Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
Dənizdə yaşayan heyvanlar üçün qitələr, qitələrdə yaşayanlar üçün isə dənizlər keçilməz coğrafi sədlərdir. İlk su heyvanı (xərçəng, balıq və s.) quruya çıxarıldıqda tələf olur, ilk quru heyvanları isə (kərtənkələ, quş, ceyran və s.) suyun altında uzun müddət qala bilməz. Soyuq iqlimdə yaşayan ağ ayı və pinqvin mülayim və isti iqlimə dözə bilmir. Eyni coğrafi ərazi daxilində hər bir bioloji növ özünün təkamül prosesində müəyyən yaşama şəraitinə uyğunlaşmışdır. Elə bir növ yoxdur ki, o hər cür ekoloji şəraitdə yaşaya bilsin. Ağacdələn, sincab və s. meşə heyvanı səhrada yaşaya bilməz, dəvə və sünbülqıran kimi səhra heyvanı da meşədə ola bilməz. Ceyran düzənlik heyvanıdır, o, dağda bərk qaçıb özünü qoruya bilmir, amma dağ keçisi üçün sıldırım qayalıqlar ən yaxşı yaşama yeridir. Hər bir heyvanın davranışı başqasından fərqli olur. Onlar özünəməxsus təbii komplekslər (birliklər) əmələ gətirməyə cəhd edir. Hər kompleksdə olan heyvanlar öz aralarında cütləşib nəsil verir. İllər keçir, növün daxilində müxtəliflik çoxalır. Deməli, heyvanların yayılması təbiətdəki coğrafi sədlərdən, konkret ekoloji şəraitdən və növü təşkil edən fərdlərin müxtəlifliyindən asılıdır.
Bioloji növün yaşaması üçün əlverişsiz olan şərait onun yayılmasını məhdudlaşdırır. Hər növün olduğu yeri xəritədə xüsusi xətlə dövrəyə alsaq, həmin növün yayılma sahəsi alınar. Növün yayılma sahəsinə onun arealı deyilir. Hər bir növ özünəməxsus areal daxilində formalaşır.
Bitki və heyvanların təbii qruplaşmaları. Botanikadan bilirsiniz ki, təbiətdə bitkilər xüsusi təbii qruplar əmələ gətirir, hər bir qrup müəyyən bitki növlərindən ibarət olur, lakin təbiətdə bitkilər tək yaşaya bilməz. Onlar fotosintez edib üzvi maddələr hazırlayır, heyvanlar onun hesabına yaşayır. Bitkiyeyən heyvanları da başqa heyvanlar yeyib dolanır. Deməli, bitkilər birbaşa və dolayı yollarla bütün heyvanların yaşaması üçün əvəzedilməzdir. Bundan başqa bitkilər heyvanların sığınacaq yeridir. Heyvanlar bitkilərin arasında soyuqdan və qızmar istidən qorunur, yırtıcılardan gizlənir, yuva tikib nəsil verir. Arı, kəpənək və kiçik quşlar bitkilərin çarpaz tozlanmasında iştirak edir. Bir sıra heyvanlar bitkilərin toxumunu yayır. Deməli, bitki heyvana, heyvan da bitkiyə lazımdır. Onların arasındakı əlaqələlərə görə təbii qrupları formalaşır. Ona görə hər hansı heyvan növü öz arealının hər yerində deyil, başqa növlərlə xüsusi qruplaşmalar əmələ gətirdiyi yerlərdə yaşaya bilir. Məsələn, qonur qurbağa və cəld kərtənkələnin arealı, demək olar ki, eynidir, lakin onların təbii qrupları ayrı olduğu üçün heç vaxt birlikdə təsadüf edilmir. Qurbağa rütubətli və kölgə yerlərdə, kərtənkələ isə quru sahələrdə olur. Qurbağa nəm yerlərdəki ağcaqanadları, hünüləri və başqa cücüləri, kərtənkələ isə quru sahədə olan böcəkləri yeyir. Ona görə qurbağa və kərtənkələ hər ikisi cücüyeyən olmasına baxmayaraq, onların arasında qida rəqabəti yoxdur və ya zəifdir.
Təbiətdə canlıların ətraf mühitlə və öz aralarında əlaqəyə girib əmələ gətirdiyi təbii qrup tutduğu sahəsinə və yaşamasına görə vəhdət təşkil edir. Çəmənlik, meşə, kolluq və bu kimi sahələrin hər birinin canlı qrupu sıx əlaqədə yaşayır. Yaşıl çəmənlikdə yazda arılar çiçəklərdən şirə (nektar) və tozcuq toplayır. Kəpənəklər çiçəyin şirəsini sorur, bitkilər üzərində yumurta qoyur. Onlardan çıxan tırtıllar bitkilərin yaşıl hissələri ilə qidalanır. Kəpənəkləri və onların tırtıllarını öz növbəsində quşlar və başqa cücüyeyən heyvanlar yeyir. Bitkilərin quruyub yerə tökülmüş çürüntüsünü soxulcanlar yeyir. Soxulcanı da qara-toyuq kimi quşlar tapıb yeyir. Xatırlayın ki, soxulcanlar torpağın qurucusudur.
Misallardan aydın olur ki, havada uçan quşlar qida zənciri vasitəsilə torpaqda yaşayan canlılardan asılı olur (soxulcan-çəmən bitkiləri-tırtıl-kəpənək-quş). Canlıların təbii birliklərində olan növlər bir-birinin sayını müəyyən balansda (müvazinətdə) saxlayır. Məsələn, çəmənlikdə cücülər azalanda quşlar kifayət qədər qida tapa bilmir, onların balası ac qalıb tələf olur. Quş olmayanda cücülər yaxşı şəraitə düşüb tez çoxalır. Belələiklə çəmənlikdə cücülərin və quşların sayı həmişə çoxalıb-azalmaqla müəyyən səviyyədə qalır.
Cəmiyyətin inkişaf tarixinin ilk vaxtlarında insan təbii qüvvələrdən çox asılı olmuşdur. O vaxt adamlar böyük çətinliklə meşələri qırıb özlərinə əkin sahəsi təmizləyir və yırtıcı heyvanlardan qorunmağa çalışırdılar. Ona görə insanın təbiətə təsiri az idi. Yer üzərində əhalinin artması, ovçuluq, balıqçılıq, Kənd təsərrüfatı və sənayenin inkişafı nəticəsində insanın təbiətə təsiri durmadan çoxalmışdır. İqtisadiyyatın təbiətə təsiri texniki tərəqqi vasitəsilə qat-qat gücləndi, planetimizin siması kökündən dəyişdi. İndi ilkin təbii sahələr az qalıbdır.
İnsanın başqa canlılara təsiri iki yolla olur: birbaşa tələf etməklə və yaşama yerini dəyişdirməklə. Canlıların təbii birliklərində yaşayan növlərdən birini tələf etdikdə, başqa növlərin də həyatı pozulur. Məsələn, çəmənlikdə torpaq arılarının yuvasını dağıtdıqda həmin arılar ilə tozlanan bitkilər toxum verə bilmir və tədricən azalır. Bitkinin hesabına yaşayan cücülər yoxa çıxır, nəticədə, həşəratyeyən quşlar da azalır. Belə çəmənlikdə ot seyrəlir və qurumağa başlayır, torpaqda soxulcan azalır, çəmənlik tamam kasıblaşır, onun yerini bir neçə növ tikanlı koldan (mal yeməyən) ibarət bitkilər tutur. Bunu kəndlərin ətrafında, mal-qara örüşlərində və yolların kənarında görmək çətin deyildir.
Kənd təsərrüfatı və meşə bitkilərinin ziyanvericilərinə və xəstəliklərinə qarşı zəhərli kimyəvi maddələrlə mübarizə aparılması heyvanlar aləminə güclü təsir edir. Zəhərli kimyəvi maddələrdən istifadə edərkən səhlənkarlığa yol verilməsi və qayda-qanunun pozulması halları canlıların birliklərinə, son nəticədə insanın özünə boyük ziyan vurur. Sənaye tullantıları ətraf mühiti, yəni havanı, suyu və torpağı çirkləndirib yararsız edir, bəzən ölü bölgə əmələ gəlir ki, həmin yerlər səhradan da kasıb olur.
Heyvanların və bitkilərin təbii birliklərinin pozulması halları heç də hər yerdə həmişə zərurətdən irəli gəlmir. Ov heyvanlarının təbii ehtiyatının tükəməsi çox yerdə onların vəhşicəsinə (elmsiz, plansız) ovlanmasının nəticəsidir. Dünyada çoxlu quşun və məməli heyvanın nəslinin kəsilməsi qorxusu yaranmışdır (1000 növə qədər).
Əvvəlcə özünü təbiətdən qorumağa çalışan, sonra təbiət üzərində qələbə çalıb onu korlamış olan insan indi təbiəti qorumağa məcburdur. Əks halda təbiət insandan qisas ala bilər. Təbii komplekslərin pozulması insanı ərzaqsız qoymaqla kifayətlənmir. Milyon illərdə təkamülün sınağından çıxmış təbii kompleksləri insan pozanda bulaqlar və çaylar quruyur, onların yerində qısamüddətli dağıdıcı sellər əmələ gəlir, göllər və dənizlər dayazlaşır, meşələr və çəmənliklər quruyur, hər yeri toz basır, gözlənilməz xəstəliklər aləmi bürüyür. Ona görə təbiətin qorunmasında bütün dünya əhalisi iştirak edir.
Təbiətin qorunması ondan istifadə edilməsini dayandırmaq deyildir. Təbiət ondan istifadə edilərkən qorunur, yalnız qoruqlarda olan təbii birliklərin istifadəsi müəyyən müddət dayandırılır. Heyvanlar aləminin qorunması qarşısında bir neçə əsas vəzifə durur: insanın maddi və mənəvi həyatında heyvanların faydasını daimi saxlamaq; insanın heyvanlara birbaşa və dolayı yollarla zərərli təsirini aradan qaldırmaq; təbii birlikləri qoruyub saxlamaq üçün həyata keçirilən tədbirlərdə ardıcıllıq yaratmaq, heyvanlar aləminin qorunmasında elmin və beynəlxalq əməkdaşlığın fəal iştirakını təmin etmək. İnsan üçün hal-hazırkı əhəmiyyətindən asılı olmayaraq heç bir heyvan növünün nəslini tamam kəsməyə icazə verilmir.
1999-cu ildə "Azərbaycanda heyvanlar aləmi" haqqında Qanun qəbul edilmişdir. Həmin qanunun əsas tələbi respublikada heyvanlar aləminin müxtəlifliyini qoruyub saxlamaqdır. Bu, o deməkdir ki, heç bir növün nəslinin kəsilməsinə yol vermək olmaz. Heyvanlardan ağıllı istifadə edəndə onların ehtiyatı heç vaxt tükənmir. Məsələn, təbiətdə vəhşi toyuq ildə bir dəfə 12–14 yumurta qoyub kürt düşür, amma insan onu məcbur edir ki, gündə bir yumurta versin. Deməli, insan toyuğun daxili imkanlarını üzə çıxarmağa nail olur. Beləcə bütün heyyanları çox məhsuldar etmək olar. Bunun üçün elmin düzgün tətbiqi lazımdır. Elmi əsası olan ovçuluq təsərrüfatları heyvanlardan istifadə etməkdə və onların qorunmasında gələcəyi yaxşı olan tədbirlərdən biridir, lakin nəsli kəsilmək qorxusu yaranmış növlərə münasibət tamam başqadır. Belə növlərin ovlanması qadağan edilir, onlar süni şəiraitdə artırılıb təbiətə buraxılır, Qırmızı kitaba daxil edilir, yaşama yerləri yaxşılaşdırılır təbii vəziyyəti haqqında əhaliyə məlumat verilir. Qırmızı kitab beynəlxalq, ölkə və vilayətlər üzrə olur. Beynəlxalq qırmızı kitaba düşmüş növ hansı ölkədə varsa, onun Qırmızı kitabına mütləq daxil edilir. Öİkənin Qırmızı Kitabına düşmüş növ hansı vilayətdə yaşayırsa, onların da Qırmızı Kitabına daxil edilir. Qırmızı Kitaba elə növlər daxil edilir ki , təbiətdə sayı azaldığı üçün öz-özünü saxlaya bilmir. Kiçik bir ərazidə qalan və ya sayı durmadan azalan növlər də Qırmızı Kitaba daxil edilir.
Heyvanlar aləminin müxtəlifliyini saxlamaq üçün qoruqların rolu çox böyükdür. Azərbaycanda 16 qoruq və 18 yasaqlıq yaradılmışdır. Qoruqda heç bir təsərrüfat işləri görməyə icazə verilmir.
Heyvanların qorunması nəticəsində yüzlərlə növün nəslinin kəsilməsi qorxusu aradan qaldırılmış, bir sıra növün təbii ehtiyatı bərpa edilib, yenidən səmərəli istifadə olunur: sığır, sayqak, dəniz pişiyi, norka və s.
Təbiətin, o cümlədən heyyanların qorunmasında məktəblilərin öhdəsinə böyük işlər düşür. Məktəblinin təbiətə münasibəti başqalarına nümunə olmalıdır. Onda hər yerdə, xüsusən Azərbaycan kimi isti diyarda çox ehtiyatlı olmaq lazımdır. Təbiətdə yanğın çox zərərli hadisədir. Təbiətdə gəzərkən qışqırmaq və ya musiqi alətlərindən istifadə etmək səs-küy əmələ gətirib heyvanları qorxudur, onların normal yaşayışını pozur. Təbiətin öz səsi ən yaxşı musiqidir. Gəzintiyə çıxarkən təmizliyə əməl edilməsi vacib şərtdir. Sahəyə atılan şüşə qabların sınıqları gec-tez hər hansı bir nəfərin və ya heyvanın ayağını kəsməlidir. Məktəbin həyətində və cavan bağlarda quş evcikləri asmaq və quşları qışda yemləmək üçün yem təknəcikləri qoymaq məktəblinin müqəddəs borcudur. Təbiət hamıya məxsusdur, hamımızın birgə evimizdir, onu hamımız qoruyub, mühafizə etməliyik.