Həbibulla Əmirxanov İbrahim oğlu (d.7 may 1907-ci il, Dağıstan - ö. 1986-cı il ) — azərbaycanlı alim, fizika-riyaziyyat elmlər doktoru (1942), professor, Azərbaycan EA-nın həqiqi üzvü (1949), SSRİ EA -nın müxbir üzvü (1972). [1][2]
Həbibulla Əmirxanov | |
---|---|
Həbibulla Əmirxanov İbrahim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Dağıstan, Korod |
Vəfat tarixi | |
Atası | İbrahim Əmirxanov |
Elmi dərəcəsi | fizika-riyaziyyat üzrə elmlər doktoru (1942) |
Elmi adı | professor |
Təhsili | Bakı Dövlət Universiteti |
Tanınır | alim |
Həbibulla İbrahim oğlu Əmirxanov 7 may 1907-ci ildə Dağıstanın Korod kəndində anadan olmuşdur. 1925-ci ildə Bakıya köçmüş və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almışdır.[1][2]
Həbibulla Əmirxanov universiteti bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Fizika kafedrasında işə başlamışdır. O, həmçinin SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsinin fizika sektorunda çalışmışdır. Həbibulla Əmirxanov 1935-ci ildə yaradılmış SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunun rəhbəri vəzifəsini icra etmişdir. 1945-1950-ci illərdə isə Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun ilk direktoru kimi fəaliyyət göstərmişdir.[1]
1950-ci ildə Dağıstana köçən Həbibulla Əmirxanov SSRİ EA Dağıstan filialı Rəyasət Heyətinin sədri olaraq çalışmış, həmçinin SSRİ EA Fizika İnstitutu Dağıstan filialının direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı, o, Azərbaycan Sənaye İnstitutunun fizika kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.[1][2]
1949-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olan H.Əmirxanovun neft fizikası, yarımkeçiricilər, geofizika və fiziki termodinamikaya həsr olunmuş tədqiqatları vardır. Alim eyni zamanda istilik tutumunu və istilikkeçirməni ölçmək üçün yüksək dəqiqliyi ilə fərqlənən cihazlar yaratmışdır. Həmçinin adiabat kalorimetr onun ixtiralarından biridir və bu ixtira SSRİ XTNİ-in fəxri diplomuna layiq görülmüşdür.[1][2]
A.F.İoffenin tələbəsi olan Həbibulla Əmirxanov yarımkeçiricilər məktəbinin üzvü olmuşdur. O, tələbləri və həmkarları ilə birlikdə elmi məktəbin əsasını qoymuşdur. Bununla yanaşı, alim mədən süxurlarının mütləq yaşını təyin etmək üçün kütlə spektrometriyasına əsaslanan yeni üsul yaratmışdır.[1]
Həbibulla Əmirxanov SSRİ, Rusiya və Dağıstan respublikalarının Ali Sovetlərinin deputatı seçilmişdir. Bununla belə, alimin adı Dağıstan Elmi mərkəzinin Fizika İnstitutuna verilmişdir.[1]
Həbibulla Əmirxanov Azərbaycan Elmlər Akademiyasının təşkilinin fəal iştirakçılarından biri olmuşdur. O, 1942-ci ildə fizika-riyaziyyat elmlər doktoru, 1972-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Alim 400-dən artıq elmi əsərin, 13 monoqrafiyanın müəllifidir.[1]