Hadiqaib yaşayış yeri — Şərur rayonunda, Axuraçayın sol sahilində hündür dağlarla əhatələnmiş dərədə Orta əsrlərə aid yaşayış yeri.
Sahəsi 150x60 m.-dir. Əksəriyyəti dördbucaqlı formada olan evlərin qalıqları (hündürlüyü 50-80 sm) dövrümüzədək saxlanmışdır. Yaşayış yerində orta əsrlər üçün səciyyəvi olan bir neçə təndir qalığı, əllə, bəziləri isə dulus çarxında səliqə ilə hazırlanmış saxsı məmulatları (küp, qazan, küpə və s.) aşkar olunmuşdur.[1] Qabların bəziləri (kasa və boşqab tipli qablar) ağ anqob üzərindən yaşıl, digərləri mavi, həmçinin göyümtül rəngli şirlə örtülmüşdür. Tapıntılara əsasən, Hadiqaib yaşayış yerinin VIII–XVIII əsrlərə aid olması ehtimal edilir.[2]