Həsənağa Əhməd oğlu Əhmədov (28 may 1932, Salyan, Salyan rayonu – 25 fevral 2014, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikasının əməkdar müəllimi, maarif xadimi.
Həsənağa Əhmədov | |
---|---|
Həsənağa Əhməd oğlu Əhmədov | |
Doğum tarixi | 28 may 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 2014 (81 yaşında) |
Vəfat yeri | |
Uşaqları | Rahab Əhmədov, Zaur Əhmədov, Xədicə Əhmədova |
Mükafatları |
|
Həsənağa Əhmədov 28 may 1932-ci ildə Salyan şəhərində anadan olmuşdur. Orta təhsilini N. Gəncəvi adına şəhər 2 saylı orta məktəbdə almış, 1947–1950 illərdə Salyan kənd təsərrüfatı texnikumunda oxumuşdur. O, 1952–1956 illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis dili fakültəsində ali təhsil almışdır.[1]
Həsənağa Əhmədov 1956-cı ildən ömrünün sonuna kimi Salyan şəhər 7 saylı orta məktəbdə ingilis dilindən dərs demişdir.
Həsənağa Əhmədov 25 fevral 2014-cü ildə Salyanda vəfat etmişdir.
Həsənağa Əhmədov 1974-cü ildə respublikada keçirilmiş pedaqoji mühazirələrdə I yeri tutduğu üçün Alma-Atada keçiriləcək pedaqoji mühazirələrə vəsiqə qazanmış, onun müvəffəqiyyətli çıxışı I dərəcəli diploma layiq görülmüşdür. O, bir il sonra, 1975 ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının Pyatiqorsk şəhərində keçirdiyi simpoziumda "Təlim prosesində əyani və təlimin texniki vasitələrindən kompleks istifadə" adlı məruzə ilə çıxış etmişdir. Filologiya elmləri doktoru Aleksandr Aleksandroviç Mirolyubov tanınmış pedaqoqun iş təcrübəsinə aid "Иностранные языки в школе" jurnalında elmi məqalə çap etdirmişdir.[1]
Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyası 1986 ildə onun iş təcrübəsini müzakirə etmiş, bəyənmiş və respublikada yayılmasını lazım bilmişdir. Bununla əlaqədar kitabça çap edilmişdir.[1]
Həsənağa Əhmədov dəfələrlə respublika müsabiqələrinin, "Sosializm yarışı"nın qalibi olmuş, ona "Metodist müəllim" (1977) və "Ali dərəcəli müəllim" (1994) adı verilmişdir. O, dəfələrlə Bakıda keçirilmiş "İlin ən yaxşı müəllimi" müsabiqələrinin birinci dərəcəli diplomunu almışdır.[1]
2000-ci ildə ona "Respublikanın Əməkdar müəllimi" fəxri adı verilmişdir. 2007-ci ildən Prezident Təqaüdçüsü idi.[1]
Həsənağa Əhmədov müəllimlik fəaliyyətinin ilk illərindən başlayaraq qısa müddətə zəngin təcrübə toplamış, şagirdlərə ingilis dilinin tədrisinin yaxşılaşdırılması istiqamətində maraqlı təkliflərlə çıxış etmişdir. Onun mətbuat səhifələrində elmi, pedaqoji, metodiki, psixoloji məqalələri çap edilmişdir. İlk məqaləsi 1958 ildə işıq üzü görmüşdür. Mindən yuxarı məqalənin müəllifi idi. O, pedaqoji fəaliyyəti boyu respublikada xarici dillər üzrə proqramların və metodiki tövsiyələrin hazırlanmasında yaxından iştirak etmiş, ingilis dilinə aid dərslik yazmışdır. Tanınmış pedaqoqun müəllifi olduğu dərslik 1989 ildə V siniflər üçün ingilis dili dərsliyinin tərtibi ilə bağlı keçirilən Respublika müsabiqəsində qalib gələrək Təhsil Nazirliyinin göstərişi ilə kütləvi tirajla çap edilmişdir. Həsənağa Əhmədovun 10 il müddətinə hazırladığı "İngilis dili hamı üçün" (Bakı, 2006) kitabı şagirdlər və ingilis dilini müstəqil öyrənənlər üçün qiymətli vəsaitdir. Onun qələmə aldığı "Müdrik kəlamlar, maraqlı məlumatlar" (Bakı, 2003) adlı kitabı yaradıcılığının şah əsərlərindən sayılır.[1]
Həsənağa Əhmədovun həyatı və fəaliyyətinə aid "Qurultaydan qurultaya" (sənədlər toplusu) (Bakı, 1987), Cavad Cavablının "Sabahın sorağında" (Bakı, 1996), Şamxəlil Məmmədovun "Dərslərdə yaşanan həyat" kitablarında geniş məlumat yazılmış, iş təcrübəsindən ətraflı söhbət açılmışdır. Onun pedaqoji fəaliyyəti ilə bağlı 1981-ci ildə "Pravda" qəzetində məqalə çap edilmişdir.[1]