Hindistanda orta təhsil

Hindistanda orta təhsilHindistan Federativ Respublikasında mövcud olan orta təhsil sistemi.

Hindistanda məktəb
Mizoramda hind məktəbli uşaqlar

Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür:

  • orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir.
  • yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir.

Bu təhsil pilləsinin əsas məqsədi gəncləri gələcək iş həyatına və ali təhsil müəssisələrinə hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb olunur.

Tədris ili bütün ştatlarda 200 gündən çox davam edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili, bəzi ştatlarda isə qış tətili üçün uzun istirahət müddəti verilir.

Ölkənin Təhsil üzrə Milli Strategiyasında müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta təhsil müəssisələrində tədris olunur. Statistikaya görə, Hindistanda 90 milyona yaxın 14-18 yaşlı uşaq var ki, onların da yalnız 31 milyonu orta təhsilə cəlb olunub. Bu isə orta təhsil yaşlı uşaqların üçdə iki hissəsinin təhsildən yayınması deməkdir.

Hindistan orta təhsil sisteminin qarşısında duran başlıca məsələlərdən biri də cəmiyyətin kasıb təbəqəsinin orta təhsilə cəlb olunmasını təmin etməkdən ibarətdir. Bu baxımdan İnsan Resurslarının İnkişafı Nazirliyinin tabeliyində olan bir çox qurumlar orta təhsil pilləsinin əhatə dairəsinin genişləndirilməsi üçün səylərini artırırlar.

Bu qurumların sırasına Təhsil Tədqiqatı və Təlimi üzrə Milli Şura, Orta Təhsil üzrə Mərkəzi Şura, Açıq Təhsil üzrə Milli İnstitut, Təhsil Texnologiyaları Mərkəzi İnstitutu və digərləri daxildir.

Hindistan orta təhsil sisteminin əsas cəhətlərindən biri də ondan ibarətdir ki, bu təhsil pilləsində şagirdlər öz seçimlərinə uyğun iş tapmaq üçün peşəyönümlü ixtisaslara yiyələnə bilərlər. Təhsil Tədqiqatı və Təlimi üzrə Milli Şuranın dəstəyi ilə yaradılmış Peşə Təhsili Mərkəzi İnstitutu orta təhsilin peşə baxımından ixtisaslaşdırılmasına cavabdeh olan yüksək səviyyəli tədqiqat və inkişaf təşkilatıdır. Bu institut peşə proqramlarına birbaşa və akademik dəstək verir, istehsal müəssisələrində işləyən mütəxəssisləri təhsil ocaqlarına dəvət edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]