Hirkan qızçiçəyi - (lat. Bellis hyrcanica Woronow.). Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür.[1][2]
Regional IUCN Statusu - VU D2[3]
Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür. Dilcik sarğıdan 2 dəfə uzundur, ağdır. Toxum 1 mm-ə qədər uzunluğundadır.[4][5]
Çiçəkləməsi aprel-may, meyvələməsi iyul aylarına təsadüf edir. Dənizkənarı çəmənlərdə yayılmışdır. Çoxalması toxumladır.[5]
Populyasiyanın təbii ehtiyatı azdır, yeganə lokalitetdə mənfi təsirlərə həssaslıq müşahidə edilir.
Antropogen və zoogen məhdudlaşdırıcı amillərdir.
Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Antropogen təsirlərin qarşısının alınması, bitdiyi ərazilərin nəzarət altında saxlanılması tələb olunur.