Hacıbaba Əskərov — Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk azərbaycanlı hakim (1965).
Hacıbaba Əskərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Atası | Hacıbaba Əskərov |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | ağırlıqqaldırma üzrə hakim |
Mükafatları | Azərbaycan Respublikasının Əməkdar məşqçisi |
Hacıbaba Məşədi Həsən oğlu Əskərov 22 sentyabr 1917-ci ildə Gəncə şəhərində anadan olub. 1925–1932-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936–1937-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxət və bədən tərbiyəsi müəllimi işləyib. 1937-ci ildə ADBTİ-yə daxil olan Hacıbaba Əskərovun ağır atletika istedadı ortaya çıxıb. O, dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub, böyük bacarıq və qabiliyyəti ilə fərqlənib. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edib.
İkinci Dünya müharibəsinə könüllü yollanan və Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirib. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən "Abrek" ləqəbi verilib. Nevel şəhərin yaxınlığındakı döyüşdə ağır yaralandığı üçün ordudan tərxis edilən Hacıbaba Əskərov, ayaqlarının iflic olması ilə əlaqədar bir müddət sərbəst hərəkət edə bilməyib. Lakin bu vəziyyətlə barışmayan döyüşçü sarsılmaz iradəsi, inadkarlığı sayəsində müxtəlif üsullardan, təmrinlərdən və texnikadan istifadə edərək nəinki sərbəst şəkildə yeriməyə, hətta peşəkar idmanla məşğul olmağa başlayıb. O, motosikl idmanı və ağır atletika üzrə bir sıra yarışların qalibi də olub.
Hacıbaba Əskərov 1947-ci ildən ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) dərs deyib. O, idman sahəsi üzrə Azərbaycan dilində ilk dərsliyin (1963-cü il) müəllifidir.[1][2]
Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hacıbaba Əskərov yığma komandasının əsas çalışdırıcısı kimi ölkəmizdə ağırlıqqaldırma üzrə peşəkar idmançılar yetişdirib. O, 1965-ci ildə ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk hakim olub. Onun hazırladığı mütəxəssislər – Məmməd Useynov, Şua Hüseynov, Nazim Orucov, Vadim Maroçkin, Yusif Əhmədov, Arif Əskərov, Oleq Luqovskoy, Aleksey Kulkov, Yusif Yusifov, Vəli Əliyev, Oqtay Rzayev, İsmayıl İsmayılov Azərbaycanın müxtəlif bölgələrində idmançı kadrlar yetişdiriblər.[3]
2018-ci ilin dekabr ayının 22-də "AAAF Park" yaşayış kompleksinin yarış zalında Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçirilib.[5][6][7]