Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həbib Zərbəliyev (24 sentyabr 1953, Xurşud, Salyan rayonu) — Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru
Həbib Zərbəliyev | |
---|---|
Həbib Məmməd oğlu Zərbəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Xurşud, Salyan, Azərbaycan |
Elm sahələri | dilçilik, |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dillər Universiteti |
Təhsili |
Həbib 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. O vaxtlar Xurşud kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. İki il orada oxuduqdan sonra Həbib Salyan şəhər internat məktəbində təhslini davam etdirməli olur. Burada oxuduğu müddətdə müəllimlər ondan həmişə razılıq edir, onun ən yaxşı oxuyan şagird olduğunu deyirdilər.
Səkkizinci sinfə qədər burada oxuduqdan sonra 1968-ci ildə Həbib Əli Bayramlı şəhər Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olur. Burada da o, yaxşı oxuması ilə fərqlənir. Bununla yanaşı, Həbib bədii özfəaliyyət dərnəyində də fəaliyyətini davam etdirir, pedaqoji məktəbin ansamblı ilə əlamətdar günlərdə tələbələr qarşısında, eləcə də müxtəlif rayon və şəhərlərin mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edir.
1972-ci ildə Həbib pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirib ibtidai sinif müəllimi ixtisası alır və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin mayına qədər Nərimanov kənd orta məktəbində sinif müəllimi işlədikdən sonra Həbib ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir. Həbib yorulmadan öz üzərində işləyir: Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını dərindən öyrənir, müstəqil şəkildə fars və ingilis dillərini mənimsəməyə çalışır.
1976-cı ilin yayı Həbib üçün uğurlu olur. O illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin səyi və köməkliyi nəticəsində SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün Azərbaycan gənclərinə də xeyli yer verilirdi. İmtahanlar Bakıda götürülür, qəbul olan tələbələr təntənəli şəkildə müvafiq ali məktəblərə göndərilirdi. Həmin il Həbib də Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olur.
Lakin Leninqrada gəldikdən sonra Həbib fikrini dəyişir. Burada ona məlum olur ki, fakültədə İndoneziya filologiyası bölməsi də vardır. Əvvəllər ekzotik İndoneziya haqqında bir qədər məlumat almış, müəyyən təsəvvürü olan Həbibdə bu ölkəyə qarşı yenidən maraq oyanır. Azərbaycanda ərəb dilini bilən mütəxəssislərin kifayət qədər olduğunu, İndoneziya dili üzrə isə mütəxəssisin isə heç olmadığını fikirləşərək, o, seçimini dəyişir və İndoneziya filologiyası bölməsində oxumağa başlayır.
Universitetdə tədris proqramı çərçivəsində Həbib təkcə İndoneziya dilini deyil, həm də malay, ərəb, ingilis, holland, türk və sanskrit dillərini mükəmməl öyrənir, müstəqil şəkildə fars dili ilə məşğul olur.
Universitetin V kursunda oxuyarkən Həbibin yazdığı diplom işi mütəxəssislərin diqqətini cəlb edir. Elə buna görə də 1981-ci ildə diplom müdafiəsindən sonra o, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Moskva şöbəsindən həmin işi çap etdirmək təklifi alır. Həbibin bu tədqiqatı İndoneziyanın o vaxtlar SSRİ-də hələ heç kim tərəfindən öyrənilməmiş, tədqiq edilməmiş dillərindən birinə — minanqkabau dilinə həsr olunmuşdu. Lakin o, bu əsərin üzərində sonradan daha ciddi işləyir. Bir neçə il sonra — 1987-ci ildə əsər ("Язык минангкабау") Moskvada "Nauka" nəşriyyatında çap olunur. Əvvəllər Moskvada, Leninqradda nəşr olunan sanballı jurnallar və toplularda elmi məqalələr dərc etdirən Həbibin bu, ilk kitabı idi. Bu illər ərzində Həbib dilçilikdə öz yeri olan peşəkar kimi təkcə SSRİ-də deyil, bir çox digər xarici ölkələrdə tanınmışdı. O, dilçilik üzrə müxtəlif beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak edir, xarici ölkələrin elmi nəşrlərində məqalələr çap etdirirdi.
1981-ci ildə Leninqrad Dövlət Universitetini bitirdikdən bir il sonra Həbib dissertasiya yazmaq üçün iki il müddətinə Leninqrad Dövlət Universitetinə — doğma fakültəsinə ezam olunur. Burada o, həm namizədlik dissertasiyası üzərində işləyir, həm də tələbələrə İndoneziya dilindən dərs deyir. Çox qısa müddət ərzində müəllimi Aleksandr Konstantinoviç Oqloblinin rəhbərliyi altında tədqiqatını tamamladıqdan sonra 1985-ci ilin fevralında "Avstroneziya dillərində saylar" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
1986-cı ildə Həbib doktorluq dissertasiyası üzərində işləmək üçün yenidən iki il müddətinə Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə ezam olunur. O, bu dəfə də həm dissertasiya üzərində çalışır, həm də İndoneziya dilindən dərs deyir. Burada o, elmi əlaqələrinin coğrafiyasını daha da genişləndirir. 1987-ci ilin sonlarında Həbib əslən İndoneziyadan olan, lakin uzun müddət Moskvada yaşadıqdan sonra Hollandiyanın Zaandam şəhərinə köçmüş minanqkabaulu dostu Mohamad Darnisdən Hollandiyanı ziyarət etmək təklifi alır. Burada o, indoneziyaşünaslığın mərkəzi sayılan Leyden Universitetində əsərlərindən tanıdığı alimlərlə görüşür, onlarla elmi əlaqələr saxlamaq barədə razılığa gəlir. Leninqraddan qayıtdıqdan az sonra Həbib bu dəfə Leyden Universitetindəki həmkarı Karl Aleksandr Adelardan tədqiqat aparmaq üçün universitetə gəlmək dəvəti alır. Bundan sonra o, üç il Hollandiyanın Leyden Universitetində fəaliyyətini davam etdirir. Orada elmi araşdırmalar apardığı müddətdə, eyni zamanda bu universitetin türk və İndoneziya filologiyası bölmələrində mühazirələr oxuyur.
Hollandiyada Həbib ciddi ictimai-siyasi fəaliyyətlə də məşğul olmağa başlayır. Orada Azərbaycan diasporunun formalaşmasında, Azərbaycan haqqında məlumatların yayılmasında onun böyük rolu olmuşdur. Vaxtaşırı radio və televiziya kanalları ilə, yerli qəzetlərdə çıxış edir, müsahibələr verir, Azərbaycan haqqında həqiqətləri Avropa dinləyici, tamaşaçı və oxucularına çatdırır.
Hər dəfə bir neçə günlüyə Azərbaycana gəlib geri qayıdarkən Həbib Azərbaycan dili, tarixi, etnoqrafiyası və s. barədə çoxlu kitablar aparır, onları Hollandiyanın, Almaniyanın, Belçikanın kitabxanalarına, oradakı müxtəlif ictimai qurumlara hədiyyə verirdi. Azərbaycan dilinin dialektoloji atlasının bir neçə nüsxəsini də Leyden Universitetinin kitabxanasına məhz Həbib bağışlamışdır.
1991-ci ildə Həbib Zərbəliyev Avropadakı fəaliyyətini başa vurub Bakıya — Dilçilik İnstitutuna qayıdır. Lakin az sonra onun elmi və ictimai fəaliyyəti ilə tanış olan və sonradan Həbibin fəaliyyətində mühüm rolu olmuş professor Əlikram Abdullayev onu Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) rəhbərlik etdiyi mədəniyyətşünaslıq kafedrasına işləməyə dəvət edir. O, 1998-ci ilin ortalarına qədər burada Azərbaycan dilini tədris edir və eyni zamanda institutun Beynəlxalq əlaqələr və xarici tələbələrlə iş şöbəsinə rəhbərlik edir. Qısa müddət ərzində institutun xarici ölkələrin ali məktəblərilə, beynəlxalq təşkilatlarla geniş əlaqələri yaradılır, institutun tələbələrinin bir qismi Misir, Tayvan, Türkiyə, Fransa, ABŞ, İngiltərə və s. ölkələrin təhsil müəssisələri ilə bağlanmış müqavilələr əsasında bu ölkələrdə təhsil alır, müxtəlif kurslarda iştirak edirlər. Rektor, professor Əlikram Abdullayev və Həbib Zərbəliyevin böyük səyləri nəticəsində Azərbaycanda ilk dəfə olaraq burada (dünyada 27-ci) YUNESKO-nun maliyyə dəstəyilə İnsan hüquqları, demokratiya və sülh YUNESKO kafedrası yaradılır.
1994-cü ildə H.Zərbəliyev xeyli müddət kənara qoymuş olduğu doktorluq dissertasiyasına yenidən qayıdır, tez bir zamanda onu tamamlayır və müvəffəqiyyətlə müdafiə edir. Tezliklə o, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşmış müdafiə şurasına üzv seçilir. Burada müzakirələrdə o, öz prinsipial, obyektiv çıxışları, dissertantlara diqqətlə yanaşması, ədalətli, qərəzsiz opponentliyi ilə fərqlənir. Namizədlik və doktorluq dissertasiyası müdafiə edən onlarca dissertanta opponent olur. Sonralar bu fəaliyyətini Həbib müəllim Bakı Dövlət Universiteti və Təhsil Nazirliyinin birgə İxtisaslaşmış müdafiə şurasında davam etdirir.
Azərbaycanda tipologiya məktəbinin əsasını qoymuş Həbib Zərbəliyev 1997-ci ildə özünün növbəti fundamental tədqiqatını çap etdirir. "Sayların və say konstruksiyalarının tipologiyası" adlanan bu monoqrafiyada o, üç yüzdən artıq dilin materialları əsasında sayları dərindən və hərtərəfli tədqiq etmiş, saylar əsasında dillərin bir sıra universal xüsusiyyətlərini müəyyənləşdirmişdir. Ən azı onbeşillik əməyin nəticəsi olan bu tədqiqat öz əhatəliliyi, dərinliyi, nəzəri müddəalarla zənginliyi ilə onu dünyanın görkəmli dilçiləri sırasına çıxarır.
Elə həmin il onun "Müasir İndoneziya ədəbiyyatı antologiyası" adlı dərs vəsaiti çapdan çıxır. Bu vəsait Bakı Asiya Universitetində təhsil alan İndoneziya filologiyası bölməsinin tələbələri üçün nəzərdə tutulmuşdu. Həbib müəllim artıq bir neçə il idi ki, həmin universitetdə İndoneziya dili və ədəbiyyatını tədris edirdi.
2015-ci ildə Həbib Zərbəliyev Sankt-Peterburq alimlərinin rəyləri və redaktəsi ilə "Avstroneziya dillərində saylar (dil say sistemləri)" fundamental monoqrafiyasını çap etdirir.
Həbib Zərbəliyev hələ Leninqradda namizədlik dissertasiyası üzərində işləyərkən İndoneziya dilindən bir neçə maraqlı hekayəni Azərbaycan dilinə tərcümə edib çap etdirmişdi. Onun elmi tərcümələri də öz keyfiyyəti ilə seçilir. Həbibin 1999-cu ildə rus dilindən, 2000-ci ildə isə ingilis dilindən beynəlxalq humanitar hüquqa aid tərcümə etdiyi iki monoqrafiya oxunaqlı olması, tərcümənin dilinin səlisliyi, axıcılığı ilə fərqlənir.
2001-ci ildə H.Zərbəliyev Malayziyanın Dil və Ədəbiyyat İnstitutuna dəvət olunur. Burada o, "Malay və Azərbaycan dillərində ərəb və fars alınmalarının fonetik xüsusiyyətləri" mövzusunda tədqiqat aparır. Malayziya hökumətinin maliyyələşdirdiyi bu layihəni Həbib 2002-ci ilin martında müvəffəqiyyətlə başa vurur. Bundan başqa, o, bu institutda vaxtaşırı elmi məruzələrlə çıxış edir, tez-tez Malayziyanın mətbuat orqanlarına müsahibələr verir. Dil və Ədəbiyyat İnstitutu 2002-ci ildə onun malay dili haqqındakı fikirlərini kompakt disk şəklində kütləvi tirajla nəşr edir.
2002–2003-cü illərdə Həbib müəllim bir-birinin ardınca Malayziyanın Dil və Ədəbiyyat İnstitutunun, Malayziya Putra Universitetinin, Malayziya Sains Universitetinin keçirdikləri elmi konfrans və seminarlarda məruzələrlə çıxış edir. Bundan sonra Malayziya tədqiqatçıları da onunla əməkdaşlığa maraq göstərirlər.
Malayziyada olduğu müddətdə Həbib İndoneziyaya və Sinqapura səfərlər edərək, orada müxtəlif universitetlərin alimləri ilə görüşlər keçirir, onlarla elmi əməkdaşlıq əlaqələri yaradır.
Görkəmli alim İndoneziyanın Türkiyədəki (eyni zamanda Azərbaycandakı) səfirliyi ilə sıx əlaqə saxlayır, onlarla görüşlər keçirir, Azərbaycana gələn səfir və səfirlik əməkdaşlarının tərcümə problemlərini həll edir. Səfirlik də öz növbəsində Həbibə İndoneziyada nəşr olunmuş zəruri elmi ədəbiyyatla yardım edir.
Həbib Zərbəliyev 100-dən artıq elmi, çoxsaylı tənqidi, publisistik və bədii tərcümə əsərlərinin, o cümlədən beynəlxalq humanitar hüquqa dair iki kitabın ingilis və rus dillərindən Azərbaycan dilinə tərcüməsinin, bir sıra metodik vəsait, göstəriş və tədris proqramlarının müəllifidir. Əsərlərinin bir qismi xarici ölkələrdə çap olunmuşdur. Bir çox ölkələrin alimləri ilə sıx elmi əməkdaşlıq edir. 1988–2016-cı illər ərzində Hollandiya, Almaniya, İngiltərə, ABŞ, Yeni Zelandiya, Fici, Tailand, Malayziya, İndoneziya, Avstraliya, Çin, Tayvan, Rusiya, Estoniya, Litva, Qazaxıstan və Gürcüstanda da keçirilmiş onlarla beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.
1995-ci ildən Bakı Dövlət Universitetinin nəşri olan "Dil və ədəbiyyat" nəzəri, elmi-metodik jurnalının, 2009-cu ildən həm də Azərbaycan Dillər Universitetinin "Elmi Xəbərləri"-nin, 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşri olan "Türkologiya" jurnalının, 2018-ci ildən AMEA-nın Əlyazmalar İnstitutu və "Elm və təhsil" nəşriyyatının birgə nəşr etdiyi "Filologiya məsələləri" jurnalının, 2017-ci ildən Şimali Sumatra Universitetinin (İndoneziya) nəşri olan "Mİqot" jurnalının, 2019-cu ildən həmin universitetinin həm də "Journal of Contemporary Islam and Muslim Societies" jurnalının, 2022-ci İldən Xakasiya Elmi Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunun "Научное Обозрение Саяно-Алтая" jurnalının, 2023-cü ildən "Journal of İndonesian Ulama" və "Nahrasiyah. Journal of Aceh and Malay Archipelago Heritage" [1]jurnallarının (İndoneziya) redaksiya heyətinin üzvüdür. 2017–2019-cu illərdə Azərbaycan Dillər Universitetinin "Dil və ədəbiyyat" jurnalının baş redaktoru olmuşdur.
1995-ci ildən dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının, 2003-cü ildən Beynəlxalq malay dili Məclisinin (Kuala Lumpur) üzvüdür. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavini olmuşdur.
2006-cı ildə onun təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində İndoneziya bölməsi açılmışdır. İndoneziya üzrə genişprofilli mütəxəssislərin hazırlandığı bu bölmədə o, İndoneziya dili, ədəbiyyatı, etnoqrafiyası və tarixini tədris edir.
2010–2013-cü illərdə Həbib Zərbəliyev pedaqoji fəaliyyətini davam etdirməklə bərabər, Azərbaycan Respublikasının Təhsil Nazirliyində Akkreditasiya şöbəsinə rəhbərlik etmişdir.
2013–2014-cü illərdə Həbib Zərbəliyev Azərbaycan Dillər Universiteti ilə bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsində də çalışmış və Azərbaycan Respublikasının Prezidentinin 09 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" üzrə İşçi Qrupunun sədr müavini olmuş, həm də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinə, 2016–2017-ci illərdə Qafqaz Universitetində (2017-ci ildən Bakı Mühəndislik Universiteti) "Azərbaycan multikulturalizmi" elm-təhsil mərkəzinə rəhbərlik etmişdir. Hazırda o, Azərbaycan Dillər Universitetində pedaqoji fəaliyyətini davam etdirir. 2017–2019-cu illərdə Azərbaycan Dillər Universitetində həm də Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən eyni zamanda İndoneziyanın Qacah Mada Universitetində (Cokyakarta) hər il bir semestr müddətində "Azərbaycan multikulturalizmi" fənnini tədris edir.
Professor Həbib Zərbəliyev bir çox monoqrafik tədqiqatların elmi redaktoru, 50-dən çox fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş tədqiqatçının rəsmi opponenti olmuşdur. Cənub-Şərqi Asiya ölkələri xalqlarının dilləri və ədəbiyyatlarının tədqiqi üzrə tanınmış mütəxəssis kimi onun haqqında məlumatlar Niderlandda çap olunmuş "European Directory of South-East Asian Studies" ensiklopedik məlumat kitabına daxil edilmişdir.
Həbib Zərbəliyev 2004-cü ildən "Heydər Əliyev Elektron Kitabxanası"nın (aliyevheritage.com) İndoneziya dili üzrə tərcüməçisi, 2014-cü ildən İndoneziya dilində çıxan və həmin ölkədə yayılması nəzərdə tutulmuş "Warisan" ("İrs") jurnalının redakasiya heyətinin üzvü və İndoneziya dilinə tərcüməçisidir. Bundan başqa, o, Azərbaycanın dövlət və hökumət başçılarının, Milli Məclis sədrinin,nazirlərin İndoneziya və Malayziyanın dövlət, hökumət başçılarının və qanunvericilik orqanlarının, nazirliklərinin rəhbərləri ilə rəsmi görüşlərini tərcümə edir.
2008 və 2009-cu illərdə Malayziyanın Baş nazirinin təsis etdiyi mükafat uğrunda tələbələr arasında malay və İndoneziya dilləri üzrə keçirilmiş beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olmuş H.Zərbəliyev 2008-ci ildə İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun şəxsi dəvəti ilə Prezident sarayında keçirilmiş "İndoneziya Prezidentinin dostları" proqramında iştirak etmişdir.
Uzun illər geniş mənada İndoneziya mədəniyyətinin təbliği, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi, tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərə görə professor Həbib Zərbəliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Mədəniyyət sahəsində xidmətlərinə görə" ordeninə (Tanda Kehormatan Satyalancana Kebudayaan), 15 avqust 2009-cu il tarixli sərəncamı ilə "Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni"nə (Bintang Jasa Pratama) layiq görülmüşdür. 2017-ci ilin avqustunda Həbib Zərbəliyev Nusantara ölkələri ilə dostluq münasibətlərinin yaradılmasında göstərdiyi fəaliyyətə görə İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin təsis etdiyi "Taranggana Sanitra Nusantara" medalı ilə təltif olunmuşdur.