Geoloji planalma

Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir. Təyinatından asılı olaraq geoloji planalma marşurut və sahəvi olur. Marşurut geoloji planalma hər-hansı bir istiqamət, çox vaxt, çay dərələri üzrə aparılır. Sahəvi geoloji planalma isə öyrənilən ərazi təxminən bərabər şəbəkələr üzrə marşurutlara bölünür və tədqiq edilir. Sahəvi geoloji planalma kiçikmiqyaslı (1:1000000 və 1:500000), ortamiqyaslı (1:200000 və 1:100000) və irimiqyaslı və ya dəqiq (1:50000; 1:25000 və daha böyük) planalmalara bölünür. Böyük sahəni əhatə edən irimiqyaslı regional geoloji planalma əsas etibarilə rayonda geoloji tədqiqatlarının birinci mərhələsini təşkil edir və rayon haqqında ilkin məlumatları əldə etməyə imkan verir. Orta miqyaslı geoloji planalma rayonun geoloji quruluşu və inkişaf tarixi haqqında daha dəqiq təsəvvür yaradır, faydalı qazıntıların müəyyən püskürmə süxur kompleksi və ya çökmə süxur dəstələri ilə əlaqəsini müəyyən etməyə, onların perspektivliyini qiymətləndirməyə və gələcək axtarışların aparılması üçün səhələri ayırmağa imkan verir. Dəqiq geoloji planalma xüsusi geoloji və tətbiqi-geoloji axtarış və kəşfiyyat məsələlərinin həllini təmin edir. Bu planalma əsasən faydalı qazıntıların perspektivli sayılan sahələrində orta miqyaslı planalmadan sonra aparılır və rayonun dəqiq geoloji quruluşunu müəyyən edir; kəşf edilmiş faydalı qazıntı yataqlarının ölçüləri və əhəmiyyəti qiymətləndirilir, dəqiq axtarış və axtarış-kəşfiyyat işlərinin aparılacağı sahələrin hüdudları təyin edilir. Filizli, kömürlü və neftli sahələrdə aparılan geoloji-kəşfiyyat dəqiq geoloji planalma ixtisaslandırılmış planalma adlanır. Bəzən geoloji ədəbiyyatda və təcrübədə geoloji planalma əvəzinə "geoloji xəritəalma" termininin işlədilməsi tamamilə səhvdir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.