Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər.
Harvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər.[1] 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar.[2][3]
İlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır.[4][5]
10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır.[6] Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir[7]; NBC isə bu məlumatı təkzib edir.[8] Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər.[6] Dörd aktrisa bildirmişdir ki, Vaynşteynin təklifindən imtina etdikdən sonra çalışdıqları film layihəsindən uzaqlaşdırılmış və ya başqa bir layihəyə keçirilmişlər.[6] "The New Yorker" həm də Nyu-York Şəhər Polis Departamentinin 2015-ci ilə aid gizli lent yazısını da əldə edə bilmişdir.[6] Lent yazısında Vaynşteyn model Ambra Battilana Qutierrezi əllədiyini etiraf edir.[6]
"The New York Times" və "The New Yorker" də məqalələrin çap edilməsindən sonra əyləncə sənayesində çalışan bir çox qadınlar Harvi Vaynşteynə qarşı oxşar iddialar səsləndirməyə başlamışlar. Onların bildirdiklərinə görə, Vaynşteyn, gənc aktrisa və modelləri karyeranın müzakirə edilməsi bəhanəsi ilə otel otağına və ya ofisinə çağırmış, daha sonra isə masaj və ya seks tələb etmişdir.[9] Vaynşteynlə çalışmış şəxslərin bildirdiyinə görə, onun bu hərəkətləri görüşləri təşkil edən işçiləri, daha sonra isə qurbanların şikayətlərini ödənişlər və hədələrlə sakitləşdirən hüquqşünasları və naşirləri tərəfindən də dəstəklənmişdir.[9]