Həmid Şamil oğlu Vəkilov (23 yanvar 1949, Bakı – 16 noyabr 2020, Bakı) — Azərbaycan tarzəni, professor, Azərbaycan SSR əməkdar artisti (1987).
Həmid Vəkilov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan→ Türkiyə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, pedaqoq |
Fəaliyyət illəri | 1973–2020 |
Musiqi aləti | tar |
Mükafatları |
1949-cu il yanvarın 23-də Bakıda anadan olub. Erkən yaşlarından tara olan məhəbbəti Bülbül adına musiqi məktəbində oxuyarkən daha da artır və bu məhəbbət onun tarla əbədi dostluğunun təməli olur. 1967–1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alaraq solist ifaçı, xalq çalğı alətləri orkestrinin dirijoru ixtisaslarına yiyələnir.
Həmid Vəkilovun tar ifaçılığının tədrisində də mühüm xidmətləri var. 1973-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətinə başlayan sənətkar 1978-ci ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) da tar alətini tədris etmişdir. 1990-cı ildən konservatoriyanın dosenti olan tarzən 1992-ci ildə Türkiyəyə dəvət olunur və orada 17 il ifaçı və pedaqoq kimi fəaliyyət göstərir. 2010-cu ildə vətənə qayıdan Həmid müəllim Milli Konservatoriyada fəaliyyət göstərib, professor elmi adına layiq görülüb.
Bütün deyilənlərdən bəlli olur ki, Həmid Vəkilovun Azərbaycan tar alətinin təkmilləşməsində və tar ifaçılığının inkişafında mühüm rolu var. Bu mənada onun köçürmələri əsasında bir neçə tədris proqramlarını (N.Əliverdibəyovun "Vals-skertso", P.İ.Çaykovskinin "Sentimental vals", T.Quliyevin "Qaytağı" əsərlərindən ibarət "Pyeslər" məcmuəsi) da qeyd edə bilərik. Həmid müəllimin "Azərbaycan tarı və onun ifaçılıq problemləri haqqında təkliflər" metodik-tövsiyəsi də gənc tarzənlər üçün dəyərli mənbədir.
Novator tarzən Həmid Vəkilovu həmkarlardan fərqləndirən cəhətlərdən biri də bəstəkarlıq qabiliyyətidir. Onu bu sahədə püxtələşdirən unudulmaz bəstəkarımız Zakir Bağırov olub. Bəstəkarın tar ilə simfonik orkestr üçün yazdığı konsertin yaranma tarixində onun da mühüm rolu var. Həmin konsert məhz Həmid Vəkilova həsr olunub və 1985-ci ildə özünün ifasında SSRİ Xalq artisti Nikolay Nekrasovun rəhbərliyi ilə Ümumittifaq Televiziya və Radiosunun xalq çalğı alətləri orkestrinin müşayiəti ilə lentə yazılıb və "qızıl fond"a daxil edilib. Sonralar Həmid müəllim özü tar ilə simfonik orkestr üçün bir neçə əsərlər yazıb. Bunlardan simfonik orkestr üçün "Şıdırğı" və "Çılğın" adlı əsərlər, 3 hissəli "Konsert" və başqalarını qeyd etmək mümkündür.[1]
Həmid Vəkilov 2020-ci il 16 noyabrda vəfat etmişdir.