Huver moratoriumu

Huver moratoriumu və tərksilah məsələsi

[redaktə | mənbəni redaktə et]

1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi.

İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı.

1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi. Ona görə də Huver moratoriumu qüvvəyə mindi. Lakin 1 il keçdikdən sonra Almaniya yenə də təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.

1932-ci ildə Lozannada təzminat məsələsinə dair konfrans çağırıldı. Böyük Britaniya, Fransa, İtaliya və Almaniyanın iştirak etdiyi bu konfransda alman nümayəndələri təzminatın tamamilə ləğv edilməsini xahiş etdilər. İmzalanan yekun pakta əsasən, Almaniyanın bütün ödənişləri ləğv edildi. Lakin ABŞ öz hərbi borclarından imtina etmədiyinə görə bu pakt təsdiq olunmadı. Buna baxmayaraq, Almaniya bu konfransdan sonra təzminatı ödəməkdən qəti şəkildə imtina etdi.

30-cu illərin əvvəllərində Almaniyanın Versal-Vaşinqton sistemini təftiş etmək və sürətlə silahlanmaq cəhdləri beynəlxalq münasibətlərdə tərksilah məsələsini aktuallaşdırdı. 1932-ci il fevralın 2-də Cenevrədə tərksilaha dair beynəlxalq konfrans çağırıldı. Konfransda:

· ABŞ Millətlər Cəmiyyətini beynəlxalq borclar, təzminat, tərksilah və təhlükəsizlik məsələlərini həll etmək iqtidarında olmadığına görə tənqid edərək quru qüvvələrini azaltmağı təklif etdi.

· SSRİ tərksilaha dair konvensiya imzalanması fikrini irəli sürdü.

· Fransa Almaniyaya qarşı Millətlər Cəmiyyətinin ordusunun yaradılmasını və Fransanın təhlükəsizliyinin təmin edilməsini təklif etdi. Lakin İngiltərə Fransanın tələblərini rədd etdi.

· Yaponiya Versal-Vaşinqton sisteminə yenidən baxılmasını və dəniz konfranslarının qərarlarının dəyişdirilməsini təklif etdi.

· İtaliya və İngiltərə silahlanma məsələsində Almaniya və Fransaya bərabər hüquqlar verilməsi tələbini irəli sürdü. Bu tələb Fransanın İtaliya və İngiltərə ilə münasibətlərini kəskinləşdirdi.

· Almaniya isə təzminatın ləğv edilməsini və silahlanmada bərabər imkanlar verilməsini təklif etdi. Lakin bu təklif rədd edildi.

Konfransın 1-ci sessiyası silahları artırmamağa çağıran qətnamənin qəbul edilməsi ilə başa çatdı. Almaniya ona bərabər hüquqlar verməyən qətnamənin qəbul edilməsinə etiraz edərək konfransı tərk etdi. Cenevrə konfransının uğursuzluqla nəticələnməsi beynəlxalq münasibətlərdə ziddiyyətləri daha da kəskinləşdirdi. İndi Almaniya və İtaliya nəinki mənəvi, hətta faktiki bərabərlik tələbləri ilə çıxış etməyə başladılar.

Böyük Britaniyanın təklifi ilə 1932-ci ilin dekabrında Cenevrədə yenidən müşavirə keçirildi. Müşavirədə qəbul olunan qətnamə hamı üçün bərabər təhlükəsizlik sistemində Almaniyaya silahlanma sahəsində bərabər hüquqlar, Fransaya isə təhlükəsizliyini təmin etməyi vəd edirdi. Almaniya diplomatiyası qələbə qazanaraq hərbi siyasi bloklara girmək hüququ qazandı. Fransa isə öz təhlükəsizliyini formal şəkildə olsa da qəbul etdi. Lakin bunlara baxmayaraq, tərksilah məsələsi beynəlxalq münasibətlərdə həll olunmamış problem kimi qalmış oldu.