Hirkan qovağı - (lat. Populus hyrcana Grossh.) Söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür. [1][2]
Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir. Kənarları bütövdür və ya nisbətən dərin oyuqvari dişlidir. Üst tərəfi yaşıl, alt tərəfi pambığaoxşar bozumtul tükcüklü və ya çılpaqdır. Sırğalarının və qutucuğunun oxu çılpaqdır.[3][4]
Çiçəkləməsi aprel, meyvəverməsi iyun-iyul aylarına təsadüf edir. Meyvələri avqust –sentyabr aylarında yetişir. Tozlanması –anemofildir. əsasən kök pöhrəlri ilə çoxalır. İşıqsevən, tezböyüyən və istisevən ağac cinsidir. Subtropik zonanın podzollu və podzollu-qlryli torpaqlarının həm suvarma, həm də yeraltı sular vasitəsilə artıq dərəcədə nəm olan yerlərində bitir. Tez böyüyən ağac cinsi kimi oduncaq tədarükü üçün və tarlaqoruyucu meşə zolaqlarının və yaşıllıqların salınmasında istifadə oluna bilər.[3][5]
Lənkəranın dağlıq hissəsi və Lənkəran ovalığı (Düzən meşələrində, çay sahili boyunca rütubətli dərələrdə bitir).[3][4]
Ehtiyatı azdır. Lənkəran rayonunun Xanbulaq su anbarı və Hirkan qəsəbəsi yaxınlığında kiçik qrup halında, tək-tək rast gəlinir.
Təbii bərpasının zəif gedir. Oduncağından məişət təsərrüfatında istifadə olunur.
Hirkan Milli Parkında mühafizə olunur.