"Hacı Rəhim Əfəndi məscidi — Azərbaycanın Göyçay rayonunun Qaraman kəndində məscid [1]
Hacı Rəhim Əfəndi məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Göyçay rayonunun Qaraman kəndi |
Tikilmə tarixi | 1900 |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4271 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Məscid tikintisinə 1898-ci ildə başlanılmış, 1900-cü ildə tamamlanmışdır. Məscidin tikilmə tarixçəsi belədir: Əslən Göyçayın Alhoud kəndindən olan Hacı Rəhim Əfəndi səfər edir. O, buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb, öz doğma yurdunda məscid tikdirmək qərarına gəlir. O, vətənə qayıdır və kənd camaatının köməkliyi ilə Qaraman kəndində məscidin tikintisinə başlayır. Nəhayət kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun əsas məqsədi müsəlmanlar üçün ibadət evi yaratmaq, habelə uşaqlara ilahiyyatdan və ümumiyyətlə, islam elmlərindən bilik vermək idi.
Lakin çox təəssüf ki, Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəzasında yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb. Belə ki, o, anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Yalnız möhkəm memarlıq keyfiyyətinə görə məscid tamamilə uçub-dağılmamış, bu günə gəlib çatmışdır.
Məscidin 16 metr hündürlüyü olan minarəsi də var. Minarə bişmiş kərpicdən tikilib. Lakin o, axıra qədər tikilməyərək yarımçıq qalıb. Məscidin damı dəmir təbəqə ilə örtülüb. Bütün qapı və pəncərələri düzbucaqlı formadadır. Tarixi abidə kimi günümüzə qədər gəlib çatmış məscidin ümumi sahəsi 168 kvadratmerdir. Düzbucaqlı şəkildə tikilmiş məscidin uzunluğu 17, eni isə 15 metrdir. Binanı dörd tərəfdən 12 pəncərə işıqlandırır. Ön tərəfdən üç qapı (yan qapılar kiçik, orta qapı böyük) bu gün də fəaliyyətdədir. Qapının biri qadınlara aid bölümə aiddir. Məscid ətrafında imam-xətib hücrəsi, dəstəmazxana və sair təsərrüfat tikililəri vardır.
Məsciddə 25 noyabr 2009-cu il tarixindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş icma fəaliyyət göstərir.