Hacıbaba Abbasov (tam adı:Hacıbaba Səməndər oğlu Abbasov; 1 iyul 1931, Quba rayonu – 2001) — biologiya elmləri doktoru, professor.
Hacıbaba Abbasov | |
---|---|
Doğum tarixi | 1 iyul 1931 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | ixtiologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | ADU “Onurğalılar zoologiyası” kafedrasının müdiri |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsi |
1 iyul 1931-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində və Quba kənd təsərrüfatı texnikumunda oxuduqdan sonra təhsilini davam etdirərək Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1954-cü ildə Elmlər Akademiyası zoologiya institutunun ixtiologiya laboratoriyasına aspirant qəbul edilir. 1959-cu ildə o, "Mingəçevir su anbarı əsas vətəgə balıqları körpələrinin biologiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülür. Bundan sonra o, demək olar ki, Respublikanın əsas balıq təsərrüfatı sularının, o cümlədən Naxçıvan MSSR-nın, Azərbaycanın Şimali-qərb hissəsi sularının vətəgə balıqları körpələrini daha geniş surətdə öyrənmişdir. O, 1962-ci ildə Xəzər dənizində neft yataqlarının axtarışı zamanı tətbiq edilən partladıcı maddələrin balıqlara təsirinin öyrənilməsində də iştirak etmişdir. Daha sonralar onu su anbarlarının, Kürətrafı göllərin, Xəzərətrafı liman və körfəzlərin balıqçılıqda mənimsənilməsi məsələləri maraqlandırmışdır. Bunlarla yanaşı o, həm də "İnsan və biosfer" proqramı üzrə növü areal daxilində öyrənən (Respublikada) qrupun rəhbəri olmuşdur. Hacıbaba Abbasov 1965–1969-cu illərdə Mingəçevir təcrübə laboratoriyasının rəhbəri olmuş, 1969–1973-cü illərdə Cənubi Xəzər balıqçılığı idarəsinin rəisi işləmiş, 1973–1982-ci illərdə Zoologiya institutunun ixtiologiya laboratoriyasına rəhbərlik etmişdir.
Azərbaycan Elmlər Akademiyasının Zoologiya institutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri kimi çalışan alim biologiya elmlər doktoru (1976), professor (1984) elmi dərəcələrini də almışdır.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin "Onurğalılar zoologiyası" kafedrasının müdiri seçilmiş, ömrünün sonunadək (2001) bu vəzifədə çalışmışdır. O, "Su daşqınlarında çoxalan balıqların artırılmasının bioloji əsasları" (1972), "Azərbaycanın əsas vətəgə balıqları (çəkikimilər, xanıkimilər) körpələrinin biologiyası" (1983) adlı monoqrafiyaların, "Bizim balıqlar" adlı rəngli-şəkilli kitabın, 4 elmi-kütləvi və metodiki kitabçaların, 150-dən çox elmi məqalənin, bir dərs vəsaitinin müəllifidir.
4 mart 2001-ci ildə vəfat etmişdir.