Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 113 saniyə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Hərbi mövzunun müxtəlif məsələlərinə həsr edilmiş mətbu məhsulu; əsasən, hərbi oxucular üçün nəzərdə tutulan mühüm informasiya və təbliğat vasitəsidir. H.m.-a hərbi qəzetlər, jurnallar, kitablar, broşürlər, plakatlar və s. daxildir. H.m. silahlı qüvvələrin şəxsi heyətinin siyasi, hərbi, mənəvi və mədəni tərbiyəsində, hərbi biliklərinin təbliğində mühüm vasitədir.
Azərb.-ın hərbi qüvvələri haqqında mətbu orqanlarda ilkin məlumatlara hələ 1828 ildə Tiflisdə çıxan "Tiflisskiye vedomosti" qəzetində rast gəlinir. Qəzet səhifələrində A. Bakıxanovun Rusiya-Türkiyə və Rusiya-İran müharibələri ilə bağlı yazılarında Azərb.-nın suvari alayları haqqında da bəzi məlumatlar verilmişdir.
Azərb.-da H.m. tarixinin başlanğıcı isə 19 əsrin sonlarına – ölkədə ilk milli mətbuatın yarandığı dövrə təsadüf edir. 1875–77 illərdə çıxan "Əkinçi" qəzetinin "Tazə xəbərlər" rubrikasında hərbi sahə ilə bağlı bir sıra məlumatların, kiçik şərhlərin verilməsi ordu islahatlarına o dövr üçün yeni olan ictimai yanaşma qaydalarının formalaşdırılmasına gətirib çıxardı. 20 əsrin əvvəllərində AXC hökumətinin müdafiə və təhlükəsizlik sektorunda həyata keçirdiyi islahatlar və görülən tədbirlər, yeni yaradılan ordu ilə bağlı məlumatlar müxtəlif mətbuat orqanlarında ("Azərbaycan", "Açıq söz", "İstiqlal" və s.) öz əksini tapmışdır. Azərb.-da Sovet hakimiyyəti qurulduqdan sonra resp.-da hərbi sahədə yazan ilk mətbu orqanlar yaranmışdır.
İlk hərbi qəzet tarixi 1920 ildən nəşr edilən və Azərb. atıcılıq diviziyasının siyasi şöbəsinin orqanı olan "Qırmızı əsgər"lə (16 nömrə) başlayır. Resp. H.m.-nın inkişafında xüsusi yer tutan bu qəzet on ildən çox nəşr edilmişdi. Diviziya və alay qəzetlərini öz ətrafında birləşdirən "Qırmızı əsgər"in baş redaktoru yazıçı H. Nəzərli olmuşdur. Onun rəhbərliyi ilə qəzetin nəzdində hərbi nəşriyyat yaradılmışdır. Nəşriyyatın buraxdığı kitabların əksəriyyəti tərcümə ədəbiyyatından ibarət olmuş və orijinal əsərlərdən yalnız gen. Ə. Şıxlinskinin "Ruscadan türkcəyə qısa döyüş sözlüyü" (1926) və "Fəhlə-kəndli Qızıl Ordusu topçusunun döyüş təlimatnaməsi" (1927) mövcuddur.
1925 ildə Zaqafqaziya Resp.-larında hərbi tərcümə kollegiyaları yaradılmış və Azərb. hərbi tərcümə kollegiyasına keçmiş Azərb. ordusunun tam artilleriya gen. Ə. Şıxlinski təyin olunmuşdur. C. Naxçıvanski, Q. Vəzirov, C. Əliyev, H. Rəhmanov, H. Vəzirov kimi hərbi xadimlər hərb elmində həm də nəzəriyyəçi kimi yetişmişdilər. Bu dövrdə hərbi kitab nəşrləri ilə yanaşı qəzet və jurnalların da sayı artmış və onlarda keyfiyyət dəyişikliyi baş vermişdi.
Hərbi sahadə ilk jurnal 1922 ilin sentyabrında nəşrə başlayan "Savadlı qırmızı əsgər" (1922–24 illər, 14 nömrə; 1925 ildən "Qızıl əsgər", 6 nömrə; 1928–29 illərdə Ə. Şıxlinskinin təklifi ilə "Hərbi bilik" adlandırılmışdı, 10 nömrə) olmuşdur. Ayda bir dəfə çıxan siyasi, ictimai, ədəbi-elmi məcmuə Azərb. atıcılıq diviziyasının orqanı idi. Məsul redaktorları komissar H. Rəhmanov və diviziya komandiri C. Naxçıvanski olduğu jurnalda əsgərlərin savadlanması, döyüş hazırlığı, silaha qulluq qaydaları, ədəbi-bədii yazılar dərc edilirdi. 1993–2017 illərdə Müdafiə Nazirliyinin Hərbi-elmi tədqiqatlar və nizamnamələr şöbəsi tərəfindən "Hərbi bilik" jurnalı yenidən nəşr edilmişdir (ayda 1 dəfə).
1934 ildə bölük və alay qəzetlərinin ümumi sayı 80-ə yaxın idi. "Qızıl əsgər" qəzeti ilə yanaşı "Dəmir mübariz", "Qızıl topçu", "Döyüşçü səsi", "Qızıl bayraq", "Fəhlə-kəndli Qızıl Ordusu döyüşçüsü" adlı çoxsaylı alay qəzetləri nəşr olunurdu.
İkinci dünya müharibəsi SSRİ-də hərbi jurnalistikanın inkişafına da təsirsiz ötüşmədi. Dövlət informasiyasına nəzarət etmək məqsədilə Sovet İnformasiya Bürosu ("Sovinformbüro") təsis edilmiş, radio və mətbuat "Sovinformbüro" tərəfindən rəsmi məlumatlarla təmin edilirdi. H.m.-ın çəkisi artmış, cəbhə bölgələrində milli dildə hərbi mövzuları işıqlandıran qəzetlər yaradılmışdı.
Cəbhə bölgəsində döyüşən Azərb. əsgərlərin döyüş ruhunu yüksəltmək və arxa cəbhə ilə əlaqə saxlamaq məqsədilə Azərb. dilində bir çox cəbhə qəzetləri buraxılmışdı. "Fəhlə-kəndli Qızıl Ordusu döyüşçüsü", "Qızıl Ordu", "Sovet döyüşçüsü", "Həyəcan", "Suvorovçu", "Vətən eşqi", "Hücum", "Vətən qəhrəmanı", "İrəli" adlı cəbhə, ordu və diviziya qəzetləri nəşr edilirdi.
"Fəhlə-kəndli Qızıl Ordusu döyüşçüsü" qəzetinin ("Pravda" qəzetinin yarım formatında, günaşırı çıxırdı, redaktoru C.X. Hacıyev idi) əməkdaşları təşəbbüskarlıq göstərərək maşınlarla, təyyarələrlə və hərbi qatarlarla cəbhəyə yollanıb döyüş vərəqələri yayır, müxbirləri isə Novorossiysk, Mozdok ətrafında gedən döyüşlərdən redaksiyaya telefonla və hərbi sahə poçtu vasitəsilə məlumatlar çatdırırdılar.
"Vətən eşqi" qəzeti döyüş əməliyyatlarının gedişini gündəlik işıqlandırır, arxa cəbhədə baş verən hadisələri nəzərdən qaçırmırdı. Qəzetdə "Vətəndən məktublar", "Sovet İttifaqı" və "Sovet Azərbaycanı" guşələri əsas yer tuturdu.
Azərb. dilində hərbi dairənin "Həyəcan" adlı qəzeti də çap edilirdi. Qəzetdə sistematik olaraq hərbi terminlərin izahlı lügəti verilirdi ki, bu da əsgərlərimizin hərbi and və nizamnamədə, əmrlərdə təsadüf edilən sözlərin mənasını başa düşmək üçün müəyyən söz ehtiyatına malik olmalarını təmin edirdi.
Cəbhə və ordu qəzetlərindən başqa qoşun növləri üzrə məcmuələr də nəşr edilirdi. SSRİ Müdafiə Nazirliyinin Baş Siyasi İdarəsi tərəfindən rus dilində və SSRİ xalqlarının dilində "Qızıl Ordu agitatorunun bloknotu" (tiraj 250 min) jurnalı buraxılırdı. Azərb. dilində ayda bir dəfə bir çap vərəqi həcmində çıxan bu jurnalda (məsul redaktor N. Buriçev, redaktor və mütərcimi H. Vəzirov) sistematik olaraq döyüş əməliyyatları barədə materiallar verilirdi.
Sovet KİV-nin mövcudluğu dövründə ilk dəfə minlərlə istedadlı yazıçı "qaynar nöqtələr"dən və hərbi əməliyyatların mərkəzindən reportaj hazırlamaq üçün çap və yayım orqanlarına göndərilirdi. Bu tədbirlər nəticəsində mətbuatdakı ənənəvi janrlar dəyişikliyə məruz qalmış, müharibə və sonrakı dövr hərbi jurnalistika yaradıcılığının əksəriyyətini oçerklər və qısa hekayələr təşkil etmişdir. Cəbhə qəzetlərində C. Xəndan, Ə. Məmmədxanlı, S. Əliyev, S. Abbasov, Ə. Cəmil, E. Ağayev, İ. Novruzov, N. Bağırov və b. əməkdaşlıq etmişlər.
Sovet ordusunun İranın şimalına daxil olması o vaxtkı Azərb. rəhbər orqanları, dövlət işçiləri, ziyalıları, hərbi qulluqçuları və s. uzərinə fövqəladə və səlahiyyətli missiya – Cənubi Azərb.-da sovet ideologiyasının təbliğatı, eyni zamanda milli-mədəni və siyasi dirçəlişə yardım göstərmək vəzifəsini qoyurdu. Sovet ordusu tərkibində Cənubi Azərb.-a gəlmiş yaradıcı ziyalılar 1941 ildə Təbrizdə "Vətən yolunda" (red. M. İbrahimov, H. Şahgəldiyev, R. Quliyev) və Urmiyada "Qızıl əsgər" (red. Z. İbrahimov) qəzetlərini təsis etmişlər. Rəsmən hər iki qəzet sovet ordusundakı azərb. zabir və əsgərləri, əslində isə ərəb qrafikasında olmaqla yerili əhali üçün nəzərdə tutulmuşdur. Bu qəzetlər Xiyabani hərəkatı yatırıldıqdan sonra Cənubi Azərb. ərazisində Azərb. dilində çıxan ilk qəzetlər idi. Bundan başqa Rəştdə fars dilində "Sərbaz-e sorx" ("Qızıl əsgər", red. X. Vəzirov) qəzeti də nəşr olunmuşdur. Buradakı qəzetlərin səhifələri çeşidli rubrikalar altında publisistik yazılar və kəskin felyetonlar, incəsənətə dair icmallar, nəsr və poeziya nümunələri ilə zəngin idi.
Həmin dövrdə hərbi müxbirlərin fəaliyyəti "Cəbhədə hərbi müxbirlərin fəaliyyəti haqqında Sov. İKP(b) MK-nın Təbliğat və Təşviqat İdarəsi və Qızıl Ordunun Siyasi İdarəsi tərəfindən təsdiq olunmuş 1042a saylı Qaydalar"la tənzimlənirdi. Orada hansı mətbuat orqanlarının cəbhə bödgələrinə öz müxbirlərini göndərmək hüququ olduğu dəqiq təsbit olunmuşdu: "Pravda", "İzvestiya", "Krasnaya zvezda", "Stalinski sokol", "Komsomolskaya pravda" və s. SSRİ-nin tərkib hissəsi olan Azərb.-da da eyni proses gedirdi. Sovet dövründə hərbi münaqişələrlə bağlı məlumatlar siyasi iradəyə uyğun verilir və müxbirlərin hesabatı mühafizəkar xarakter daşıyırdı.
SSRİ-nin süqutundan sonra ortaya çıxan müharibələr jurnalistikanın bu sahəsinin istiqamətinə və inkişafına mühüm təsir göstərmişdi. Münaqişələrin işıqlandırılması üçün həm yeni yaranan müstəqil qəzetlər, həm də hərbi orqanların təsis etdiyi mətbu orqanlar bu istiqamətdə xeyli iş görmüşlər.
Azərb. yenidən müstəqillik əldə etdikdən sonra ilk H.m. orqanı 1992 ilin fevralın 11-də (həmin gün müstəqil Azərb. H.m.-ının yaranması günü kimi qeyd olunur) nəşr olunan "Xalq Ordusu" (indiki Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu") qəzeti idi.
Bundan başqa Daxili Qoşunların "Əsgər" (1992), Daxili İşlər Nazirliyinin "Mübariz keşikdə" (1993), Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) "Hərbi and" (2002) qəzetiləri, "Azeri Defence" (2012) hərbi-texnoloji jurnalı və s. mətbu orqanlar (ümumilikdə 10-dək) fəaliyyət göstərir. Nəşr olunan qəzet və jurnallarda cəbhə xəbərləri, hərbi hazırlığın nəzəri və praktiki məsələləri, hərb sənətinin nailiyyətləri, ordunun döyüş və psixoloji hazırlığı, onun təchizat və təminat qayğıları, kadr çətinlikləri və həlli yolları, Silahlı Qüvvələrin şəxsi heyəti arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, ordu quruculuğu sahəsində aparılan tədbirlərin ictimaiyyətə çatdırılması öz əksini tapmışdır. Həmçinin Müdafiə Nazirliyinin Hərbi nəşriyyatı və Sənədli filmlər Kino-tele studiyası fəaliyyət göstərir.