Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həyat bilgisi – Azərbaycan Respublikasının təhsil sistemində ibtidai (I-IV) və ümumi orta təhsil (V-IX) pillərində tədris olunan inteqrativ fənn.
Həyat bilgisi – şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir.
Fənn ibtidai təhsil pilləsində 2004/2005-ci tədris ilindən başlayaraq tətbiq olunmağa başlanmışdır. İlk "Həyat bilgisi" fənn proqramları, dərs vəsaitləri və dərslikləri 2004-2007-ci illərdə nəşr olunmuşdur[1]. Elə həmin illərdə dərsliklər ölkənin digər təlim dillərinə – rus və gürcü dillərinə də tərcümə olunmuşdur.
2008/2009-cu tədris ilindən başlayaraq ölkədə tətbiq olunan yeni Milli Kurikuluma uyğun olaraq "Həyat bilgisi" fənninin tədrisinə I-II siniflərdə həftədə 1 saat, V-IX siniflərdə 1 saat vaxt ayrılır. Başqa fənlərdən fərqli olaraq bu fənni konkret bir elmin əsaslarını öyrətmir, ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir.
Bu cür geniş əhatə dairəsinə malik olan fənn şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. Fənnin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onları arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu var.
Müəyyən olunmuş məzmun xəttinin (təbiət və biz, fərd və cəmiyyət, mənəviyyat, sağlamlıq və təhlükəsizlik) köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları canlı və cansız aləmin vahid, bütöv və bölünməz obrazı yaradılır. Onlar özlərini bu aləmin bir hissəsi kimi dərk edir, təbiətdə və cəmiyyətdə müşahidə etdikləri hadisələrdən, dəyişikliklərdən və bunlar arasındakı əlaqələrdən nəticələr çıxarır, araşdırmaq, təhlil etmək, proqnoz vermək, fikir və istəklərini başqalarına düzgün çatdırmaq bacarıqlarına yiyələnirlər.
İstehsal, istehlak, vergi, sığorta, ailə və dövlət büdcəsi haqqında bilgilərin sistemli şəkildə mənimsənilməsi nəticəsində şagirdlərin iqtisadi təfəkkürü formalaşır. Onlar resurslara qənaətlə yanaşmaq, kiçik iqtisadi layihələr qurub reallaşdırmaq, şəxsi və ailə büdcələrini idarə etmək bacarıqlarına yiyələnirlər.
Mənəviyyat, sağlamlıq (fiziki, psixi və reproduktiv), həyat fəaliyyətinin təhlükəsizliyi, fövqəladə hallarda mühafizə, vətəndaşlıq, insan hüquqları və azadlıqları, ekoloji tərbiyə məsələləri üzrə bilik və bacarıqlar isə şagirdlərdə ilk dəfə sistemli şəkildə formalaşdırılır.
Fənnin təlimində şagirdlərin təhsili, tərbiyəsi və inkişafı məsələləri üzvi surətdə əlaqələndirilir. Onlar əxlaqi yetkinlik, saflıq, düzlük, əqidəlilik, ədalətlilik, dözümlülük, tolerantlıq, izzəti-nəfs, özünə və başqalarına hörmət kimi yüksək mənəvi dəyərlərə yiyələnirlər.