Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır.[1]
1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur.[1]
Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi. Bundan başqa bu cür şüşələrlə təchiz olunmuş sensorlu mobil cihazların sensor matrisi daha həssas olmuş və optik xüsusiyyətlər yüksəlmişdi.[1]
Gorilla Glass aluminosilikatdan hazırlanmış cızıq və zərbələrə davamlı çox etibarlı bir şüşədir. Bu şüşənin hazırlanması zamanı kimyəvi emal aparılır və natrium ionları kalium ionları ilə əvəz edilir. Əldə olunan nəticə isə gözqamaşdırıcı olur, yüngül və möhkəm şüşə. Lakin Gorilla Glass-ın istehsalçısı olan Corning şirkəti bununla kifayətlənməyərək 4 il sonra 2012-ci ildə Gorilla Glass 2 versiyasını təqdim etdilər. Yenilənmiş şüşə əvvəlki xüsusiyyətlərini saxlamaqla 20% daha nazik oldu.[1]
Gorilla Glass 3 öz sələfindən cızılmalara qarşı 40% daha etibarlı, zərbələrə qarşı isə 50% daha dayanıqlı olacaq.[1]