Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir:
a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir;
b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır;
c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir;
ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur.
Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var.
Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s.
Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Eyni halda işlədilərək, bir və ya bir neçə xəbəri eyni cəhətdən tamamlayan sözlərə həmcins tamamlıqlar deyilir. Həmcins tamamlıqlar ən çox isim və ya əvəzliklə, bəzən də substantivləşən nitq hissələri, təyini söz birləşmələri, məsdər və ya feli sifət tərkibləri ilə ifadə olunur. Həmcins tamamlıqlar də digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins tamamlıqlar ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins vasitəsiz tamamlıqlar, həmcins vasitəli tamamlıqlar. Həmcins vasitəsiz tamamlıqlar hərəkətlə bilavasitə müstəqim bağlı olub, hərəkətin icrası nəticəsində yaranan və yaxud dəyişikliyə uğrayan və ya həmin hərəkətin təsirinə məruz qalan obyekti ifadə edir. Belə tamamlıqlar ismin müəyyən və qeyri-müəyyən təsirlik halı ilə ifadə olunur. Həmcins vasitəli tamamlıqlar ən çox məkani halda olan sözlərlə ifadə olunur.
Həmcins təyinlər – təyin etdiyi sözlə eyni münasibətdə olur. Həmcins təyinlər bir-birinə tabesizlik əlaqəsi, tabesizlik bağlayıcıları, sadalama intonasiyası ilə və ya birləşdirici fasilə ilə bağlanır. Həmcins təyinlər təyin olunanı müxtəlif cəhətlərdən izah edərkən bu tərəflər öz adlarında sinonim və ya antonim münasibətində olur. Həmcins təyinlər sifət, say, əvəzlik, feili sifət və atrubutivləşən digər nitq hissələri ilə ifadə oluna bilir. Bəzən olur ki, cümlədə bir-birini izah edən təyinlər işlənir. Bunlar həmcins deyil, qeyri-həmcins təyinlər adlanır.
Həmcins zərfliklər – eyni məna bağlılığı ilə cümlənin eyni üzvünə aid olan üzvlərə həmcins zərfliklər deyilir. Həmcins zərfliklər bir-birinə tabesizlik əlaqəsi, tabesizlik bağlayıcıları, sadalama intonasiyası ilə və ya birləşdirici fasilə ilə bağlanır Həmcins zərfliklər, adətən, eyni forma ilə ifadə edilir. Həmcins zərfliklər zərf, feli bağlama, məsdər, ismin məkani hallarında olan sözlərlə ifadə olunur. Zərfliyin müxtəlif məna növləri olduğu kimi, həmcins zərfliklərin də növləri var: həmcins tərzi-hərəkət zərflikləri, həmcins yer zərflikləri, həmcins zaman zərflikləri, həmcins kəmiyyət zərflikləri, həmcins səbəb zərflikləri, həmcins məqsəd zərflikləri. Qeyd etmək lazımdır ki, bəzən cümlədə zərfliyin bir neçə məna növü işlənir ki, həmin cümlələr həmcins üzvlü hesab edilmir. Həmcins zərfliklərin ən çox işlənən növləri həmcins tərzi-hərəkət zərflikləri, həmcins yer zərflikləri, həmcins zaman zərflikləridir.
Xitablar da həmcins ola bilir.
Bəzən həmcins üzvlərdə morfoloji meyarla, sintaktik meyarı dəyişik salırlar. Cümlənin həmcins üzvləri öz leksik tərkiblərindən və hər hansı bir nitq hissəsinə olan morfoloji münasibətindən deyil, sintaktik vəzifələrindəki eynilikdən asılıdır. Buna görə də həmcins üzvlər cümlədə bəzən ayrı-ayrı nitq hissələri və söz birləşmələri ilə (bəzən müxtəlif şəkildə) ifadə olunub, başqa-başqa leksik suallara cavab olur.
Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra iki nöqtə (:) qoyulur. Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire (–) işarəsi qoyulur. Akademiyanın nəşrində ümumiləşdirici sözlərin ifadə vasitəsinə görə aşağıdakı formaları göstərilir: toplu sözlərlə; hamısı təyini əvəzliyi ilə; tərkibində mücərrəd mənalı şey ismi olan birləşmələrlə. Toplu isimlərlə ifadə edilmiş ümumiləşdirici söz əvvəl, əvəzliklərlə ifadə edilmiş ümumiləşdirici söz isə həmcins üzvlərdən sonra gəlir.
Sonuncusu saxlanılmaqla, həmcins üzvlərdə təkrar olunan bəzi sözdəyişdirici şəkilçilər və hissəciklər ixtisar oluna bilir. Əsasən hal və cəm şəkilçiləri, xəbərdə şəxs şəkilçiləri, idi, imiş hissəcikləri, ilə qoşması ixtisar olunur. Sonuncusu saxlanmaqla, həmcins mübtədaların cəm şəkilçisi ixtisar oluna bilir; sonuncusu saxlanmaqla, həmcins tamamlıqların hal şəkilçisi ixtisar oluna bilər; sonuncusu saxlanmaqla, həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar oluna bilir; həmcins xəbərlər tək olarsa, idi, imiş hissəcikləri, cəm olarsa, hissəcik və cəm şəkilçisi ixtisar edilir; sonuncusu saxlanmaqla, həmcins üzvlərdən sonra gələn ilə (-la, -lə) qoşması ixtisar edilir.
Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, fəqət, lakin. Qarşılaşdırma bağlayıcıları ilə əlaqələnən həmcins üzvlər adətən ikiüzvlü olur. Bu bağlayıcıların əlaqələndirdiyi anlayışlar arasında ziddiyyətli, fərqləndirici, güzəştli, müqayisəli qarşılaşdırma mənalarından biri olur. Qarşılaşdırma mənası həmcins üzvlər arasında yox, deyil sözlərinin köməyi ilə də yaranır.
3. Bölüşdürmə bağlayıcıları: ya...ya da...ya da ki, və ya, yaxud, yaxud da; gah...gah da...gah da ki və s. Bu bağlayıcılar müxtəlif iş, hərəkət və hadisələrin növbə ilə bir-birini əvəz etdiyini, yaxud güman edilən bir neçə iş və hadisədən birinin mümkünlüyünü təxmin etməyə imkan verir. Təkrar olunana bağlayıcılar ya...ya, gah...gah şəklində işləndikdə həmcins üzvlərin açıq sırası yaranmış olur. Həmin bağlayıcılardan sonuncusuna da, ki ədatlarını əlavə etdikdə qapalı sıra yaranır.
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |