Hüseyn Abbas oğlu Əsgərov — Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini,professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1]
Əsgərov Hüseyn Ababs oğlu 1958-ci ildə Naxçıvanda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək “Filoloq. Azərbaycan və türk dilləri və ədəbiyyatı müəllimi” ixtisası alıb. 1985-1987-ci illərdə zabit kimi hərbi xidmətdə olub.
Ailəlidir, iki övladı var.
1981-1984-cü illərdə Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, 1997-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 1994-ci ildə namizədlik, 2008-ci ildə isə “Azərbaycan dilində maddi mədəniyyət leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasına rəhbərlik edir. Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının üzvüdür. 3 monoqrafiyanın, 70-dən çox elmi məqalənin, ali məktəblərin filologiya fakültələri, həmçinin ümumtəhsil məktəbləri üçün xeyli dərslik, dərs vəsaiti və tədris proqramlarının müəllifi, 11 doktorant və dissertantın elmi rəhbəridir. Elmi əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Polşa və başqa ölkələrdə çap olunub.
2003-2006-cı illərdə Bakı Şəhəri Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışır.[2]