Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.
Üzüm ilbizi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Yarımsinif: İnfrasinif: Koqorta: Yarımkoqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Üzüm ilbizi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir.
Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir. Onun ağız hissəsindən baş və ayaq xaricə açılır. Başın ön tərəfində ağız dəliyi olur. Başın bel tərəfində bir cüt göz çıxıntıları, onların zirvəsində isə gözlər yerləşir. Sağ göz çıxıntısının alt tərəfində cinsi dəlik var. Çanaq ağzının sağ tərəfinin yanında tənəffüs və anal dəliyi olur. Bədən kisəsinin birinci dövrəsini qaraciyər tutur. Axırıncı dövrə ən iri olub, mantiya qatında formalaşmış və orada böyrək, ürək, qan damarları yerləşir. Mantiya, mantiya boşluğunu əhatə edir. Mantiya boşluğu qapalıdır, xarici mühitlə tənəffüs dəliyi ilə əlaqələnir. Mantiya boşluğunda mantiya kompleksi orqanları tənəffüs, qan-damar sistemi və böyrək yerləşir. Mantiya boşluğunun arxa hissəsində ürək olur. O, qulaqcıq və mədəcikdən ibarət olub, aorta ondan başlanğıc götürür. Mantiya qatının daxili tərəfində yerləşən qan-damar sistemi şaxələnərək ağciyəri yaradır. Tənək ilbizinin həzm sistemi ağız dəliyi ilə başlayır, ağız boşluğuna keçir və ondan sonra udlaq gəlir. Udlaq qalın əzələvi divara malikdir. Udlağın dib hissəsindən önə doğru hərəkətli dilcik uzanır. Onun üzərində radula, yaxud sürtkəc olur. Radula çoxlu miqdarda buynuz dişciklərdən təşkil olunmuşdur. Bunlar eninə sıralarda yerləşir. Dilcik radula ilə xaricə uzanaraq qidanı qaşıyır. Udlağa ağızsuyu vəzilərinin axarları açılır. Udlaqdan sonra qida borusu olur. Onun arxa hissəsi geniş və uzun çinədanı əmələ gətirir. Bunun üzərində isə ağızsuyu vəziləri yerləşir. Qida mədədə həll olduqca qaraciyərə keçir, orada daha yaxşı həll olub, şirəsi sorulur və müəyyən qədər ehtiyat qlükogenə çevrilir. Cinsi sistem hermotfroditdir, tək cinsi vəzə malikdirlər. O, müxtəlif vaxtlarda həm toxum, həm də yumurta hüceyrəsi hazırlayır. Dişi və erkək cinsi dəliklər bir-birinə yaxın yerləşir və ümumi kloaka dəliyi ilə xaricə açılır.