Güvə yarpaqbükəni

GÜVƏ YARPAQBÜKƏNİ lat. Choreutis nemorana (Hübner, 1799)-Mikrolepidopterlərin Choreutidae fəsiləsinə daxil olan Choreutis nemorana növünü ilk dəfə Hübner 1799-cu ildə Avropadan təsvir etmişdir.

Güvə yarpaqbükəni
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Yayılması[redaktə | mənbəni redaktə et]

Ch.nemorana Kanar adalarından Aralıq dənizi bölgələrinə, Şimali Afrikadan Asiyaya qədər bütün ərazilərdə rast gəlinir [1]. Avropada xüsusilə Avstriya, İsveç və cənubi Almaniyada daha çox ziyan vurur [2, 3]. Ilk dəfə İsveçdə 2005-ci ildə, Almaniyada və Avstriyada isə 2006-cı ildə qeydə alınıb və əncirin potensial ziyanvericisi hesab olunur [4]. Azərbaycanda Ch.nemorana üzərində mütamadi müşahidələr aparılmış və xüsusilə Bakı şəhərində, Abşeron yarımadasının Mərdəkan, Bilgəh, Kürdəxanı, Pirşağa, Buzovna və s. qəsəbələrində, eyni zamanda Lənkəran, Astara, Dəvəçi və Füzuli rayonlarında ziyanvericinin tırtıl, pup və yetkin mərhələləri qeydə alınmışdır (Məhərrəmova, 2012 ). Morfoloji xüsusiyyətləri: Ch.nemorana-nın yumurtaları 0.5 mm-dir, dəyırmıdır, qəhvəyi-ağ rəngdədir. Tırtılları yaşılımtıl-sarıdır, üzərində sıra ilə qara nöqtələr var, ölçüsü 18–20 mm-dir. Pupu barama işərisində yerləşir, tünd qəhvəyi rəngdədir və ölçüsü 10–12 mm-dir. Baramaları ağ rəngdədir ölçüsü pupdan xeyli böyükdür (şək.1, ç). Ch.nemorana baramanı özünəməxsus formada hörür. Belə ki, barama bir-birindən çox səliqə ilə ayrıla bilən 4 və ya 5 qatdan ibarət olur. Hər bir qat özlüyündə çox zərif hörülmüş və bir-birinin içərisinə yerləşdirilmiş baramalardan ibarətdir (şək.1, d). Ch.nemorana yetkin fərdləri ölçücə kiçik kəpənəklərdir, qanadları genişdir, açılmış halda ölçüsü 16–20 mm-dir (şək.1, e). Quruluşuna görə yarpaqbükənlərə bənzəyir, ancaq onlardan fərqli olaraq gündüz aktiv olurlar və qanadlarını sakit halda qatladıqda qanadları yarpaqbükənlərdə olduğu kimi evcik forması deyil, üstdən düz forma alır. Erkək və dişi fərdlər arasında cinsi dimorfizm mövcuddur – bu, dişilərin ölçülərinin və qarıncığının böyük olması ilə müşahidə olunur.

Bio-ekoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Ch.nemorana yetkin mərhələdə qışlayır. Tırtılları monofaq olub, yalnız əncir (Ficus carica L.(Moraceae)) bitkisi ilə qidalanır. Əsasən qulluq görməyən və tək-tək bitən ağaclara üstünlük verirlər. Tırtılları yarpağın üst səthində xüsusilə orta damar boyunca damarın sağ və sol tərəfini torla birləşdirir və orda həm yarpaq ayasının yaşıl kütləsi ilə qidalanır, həmin hissələri skeletləşdirir və həm də mudafiə olunur (şəkil 1, a,b). Tırtıllar çox aktiv və həssasdırlar. Adi halda çox sakit görünsələr də, onlara toxunduqda və ya bir təhlükə hiss etdikdə çox aktiv hərəkət edirlər. Tırtıllar narahat edildikdə yarpaq büküşündən çıxaraq özlərini qorumaq üçün ağızlarından ifraz etdikləri nazik torla aşağı sallanırlar. Tırtıllar bir yarpaqla damar boyu qidalandıqdan sonra digərinə keçirlər. Hər bir əncir yarpağında Ch.nemorana –nın bir ədəd tırtıl və ya pupuna rast gəlmək mümkündür. Ona görə də adətən yarpaqlar üzərində tırtılların qurduğu torlara və tora yapışmış ekskrementlərə rast gəlinsə də çox vaxt belə yarpaqların hamısında tırtıllar olmur. Tırtıllar əvvəlcə bitkinin gövdəsinə yaxın pöhrələrdəki cavan yarpaqlarla qidalanırlar. Onlar əvvəlcə yarpaq ayasının uc hissələrinə üstünlük verirlər ki, bu da yarpağın uc hissələrinin daha zərif olması ilə əlaqədardır. Daha sonra bu hissələrdə qida azlığı hiss etdikcə bitkinin yuxarı hissələrinə doğru hərəkət edirlər. Qidalanmasını başa vurmuş tırtıllar puplaşmaq üçün başqa yarpağa keçirlər. Tırtıllar əvvəlcə yarpağın uc hissəsini üst səthdən yarpağın əsasına doğru qatlayaraq torla möhkəm bağlayırlar və onun içərisində puplaşmaq üçün əvvəlcə barama hazırlayır, sonra barama içərisində puplaşırlar (şək.1, c). Ch.nemorana-nın potensial məhsuldarlığı laboratoriya şəraitində yetkin dişi fərdinin qarıncığının yarılıb yumurtaların sayılması usulu ilə müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, imaqonun pupdan çıxdığı ilk günlərlə müqayisədə potensial məhsuldarlığı (300-360 yumurta) getdikcə artır (təxminən 7-8 gün sonra 430, 10 gün sonra isə 530-a qədər). Ədəbi mənbələrdə iqlim dəyişkənliyi ilə əlaqədar müxtəlif ərazilərdə Ch.nemorana-nın nəsillərinin sayı dəyişkən gostərilir: Silvestri hər nəslin 35-50 gün davam etdiyini; Picard kəpənəyin ildə 2 nəsil verdiyini və qış diapauzasına pup mərhələsində getdiyini; Kuznetsov isə onun Rusiyada və Mərkəzi Asiyada 3-4 nəsil verdiyini göstərir [2]. Azərbaycan şəraitində Ch.nemorana ildə iki nəsil verir. Təbiətdə ziyanvericinin tırtıl mərhələsinə iyun-sentyabr aylarında, pup mərhələsinə iyunun axırı-sentyabrda, yetkin mərhələyə isə iyulun axırında və oktyabrda rast gəlinib. Birinci nəslin yetkin fərdləri yayda – iyul ayında, ikinci nəslin yetkin fərdləri isə payızda – oktyabr ayında çıxır və qış diapauzasına gedir (Məhərrəmova, 2012 ).. İyulun sonunda təbiətdə ziyanvericinin pupları tırtıllara nisbətən çox olur və bəzi pupların açıq olması artıq yetkin fərdin çıxmasını göstərir. Avqustun sonu və sentyabrda Ch.nemorana-nın eyni vaxtda müxtəlif yaş tırtıllarına, pronimfa, pup və eləcə də imaqosuna rast gəlmək mümkündür. Sentyabrın axırında kütləvi puplaşma müşahidə edilmişdir. Oktyabrda imaqonun kütləvi uçuşu baş verir. Tədqiqat apardığımız ərazilər içərisində Ch.nemorana ən çox Mərdəkan dendrarisinin ərazisində, Kürdəxanı və Bilgəh qəsəbələrindəki əncir ağaclarına zərər vurmuşdur (Məhərrəmova, 2012 )..

Təbii düşmənləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan şəraitində Ch.nemorana üzərində Popov P.F.-dən başqa heç bir tədqiqatçı iş aparmamışdır. (Məhərrəmova, 2012 ). Ilk dəfə Popov P.F. [6] əncir güvə-yarpaqbükəninin sayının azaldılmasında xeyirli həşəratlardan 5 növ parazitoid (Macrocentrus thoracicus Nees, Apanteles sp., A.longicauda W., Trissalcus djadetshko R., Cephalonomia culata K.), 7 növ yırtıcı (Nabis feroides R., Orius niger W., O.vicinus R., Deraeocoris screnus, Porficula auricularia L., Philanthus coronatus, Oplomerus sp.), 1 yırtıcı gənə (Phytoselus plumifer) və 1 patogen göbələkdən (Aspergilus flavus L.) ibarət təbii düşmənlərini tədqiq etmişdir.[1] Bizim apardığımız tədqiqatlar nəticəsində Ch.nemorana güvə-yarpaqbükəninin təbiətdə 6 növ təbii düşməni olduğu müəyyən edilmişdir. Bunlardan 1 növü yırtıcı (Thomisus onustus), 5 növü (Horismenus specularis, Pediobius pyrgo, Brachymeria intermedia, Cadurcia casta, Scambus sp. ) isə parazitoiddir (şək.2).

ƏDƏBİYYAT[redaktə | mənbəni redaktə et]

  1. Alford David V. "Pests of fruit crops: a color handbook. Manson Publishing Ltd, London. ISBN 13:978-0-12-373676-5. 2007, 461 pp.
  2. Gómez de Aizpúrua, C. 1997. Nota sobre Choreutis nemorana (HÜBNER, 1799) (Lep. Choreutidae), parásito de las higueras (Ficus carica)/ Bol. San. Veg. Plagas, Almansa, 110. 28040 Madrid, 23 (2): 1997, 237-240.
  3. http://www.lepiforum.de/cgi-bin/lepiwiki.pl?Choreutis_Nemorana.
  4. Christian, E., Deutsch, H. & P. Huemer (2008): Der Feigen-Spreizflügelfalter Choreutis nemorana (Hübner, 1799) setzt sich in Österreich fest (Lepidoptera: Choreutidae). Beiträge zur Entomofaunistik 9: 178-180
  5. http://www.lepiforum.de/cgibin/lepiwiki.pl?Choreutis_Nemorana[ölü keçid]
  6. Попов П.Ф. Полезная энтомофауна инжира в Азербайджане. Материалы симпозиума полезные насекомые и их охрана в Азербайджане. 16 декабря 1982, Элм, Баку, 1983, с.52-53 (64 стр)
  7. Harvey, P.R., Nellist, D.R. & Telfer, M.G. 2002. The Provisional atlas of British spiders. Biological Records Centre, on behalf of British Arachnological Society and JNCC.
  8. Maharramova Sh.M. Role of parasitoid complex in control of Tortrix viridana (L.) (Lepidoptera, Tortricidae) // Türkiye 5. Biolojik mücadele konqresi 4-7 Eylul 2002, Ərzurum, Türkiye 2003, p. 189-198
  9. Зерова, М.Д., Котенко, А.Г., Серегина, Л.Я., Толканиц, В.И. Энтомофаги зеленой дубовой листовертки и непарного шелкопряда юго-запада европейской части СССР, Киев, Наукова Думка, 1989, 200 с.
  10. Məhərrəmova Ş.M. Choreutis nemorana (Hübner, [1799]) (Lepidoptera: Choreutidae) güvə-yarpaqbükənin Azərbaycanda bəzi bio-ekoloji xüsusiyyətləri və təbii düşmənləri // AMEA Zoologiya institutunun əsərləri c.30, N1, Бакы, Елм, 2012. s.115-121

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Maharramova Sh.M. Role of parasitoid complex in control of Tortrix viridana (L.) (Lepidoptera, Tortricidae) // Türkiye 5. Biolojik mücadele konqresi 4-7 Eylul 2002, Ərzurum, Türkiye 2003, p.189-198

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Choreutis nemorana [ölü keçid]