Həmzə Vəliməmmədov

Həmzə Vəliməmmədov — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti.

Həmzə Vəliməmmədov
Həmzə Ruhulla oğlu Vəliməmmədov
Doğum tarixi
Doğum yeri Lerik, Azərbaycan SSR
Fəaliyyəti jurnalist

Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedoqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir.

Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləmişdir. 1970–1972-ci illərdə Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir.

Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir. Rayon ağsaqqallar şurasının sədridir.

Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilmiş, radioda səslənmişdir. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Təcrübəli jurnalistin 2010-cu və 2011-ci illərdə "İllərdən qalan izlər", "Şərəflə yaşanmış ömür" və "Elin unudulmaz oğlu" kitabları çapdan çıxmışdır. 10 övlad atası, 17 nəvə babasıdır.

  • "İllərdən qalan izlər",
  • "Şərəflə yaşanmış ömür"
  • "Elin unudulmaz oğlu"