Heydərbabaya salam

Heydərbabaya salam — məşhur Cənubi Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı poema.

Heydərbabaya salam
Müəllif Məhəmmədhüseyn Şəhriyar
Orijinal dili Azərbaycan dili
Nəşr ili 1954
Heydərbaba ildırımlar çaxanda
Sellər,sular şaqıllayıb axanda
Qızlar ona səf bağlayıb baxanda
Salam olsun Şövkətüzə,elüzə
Mənim də bir adım gəlsin dilüzə...

Poema haqqında

[redaktə | mənbəni redaktə et]

Poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur. "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər.

"Azerbaycan" jurnalının 1955-ci il yanvar-fevral sayı

Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınmışdır.

Sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Poema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır.

Əsərin birinci hissəsi 1952-ci ildə tamamlanmışdır. Şəhriyarın həyatından göründüyü kimi 1952-ci ildə anasının ölümündən sonra o, Tehranı tərk edərək Təbrizə yola düşür. Düzdür, mənbələrdə Şəhriyarın İranın digər şəhərlərinə, xüsusilə Şiraza getmək fikrində olduğunu qeyd edirlər. Lakin, ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, "Heydərbabaya salam" kimi bir poema yazan, daim təəssübkeşlik mövqeyindən çıxış edən Şəhriyar məhz Təbrizə üz tuta bilərdi. M.Rövşənzəmir bu haqda yazırdı: "Heydərbaba dağı bir gün yerlə-yeksan ola bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır".

1954-cü ildə "Heydərbabaya salam" əsərinin Təbrizdə nəşr olunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng olmuşdur. Əbdüləli Şəhriyarın ən yaxın dostlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çox kitabların müəllifidir. Ə.Karəng poemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də poemanın xüsusi məziyyətlərindən söhbət açır.

Kitabda maraq doğuran cəhətlərdən biri də "Heydərbabaya salam" poemasında işlədilmiş şəxs və yer adı göstəricilərinin izahatı ilə əlaqədardır. Həmin izahlar say etibarilə 74 izahat şəklində qruplaşdırılmışdır və demək olar ki, poemanın birinci hissəsində bütün adlar izah olunaraq oxucunun poema boyu heç bir çətinlik çəkmədən göstərilən şəxs və yer haqqında tam məlumatlanmasına imkan yaradır. Bu izahatlar Şəhriyarın dili ilə verilir. Lakin kitabda həmin izahlar Mirzə Tahir Xoşnevisin xətti ilə yazılmışdır. Poemadakı şəxs və məkan adlarının izahını ustad Şəhriyar demiş, Mirzə Tahir isə qələmə almışdır.

  • Heydərbabaya salam. Təbriz: 1954.
  • Heydərbabaya salam. Bakı: Azərnəşr, 1964.
  • Heydər babaya salam. Bakı: Azərnəşr, 1998, 80 səh. (Tərtibçi: Pənah Xəlilov).