Honkonq Çin Universiteti

Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Honkonq Çin Universiteti
CUHK, 中大, 港中大
香港中文大學
Xəritə
22°25′11″ şm. e. 114°12′24″ ş. u.HGYO
Əsası qoyulub 1963
Tip Dövlət
Tələbə sayı 28,688 (dekabr 2012)[1]
Şəhər Honkonq, Yeni Sahə, Ma-şuy Lyu, Şa Tin rayonu
Ölkə
Sayt cuhk.edu.hk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.

Honkonq Çin Universitetinin yaradıcıları Çin ilə Qərbi, qədim ənənələri və müasirliyi birləşdirə biləcək bir körpü qurmaq niyyətində idilər və bu gün onların öz məqsədlərinə nail olduqlarını əminliklə söyləmək olar.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Honkonq Çin Universitetinin kampusu Şa Tin rayonunda Tolo Harbor limanında meşələrlə örtülmüş dağlıq ərazidə yerləşir. Kampus ümumilikdə 173,3 hektar ərazini əhatə edir. Zəngin flora və faunaya malik bu ərazi gözəlliyi ilə hər kəsi cəlb edir. Kampusda Çin və Qərb memarlıq üslublarında inşa edilmiş 151 tikili var. Şəhərciyin ən məşhur yerləri Yeni Asiya Kollecində Konfutsi heykəli, Çunq Çi Kollecində Lion (aslan) pavilyonu, kitabxananın qarşısındakı memar Çju Min tərəfindən tuncdan hazırlanmış Müdriklik qapılarıdır. Universitetin kampusu Honkonqun mərkəzi, səs-küylü rayonlarından kənarda yerləşməsinə baxmayaraq, buraya asanlıqla gəlmək mümkündür. Kampusa yüksək sürətli qatarlar (MTR-İctimai dəmiryolu tranziti), çoxlu sayda avtobuslar işləyir.

Honkonq Çin Universitetinin nəzdində 9 kollec fəaliyyət göstərir: Çunq Çi, Yeni Asiya, Birləşmiş, Şo, CW Çu, Vu Yi Sun, Li Vu Sinq, Morninqsayd və SH Ho kollecləri. Kolleclərdə müxtəlif proqramlar, seminarlar, dil, texnologiya və idarəetmə üzrə layihələr, məktəbdənkənar tədbirlər həyata keçirilir. Burada daha çox tələbələr arasında kommunikabellik və mədəni anlaşma bacarığını, ictimai məsuliyyət hissini aşılayan qeyri-formal tədris növləri keçilir, tələbənin şəxsi keyfiyyətlərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin tələbə təşkilatları kolleclərdə yerləşir. Hər kollecin ayrıca kampusu, yataqxanaları və s. obyektləri, xidmət mərkəzləri mövcuddur.

Honkonq Çin Universitetində bakalavr, magistr və doktorluq səviyyəsində təhsil verən 8 fakültə, eləcə də magistr və doktorantlar üçün bir ali məktəb var:

Humanitar və riyaziyyat elmləri fakültəsi Antropologiya (Çin icmaları antropologiyası, Mədəni antropologiya), Çin dili və ədəbiyyatı, Mədəni tədqiqatlar (Mədəniyyətlərarası tədqiqatlar, Mədəni menecment, Vizual Mədəniyyət tədqiqatları), İngilis dili (İngilis dilinin tətbiqi linqvistikası, Ədəbiyyatşünaslıq), Təsviri incəsənət (Çin incəsənəti tarixi), Tarix (Müqayisəli və ictimai tarix), Yaponşünaslıq (Yapon dili və tədrisi), Linqvistika (Çin dili və linqvistikası), Musiqi, Fəlsəfə, Dinşünaslıq, İlahiyyat (Xristianlıq tədqiqatları, İlahilik, Teoloji tədqiqatlar), Tərcüməçilik (Avtomatlaşdırılmış tərcümə) departamentlərindən ibarətdir. Bu fakültəni Çeunq Samuil, Devid Fora, Simon Haines, Syun Pinq-çen, Leo Li, Leunq Ki-çi, Pu Mu Çju, Cenni So, Ki-lonq Billi, Çjao Zenkay və s. kimi dünya üzrə məşhur alim və ədəbiyyatçılar bitiriblər.

Biznes idarəetmə fakültəsi Mühasibat, Otel (Mehmanxana) və Turizm İdarəetməsi məktəbləri, İdarəetmə iqtisadiyyatı, Maliyyə, Menecment, Marketinq departamentlərindən ibarətdir. Fakültənin MBA və EMBA proqramları dünyada ən yaxşılar arasındadır. Fakültənin məzunları arasında görkəmli biznesmenlər, iş adamları, hökumət nümayəndələri var.

Pedaqogika fakültəsi Tədris proqramları və təlimatları, Təhsil administrasiyası və siyasəti, Təhsil psixologiyası, İdman və fiziki tərbiyə departamentlərindən və Fiziki təhsil bölməsindən ibarətdir. Fakültə müəllim və təhsil üzrə mütəxəssis hazırlayır.

Mühəndislik fakültəsi Kompüter elmləri və texnologiya, Elektronika, İnformasiya mühəndisliyi, Mexanika və Avtomatlaşdırma mühəndisliyi, Sistemlər və menecment mühəndisliyi departamentlərindən ibarətdir. Burada yüksək səviyyədə ixtisaslaşmış mühəndislər, texnologiya sahəsi üzrə mütəxəssislər hazırlanır.

Hüquq fakültəsi Asiyanın ən aparıcı tədqiqat yönümlü fakültələrindən biridir. Fakültə ədalətin bərqərar olması, ətraf mühitin, ictimai sağlamlığın mühafizəsi, təhlükəsizliyin təmin edilməsi, biznes hüququ və s. sahələr üzrə tədqiqat aparır.

Tibb fakültəsi Tibbi Biologiya elmləri, Netersol tibb bacısı, Əczaçılıq, İctimai səhiyyə və İlkin tibbi yardım məktəblərindən, Anesteziya və intensiv terapiya, Anatomiya və hüceyrə patologiyası, Kimya patologiyası, Kliniki onkologiya, Müdaxiləçi radiologiya, Tibb və terapiya, Mikrobiologiya, Mamalıq və ginekologiya, Oftalmologiya və vizual elmlər, Ortopediya və travmatologiya, Otorinolarinqologiya, Baş və boyun cərrahiyyəsi, Pediatriya, Psixiatriya, Cərrahiyyə departamentlərindən, 30-dan çox tədqiqat mərkəzindən, 20-dən çox bölmədən, Honkonq Xərçəng, Ailə Təbabəti, Li Ka-şinq Sağlamlıq institutlarından ibarətdir. Fakültənin tələbələri universitet xəstəxanasında, Şahzadə Uels hospitalında təcrübə keçirlər.

Dəqiq elmlər fakültəsi universitetin ən böyük fakültələrindən biridir. Fakültənin iki əməkdaşı Nobel mükafatı laureatıdır. Fakültə Biokimya, Biologiya, Kimya, Riyaziyyat, Fizika, Statistika departamentlərindən ibarətdir. Bununla yanaşı, fakültənin nəzdində 5 institut (Çin təbabəti, Dəqiq mexanika, Optik elm və texnika, Nəzəri fizika, Elm və Texnologiya institutları), 20-yə yaxın mərkəz və laboratoriya fəaliyyət göstərir. Son zamanlar 7 ən yeni bakalavr fənlərarası proqramının inkişafına xüsusi diqqət göstərilir. Bunlar Ekologiya, Qida elmləri, Materialşünaslıq, Molekulyar biotexnologiya, Çin təbabəti, Risk idarəetmə elmləri, Tətbiqi kimya və menecment proqramlarıdır.

İctimai elmlər fakültəsi Memarlıq, Jurnalistika və Kommunikasiya məktəblərindən, İqtisadiyyat, Coğrafiya və resursların idarəolunması, Hökumət və dövlət administrasiyası, Jurnalistika və kommunikasiya, Psixologiya, İctimai fəaliyyət, Sosiologiya departamentlərindən ibarətdir.

Ali Məktəb magistr və doktorantların təhsilinin təşkili məqsədi ilə yaradılıb. Burada geniş spektrdə akademik sahələrin tədrisi təşkil olunur. Yuxarıda sadalanan bütün fakültələrin proqramları üzrə məktəbdə magistr və doktorantlar hazırlanır. 1965-ci ildən fəaliyyət göstərən məktəb ilk illər 5 proqram - Çin dili və ədəbiyyatı, işgüzar administrasiya, coğrafiya, tarix və fəlsəfə üzrə magistr hazırlayıb, həmin dövrdən isə sürətlə inkişaf etməyə başlayıb. 1980-ci ildən başlayaraq məktəb doktorluq dərəcəsi verir.

Bütün bunlarla yanaşı, Honkonq Çin Universitetində Çin dili Mərkəzi mövcuddur. 1963-cü ildə yaradılan mərkəz 1974-cü ildən universitetin bir hissəsinə çevrilib. Mərkəz 2 hissəli kurs təklif edir: Çin dilinin daşıyıcıları olan və Çin dilinin daşıyıcıları olmayan şəxslər üçün. Məktəbin proqramı üç hissədən ibarətdir: a) potonxua (Çin dili dialekti, Çin Xalq Respublikasının dili) - yerli tələbələr üçün, b) kanton dialekti - Honkonqdan deyil, qitədən olan çinli tələbələr üçün, c) potonxua və kanton dialektləri - əcnəbi tələbələr üçün.

Honkonq Çin Universitetinin kitabxana sistemi 1963-cü ildə yaradılıb. Sistemə 7 kitabxana daxildir:

  • Əsas Universitet kitabxanası;
  • Çunq Çi Kollecinin Elizabet Mur Lyusi kitabxanası;
  • Yeni Asiya Kollecinin Çien Mu kitabxanası;
  • Birləşmiş Kollecin Vu Çunq Multimedia kitabxanası;
  • Şatin kliniki xəstəxana kompleksinin Li Pin Tibb kitabxanası;
  • Memarlıq kitabxanası;
  • Li Quo Vey Hüquq kitabxanası.

Bütün kitabxanalar əsas universitet kitabxanası tərəfindən idarə olunur.

Kitabxana ilə yanaşı, Honkonq Çin Universitetində Bədii muzey fəaliyyət göstərir. Muzeydə Çin tarixini və mədəniyyətini əks etdirən 12000-dən çox eksponat var (Sonq və Yuan dövrlərindən başlayaraq ən modern əşyalara qədər: arxeoloji tapıntılar, qədim yazılar, epiqrafika, kalliqrafiya, nəqqaşlıq, rəsm, heykəltəraşlıq nümunələri, keramika, tunc, nefrit, fil sümüyü, bambuk, ağac və digər materiallardan hazırlanmış əşyalar və s.). Muzey sistemli olaraq genişmiqyaslı sərgilər təşkil edir.

Honkonq Çin Universitetinin kansleri cənab Donald Tsanq, prezidenti və vitse-kansleri isə professor Jozef Senadır. Bu ali məktəbdə Universitet Şurası və Senatı fəaliyyət göstərir. Honkonq Çin Universitetində 6571 nəfər işçi çalışır. Onların 1462 nəfərini professor-müəllim heyəti, 1145 nəfərini tədqiqatçı, qalanlarını isə inzibati heyət təşkil edir. Universitetin əməkdaşları arasında 4 Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının 10 akademiki, eləcə də digər mükafatlarla təltif olunmuş şəxslər var. Honkonq Çin Universiteti Honkonqda Nobel mükafatı laureatlarına malik olan yeganə ali təhsil ocağıdır.

2009-2010-cu tədris ilində Honkonq Çin Universitetində tələbələrin ümumi sayı 14315 nəfər olub. Burada bakalavr pilləsində 11255, magistratura və doktorantura pillələrində isə 3060 tələbə oxuyub. Dünyanın digər ölkələri ilə tələbə mübadiləsi proqramı çərçivəsində universitetdə 1142 əcnəbi tələbə təhsil alıb, 1198 tələbə isə xarici ölkə universitetlərinə göndərilib.

Honkonq Çin Universitetinin tələbələrinin təxminən 40 faizi kampus ərazisində yaşayır. Kampusda 4 kollec arasında paylanmış 21 yataqxana var. Yerli tələbələr əcnəbi tələbələrlə bir nömrədə qalmaq arzusunda olduqları üçün yataqxanalarda yerli və əcnəbi tələbələr bir yerdə məskunlaşıblar. Bu onlar arasında mədəni mübadilənin yaranması, əcnəbi gəncin yerli həyata alışması üçün geniş imkan yaradır. Burada əcnəbi tələbəyə ayrıca otaq verilmir. Yataqxanalarda ümumi mətbəx, televizor, hamam otaqları, camaşırxanalar, İnternet, telefon və kondisioner ilə təchiz edilmiş otaqlar mövcuddur. Kampusda tələbələrin rahatlığını təmin etmək üçün banklar, xəstəxanalar, supermarketlər, bərbərxanalar, restoranlar, idman, konsert zalları və s. fəaliyyət göstərir.

Honkonq Çin Universiteti Çin və Qərb ənənələrini, qədimliyi və müasirliyi özündə birləşdirən perspektiv elmi-tədqiqat mərkəzidir. Ali məktəbin emblemi Cənub Xan sülaləsinə aid olan mifik fenq quşudur. Bu quş alicənablıq, gözəllik, sədaqət və əzəmətlilik rəmzidir. Universitetin şüarı qədim Çin filosofu Konfutsinin məşhur kəlamıdır:

" "Dünyagörüşünü genişləndir, nəzakətli davran". "

Honkonq Çin Universitetinin missiyası təhsilin, tədrisin, tədqiqatların inkişafını gücləndirmək, beynəlxalq səviyyədə birinci dərəcəli təhsil ocağına çevrilmək, Honkonqun, Çinin və ümumilikdə bütün bəşəriyyətin rifahını yüksəltməkdən ibarətdir.

2009-2010-cu tədris ilində Honkonq Çin Universitetinin illik gəliri 4413000000 Honkonq dolları dəyərində olub. Bu məbləğin 2916000000 Honkonq dolları dövlət qrantları, 1207000000 Honkonq dolları təhsil haqqı və digər ödənişlər, 279000000 Honkonq dolları ianə yardımları, 161000000 Honkonq dolları müxtəlif xidmətlər, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.

Həmin tədris ilində universitetin xərcləri 5073000000 Honkonq dolları olub. Xərclərin 3625000000 Honkonq dollarını təlim və tədqiqatların aparılması, 187000000 Honkonq dollarını kitabxana, 202000000 Honkonq dollarını idarəetmə, 539000000 Honkonq dollarını tikinti və təmir, 260000000 Honkonq dollarını müxtəlif xidmətlər, qalanlarını isə digər məsrəflər təşkil edib.

2010-2011-ci tədris ilində Honkonq Çin Universitetində əcnəbi tələbələrin təhsil haqqı orta hesabla 100000 Honkonq dolları (təxminən 12850 ABŞ dolları) təşkil edir. Onlayn ərizə formasının (application) qiyməti 300 Honkonq dolları (37 ABŞ dolları), kağız formasının qiyməti isə 400 Honkonq dolları (52 ABŞ dolları) dəyərindədir. Yataqxanalarda qiymət orta hesabla 8500 Honkonq dollarıdır, qidalanma, nəqliyyat, məktəb ləvazimatları və digər şəxsi xərclər üçün isə bir tələbəyə ildə 140000 Honkonq dolları lazımdır.

2010-2011-ci tədris ilində Honkonq Çin Universitetinə daxil olan əcnəbi tələbələrə bakalavr pilləsində veriləcək təqaüdün məbləği ildə 30000-125000 Honkonq dolları arasında dəyişir. Təhsil aldığı dövrdə yüksək nəticələr göstərən, istedadlı tələbələr ildə 125000 Honkonq dolları (16025 ABŞ dolları) təqaüd alacaqlar. Magistratura və doktorantura pillələrində oxuyanlara müxtəlif adda və məbləğdə təqaüdlər təklif olunur: Dan David mükafatı - 15000 ABŞ dolları, qız tələbələr üçün Honkonq Universitet Qadınları Assosiasiyası təqaüdü - 20000 Honkonq dolları, doktorantlar üçün Avrasiya-Sakit okean Birliyi təqaüdü - ayda 940 avro (6 ay müddətində verilir) və s.

"QS Asian University Rankings" jurnalının 2010-cu ildə keçirdiyi reytinqə əsasən isə Honkonq Çin Universiteti Asiya ali təhsil ocaqları arasında 4-cü yerdə olmuşdur.

2011-2012-ci tədris ilinin yekununa əsasən Honkonq Çin Universiteti QS World University Rankings[2] tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 1-ci pillədə olmuşdur.[3]

"QS World University Rankings"dəki yeri:
2014/15[4] 2013/14[5] 2012/13[6] 2011/12[7] 2010/11[8]
45 39 40 37 42

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  1. "About CUHK". The Chinese University of Hong Kong. 7 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
  2. Dünyanın 50 gənc universitetinin reytinqi Arxivləşdirilib 2013-05-29 at the Wayback Machine. muallim.edu.az, 26.04.2013  (az.)
  3. Dünyanın 50 gənc universitetinin reytinq cədvəli[ölü keçid]. muallim.edu.az  (az.)
  4. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  5. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  6. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  7. "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  8. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]