Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 5-i dərman bitkisidir. Tamarix hohenackeri Bunge– Hohenaker yulqunu - Гребенщик Гогенакера - Gogenacker tamarisk [1].
Hündürlüyü 2.5-3 (bəzən 6) m çatan kol və ya kiçik ağacdır. Gövdəsinin qabığı qırmızı-mixəyi, birillik budaqları isə qonur-köhrən rəngdədir. Yarpaqlarının uzunluğu 1–5 mm, eni 1mm qədər, xətti-lansetvari və lansetvaridir. Çiçəklərinin ləçəkləri ağ, açıq çəhrayı və ya əlvan çəhrayı rəngdə, yumurtavari elliptik formalıdır. Uzunluğu 1-8 sm, eni 3–7 mm olan salxımlar əmələ gətirirlər. Salxımlar tək və dəstə şəklində 2 sm qədər olan çiçək saplaqları üzərində yerləşir. Qutucuğunun uzunluğu 4–6 mm, eni 2 mm-dir, hər birində orta hesabla 25-27 xırda toxum vardır. Aprel-iyun aylarında çiçəkləyir və meyvə verir.
Hohenaker yulqunu qafqaz coğrafi tipinin qafqaz sinfinin qafqaz qrupuna aiddir. İran, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda hohenaker yulqunu Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi və cənub rayonları, Samur-Dəvəçi, Kür-Araz ovalıqları, Kür və Naxçıvan düzənliyi, Naxçıvanın dağlıq hissəsi, Bozqır yaylası, Alazan-Əyriçay vadisi və Abşeronda əsasən aranda, bəzi hallarda orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.
Halomezokserofitdir, səhra vəsahilyanı bitkilik tiplərində rast gəlir. Çay vadiləri, qumluqlar, çaqıl daşları, şoran, qilli düzənliklərdə seyrək və qrup şəklində bitir.
Flavonoid və aşı maddələrlə zəngindir.
Xalq təbabətində tətbiq edilir. Əsasən sarılıq, revmatizm, dalaq, sifilis, sonsuzluq xəstəlikləri, qanaxmalar zamanı istifadə olunur. Büzüşdürücü təsirə malikdir.
Müalıcə məqsədi ilə bitkinin çiçəkləri, meyvələri, budaqları və qabığı istifadə edilir.
Cövhər və dəmləmə.
Dekorativ, aşı maddəli, və bal verən bitkidir.