsanın abır, həya və mənəviyyat pərdələrinin parçalanmasına deyilir ki, bunun da nəticəsi rüsvayçılıqdan başqa bir şey deyildir. Bu söz Quranda 6 dəfə təkrar olunub.
11. "Münkər" — İnkar sözündən olub uyğunlaşmayan mənasını verir. İnsanda olan sağlam ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə görə günaha münkər deyilir. Adətən, bu söz "nəhy əz münkər" (başqalarını pis işlərdən çəkindirmək) ünvanında işlənir. Quranda bu kəlmə ilə 16 dəfə rastlaşmaq olar.
12. "Fahişə" — Pisliyində heç kəs şübhə etməyən nalayiq sözlərə və pis əmələrə deyilir. Bəzi vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da işlənir. Bu söz Quranda 24 dəfə təkrar olunub.
13. "Şərr"- Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir. Bunun əksi müqabilində xeyir sözüdür ki, bu da camaatın əksəriyyətinin bəyənib əməl etdiyi işlərə deyilir. Həmçinin, insanların daxili hissləri və fitri duyğuları ilə zidd olan günaha şərr deyilir. Bu kəlmə çox vaxt insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bəzi yerlərdə günaha şərr deyilir. O cümlədən Qurani-kərimin "Zilzal" surəsinin 8-ci ayəsində "şərrən" ifadəsi günah məqsədini bildirmək üçün işlədilmişdir.
14. "Ləməm" — Günaha yaxınlaşmaq mənasınadır. Eləcə də "az" mənasını da daşıyır. Bu səbəbdən də kiçik günahlara "ləməm" deyilir. Bu kəlmə Quranda təkcə bir yerdə ("Nəcm" surəsinin 32-ci ayəsində) gəlmişdir.
15. "Vizr"- Ağırlıq mənasınadır. Vəzir hökumətin ağır işlərini öhdəsinə götürən şəxsə deyilir. Günahkar insan öz günahları ilə, ağır bir yükü öz üzərinə götürür. (Məlumdur ki, bəzi insanlar bunu öz təcrübələrində müşahidə ediblər.) Lakin o, bu həqiqətdən qafildir! "Vizr" sözü Quranda 26 dəfə gəlmişdir. Quranın bəzi ayələrində yenə də ağırlıq mənasını verən "siql" sözü də günah mənasında işlənib. "Ənkəbut" surəsinin 13-cü ayəsi bu nümunədən biridir.
16. "Hins" — əslində batil və qəbahətli sayılan işlərə meyilli olmaq mənasını verir. Lakin söz verdikdən sonra əməl etməməyə də "hins" deyilir. İnsanın dinə, öz sözünə əməl etməməsi, əhdinə vəfasız çıxması böyük günahlardan sayılır. Bu kəlmə Quranda iki dəfə gəlmişdir.