Hindistan Həmkarlar İttifaqları Mərkəzi

Hindistan Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca HHİMHindistanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Yeni Dehlidə yerləşir.

1947-1948-ci illərdə Hindistanda 2 aparıcı həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdi. Bunlar Hindistan Kommunist Partiyasının nəzarəti altında olan Ümumhind Həmkarlar İttifaqları Konqresi və millətçilərin təşəbbüsü ilə yaradılan Hindistan Milli Həmkarlar İttifaqları Konqresi idi. Göründüyü kimi, hər iki təşkilat müxtəlif siyasi partiyaların himayəsinə və ideologiyasına söykənmişdi. Bu isə işçilərin hüquqlarını qoruyan bir qurum üçün çox da arzuolunan hal deyildi. Məhz bu səbəbdən 1948-ci ildə tam müstəqil fəaliyyət göstərən, heç bir siyasi partiyadan asılılığı olmayan Hindistan Həmkarlar İttifaqları Mərkəzi yaradıldı.

Təşkilatın yaranmasını təsdiq edən konqresdə Hindistan Əmək Federasiyası, Hind Mazdoor Paçayat və digər müstəqil həmkarlar ittifaqları iştirak ediblər. Konqresdə 427 təşkilat 600 nəfər nümayəndə ilə təmsil olunurdu.

Mərkəz əməkçi insanların əmək və sosial hüquqlarının müdafiəsini demokratik prinsiplərə əsaslanmaqla özünun prioritet vəzifəsi hesab edir.

Əməkçi qadın və kişiləri maraqlandıran bütün məsələləri hər zaman diqqətdə saxlayır. Əmək bazarında baş verən dəyişikliklər, uşaq əməyinin istismarı, gender problemləri, məşğulluq, gənclərin işlə təmin edilməsi, narkomaniya və QİCS-in azaldılması məsələləri ilə bağlı müxtəlif proqramlar və layihələr hazırlayır.

Mərkəz 3 milyon 300 min üzvü özündə cəmləşdirir.

Hazırda təşkilata Şarada Rao sədrlik edir.

Beynəlxalq münasibətlər

[redaktə | mənbəni redaktə et]

Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.