Hayla ifaçılığı və haylaçılar

Hayla[redaktə | mənbəni redaktə et]

Hayla deyəndə “haylamaq”, “haraylamaq”, “səsləmək”, “çağırmaq” feilləri yada düşür. Maraqlıdır ki, xakaslar, altaylar, şorlar, tuvalılar, başqırdlar dastana “xay”, “xayla”, yaxud “hay”, “hayla”, dastan söyləyənə isə “xayçı”, “hayçı” deyirlər . Bu sözün bir mənası da “boğazda oxuyan”, yaxud da “boğaz oxuması” anlamını verir. Prof. Metin Ergin “Hakas hayçıları və hayçılık sanatı” adlı tədqiqatında yazır ki, hakaslar arasında nimax, yaxud da alıptıx nimaxlar söyləməyə hayla deyilir. [1] Hayla demək üçün ayrıca musiqilər çalınardı. Hayla demək sanki yarışa bənzəyərdi. Biri hayla deməyə başlayardı, digəri isə o biri tərəfdən cavab qaytarardı. Beləliklə, sıra ilə oraya toplaşan qadınların, demək olar ki, hamısı deyərdi. Və təbii ki, hayla deməkdə xüsusi fərqlənən adamlar vardı. Bu gün də onlarla xatirələr Balakən camaatının yaddaşında yaşayır. Hayla deməyə əvvəlcə qızlar başlayardılar, sonra kişilər də yarışa qoşulardılar. Haylanı deyənlər həm də əllərindəki işi görərdilər. Yəni eyni zamanda həm hayla deyər, həm də tütün düzər, yun didər, qarğıdalı ovar, fındığı qərzəyindən ayırar, barama təmizləyərdilər və s. Hayla deyənlərlə söhbətlərimizdə müşahidə etdik ki, onlar adi söhbət zamanı hayla deməyi sevmirlər. Onların fikrincə, söz yerində, məqamında deyilər. Biz hər zaman məclis tapa bilmədiyimizdən hayla deyənləri harada tapsaq, orada da söhbətləşirdik. Məclislərdə hayla deməyə vərdiş eləmiş şəxslər bu zaman narazı qalırdılar.

Hayla ifaçılığı[redaktə | mənbəni redaktə et]

Dambur ifaçıları dambursuz, musiqisiz hayla deməyi sevmirlər. Desələr də, damburun müşayiəti ilə dedikləri qədər hayla deyə bilmirlər. Bunun təsdiqi üçün bir söyləyicidən eşitdiyimiz məlumatı burada verməyi məqsədəuyğun sayırıq. Gülüzanbinə kənd sakini 1957-ci il təvəllüdlü Bürcəliyev Ramazan İsə oğlunun uşaq vaxtı Sənəmin qarşısını kəsib ondan hayla istədiyini, Sənəmin isə onu sındırmayaraq gedib evdən əvvəlcə damburunu götürdüyünü, sonra hayla oxuduğunu söylədi. Hayla deməyə başlayanda sözə ilk başalayan haylaçı qarşısındakıları deyişməyə dəvət etmək üçün aşağıdakı kimi haylalar çağırmağa başlayardı: Vay diyərəm, diyərəm, Soyub limon yiyərəm. Bizə hamısı birdi, Sizə hansınnan diyərəm? Məclis davam edən zaman kimsə məclisə yeni gələrdisə, söyləyicilərin dili ilə desək, “Burnu qapıdan təzə görünəndə damburçular onu sözlə bir atəşə tutardılar ki, gəl görəsən”. Məclisdən tez çıxıb gedənlərə də eyni münasibət olarmış. Məclisdə iştirak edənlərin hər birinə ayrı-ayrı hayla deyilər, kimi tərif edilər, kiminə də sataşılardı. Süfrəyə yeməyi gec gətirən ev sahibinə də hayla ilə sataşardılar. İndi dolanışıq çətin olduğu üçün evlərdə belə məclislər təşkil etməyə maraq göstərmirlər. Bölgədə dambur sənəti güclü olduğundan dambur auditoriyası olduqca həssasdır, tələbkardır. Söz ehtiyatı olmayan haylaçılar oxumağa başlayanda məclis iştirakçılarından bəziləri onların hər zaman söylədikləri haylaları deyib sataşmağa başlayırlar. Bu, onların məhdud baza ilə auditoriya qarşısına çıxmamaları üçün edilir. Ustad haylaçı və damburçular tərəfindən çağırılan haylaların az bir qismi hələ də ərazidə dolaşmaqdadır.

Haylaçılar[redaktə | mənbəni redaktə et]

Dabaxova Zalxa 1936-cı ildə Zaqatala rayonunun Çobankol kəndində doğulub. Həmyerliləri onu Dabax Zalxa kimi tanıyırlar. O, Çobankoldan Balakən rayonunun Tülü kəndinə gəlin gəlib, 1997-ci ildə Tülüdə dünyasını dəyişib. Onu görənlərin dediklərinə görə, Zalxa boy-buxunlu, əndamlı, iri sifətli qadın idi. Çox zəhmətkeş bir adam olduğu deyilir. Təsərrüfatda çalışar, tütün əkərmiş. Hər il kolxoza bir neçə ton tütün verdiyi söylənildi. Dabaxov Rafiqin dediyinə görə, Dabax Zalxanın öz loğatı var imiş. Biz D.Rafiqdən həmin loğatı ifa etməsini xahiş etdikdə dedi ki, Zalxanın çaldığı loğat qadın havası olduğu üçün o, həmin hava ilə maraqlanmayıb. Söhbətimiz zamanı məlum oldu ki, qadın loğatlarının səsi kişilərin çaldığı havalara nisbətən incə olur, ona görə də kişi damburçular qadın loğatlarını ifa etməkdən yayınırlar. O, əri Dabax Mehralı ilə birgə evdə oturub dambur çalar, deyişərmiş. Zalxanın yaxşı hayla deməsini, demək olar ki, rastlaşdığımız bütün söyləyicilər vurğuladılar. Hətta həyat yoldaşı Dabax Mehralının hayla çağırmağı ondan öyrəndiyini iddia edənlər də oldu. D.Nizaminin dediyinə görə, Zalxa arvad daha çox “Ay gülüm, bülbülüm” havasının üstündə hayla deməyi sevirmiş. D.Zalxa rayonunun ictimai-siyasi həyatında da yaxından iştirak etmiş, yerli sovetin deputatı olmuşdur. Onu tanıyanların söylədiklərinə görə, güclü xarakterə malik qadın imiş. Balakənlilər arasında bu gün də Balakənin Tülü kəndindən olan Ata Kamalla Zaqatala rayonunun Çobankol kəndindən olan Zalxa arasındakı sevgi macərası və deyişmələri dillər əzbəridir. Hüseynova Üneyzətin və Yetərova Səkinə Teyyub qızının (1933-1987) hayla çağırmaları haqqında eşitsək də, onların barəsində, təəssüf ki, dolğun məlumat əldə edə bilmədik. Yalnız onların Tülü kəndinin sakinləri olduğu və iməciliklərdə hayla oxumaları qeyd olundu. Tülü kəndindən olan söyləyicilər bunu da qeyd etməyi unutmadılar ki, o dövrdə kəndin qadınlarının otuz faizi yaxşı hayla deyərdi. Həmin dövrdə kənddə tütün əkilirdi, tütün cızlarının arasından birdən hayla səsi yüksələrdi. M.Olaxan Muxsu adlı qadından bəhs etdi. O dedi ki, yoldan ötən zaman bir də görürdün ki, şirin bir avaz yüksəldi. Soruşurduq ki, kimdir. Deyirdilər ki, Muxsu arvaddı. Muxsunun gözünün biri qarğıdalı qıçası batdığı üçün kor olmuşdu. Onların deməyinə görə, bu qadınlar dambur məclislərində eşidib yadında saxladıqları haylalardan da, özlərinin düzüb-qoşduqları haylalardan da oxuyarmışlar. Bəzən də zəmilərdən deyişmə səsləri yüksələrmiş, qadınlardan biri bu tərəfdə hayla deyər, zəminin o başından onun haylasına cavab gələrmiş. Xəlilov Cahangir haqqında məlumatı Qullar kənd sakini 1937-ci il təvəllüdlü Orucov Sədrəddin Həybullah oğlundan aldıq. O, Balakən rayonunun Poçtbinə kəndinin sakini olub. X.Cahangirin əsli Qazax rayonundan imiş. O, təsərrüfatda çalışan zəhmətkeş bir adam olub, xarakter etibarilə olduqca zarafatcıl, gülərüz imiş. X.Cahangirin, dambur çalmasa da, çox güclü söz demək qabiliyyəti varmış. O, əlində dəyənək bütün günü qoşma oxuyarmış. Söyləyicimizin dediyinə görə, X.Cahangir hətta Durquş İbrahim kimi güclü sənətkarı da bağlaya bilib. Onun doğum və ölüm tarixlərini müəyyənləşdirə bilmədik. Yaşını soruşduqda O.Sədrəddin “Mən görəndə Cahangir kişinin yaşı altmışdan yuxarı olardı”,– dedi. Söyləyici qeyd elədi ki, X.Cahangir aşıqlarla da deyişər, onları bağlayarmış Bölgənin haylaçılarından söz düşəndə Talalar kənd sakini Abdullayeva Hürünün də adı çəkildi. Onun haqqında məlumat verən söyləyicimiz Poladov Qurban onun atasının adının Məhəmməd, yaxud da Ramazan olmasını təxmin etdi. Hürü 80-85 il yaşamışdır. Kiriskom Əli (O, Balakən rayonunun Tülü kəndinin sakini olub), Murtuzov Sirac (söyləyicilər onun Qabaqçöl vağzalı deyilən yerdən olmasını bildirdilər), Xəlilov Ramazan İbrahimxəlil oğlu (Balakən rayonun Hənifə kəndində anadan olub. Kənddə İska ləqəbi ilə tanınıb.) və s. haylaçılar da bölgədə adları qeyd olunan sənətkarlardır. [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Metin Ergin. Ha¬kas hayçıları ve hayçı¬lık sanatı. Milli Folk¬lor. 1993. səh. 71-76.
  2. Ləman Vaqifqızı (Süleymanova). Damur ifaçılığı və hayla yaradıcılığı. Bakı: Elm və təhsil. 2020.