I Rusa (bilinmir[1] – e.ə. 714[1]) — Urartu hökmdarı (E.ə. 735 – 713). II Sardurinin oğlu
I Rusa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | e.ə. 714[1] |
Fəaliyyəti | monarx |
Atası | II Sarduri[1] |
Uşağı |
Özündən əvvəlki Urartu hökmdarı, atası II Sardurinin dövründə artıq Urartu dövləti assurlarla mübarizədə xeyli zəifləmişdi və hətta bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxmışdı. Bu ərazilər Assuriyanın hakimiyyəti dairəsinə alınmışdı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edilmişdi. bu vəziyyətdən istifadə edən Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə qalxmışdışdı.
I Rusa Urartu dövlətininqüdrətini qaytarmaq üçün cəhd göstərdi, lakin güclü Assuriya dövlətinə bata bilmədi. Ancaq şimal istiqamətində Göyçə gölü ətrafına kimi olan ərazini yenidən işğal etdi. Bu ərazinin 23 hökmdarı əsir alındı. I Rusa zəbt olunmuş ərazidə iki şəhər-qala saldırdı və onlara Teyşeba və Haldi Allahlarının adına verdi. Urartu artıq işğal olunmuş torpaqları mənimsəyir və orada abadlıq işləri aparırdı. Yeni şəhər-qalalar başqa tayfaların cənuba doğru hərəkətini dəf etməli idi.
I Rusa cənubda Assuriya ilə toqquşmalı oldu. İlk növbəde Assuriyanın şimalında yerləşən Musasir (urart. Ardini) vilayətinin hakimi Urzana ilə dostluq əlaqələrini möhkəmlətdi. Urzana onun hüzuruna gəldi və könüllü surətdə Urartuya tabe oldu. Eyni zamanda, o, Urartuya köməkçi hərbi dəstələr verdi. Bundan sonra I Rusa Assuriyanın dağlıq rayonlarına hücum etdi və mənbənin qeyd etdiyi kimi, buranın kişilərini qılıncdan keçirtdi. Musasir Assuriyaya qarşı mübarizədə dayaq nöqtəsinə çevrildi. Musasir şəhəri eyni zamanda Urartunun baş ibadət mərkəzi idi. Burada Haldi Allahına sitayiş edirdilər. Musasirə Urartu canişini tə’yin edilmişdi.
III Tiqlatpalasarın Urartuya qarşı uğurlu müharibələrindən Manna istifadə edə bilmiş və öz torpaqlarını Urartu təsirindən azad etmişdi. Manna ölkədəki vilayətləri vahid mərkəzdə birləşdirmişdi; Bunu başa düşən I Rusa Manna vilayət canişinlərini mərkəzı hakimiyyətə qarşı qaldırır, Assuriyaya qarşı burada müttəfiqlər axtarırdı. Assur hökmdarı II Sarqon e.ə. 714-cü ildə Manna ərazisinə daxil oldu, üsyançı canişinlərə divan tutdu. Manna canişinləri ilə əlbir olmuş I Rusa döyüşdə məğlub oldu və Mannadan Urartuya qaçdı. II Sarqon onu Tuşpa şəhərinə kimi qovdu. Mənbə xəbər verir ki, "O, Tuşpanı (yaxud Turuşpa), öz hökmdar şəhərini tərk etdi və ovçudan qaçan kimi dağlara qaçdı, hamilə (arvad) kimi yorğan-döşəyə yıxıldı, çörək və sudan imtina etdi, əlacsız azara tutuldu". I Rusanın məğlubiyyəti Urartunun Manna torpaqlarına iddiasına da son qoydu.
II Sarqon Urartunun bir sıra şəhər və vilayətlərini (Ulhu, Armarili, Ayadi və s.) tutdu. Yürüşün son mərhələsində II Sarqon Musasir tərəfə döndü. Musasir şəhəri meşəli dağlarda salınmışdı, dağ keçidləri çətin idi. O, yol aça-aça Musasir şəhərinə yaxınlaşdı. Sarqonun slnaməsi qeyd edir: "… mən keçidləri aşıb, Musasirə tərəf yol tutdum, döyüşçülərimi iynə kimi sivri, əzəmətli Harsiu (Manna ilə Assuriya arasında) dağına qalxmağa məcbur etdim". II Sarqon Musasir şəhərinə daxil oldu. Urzana dağlara qaçdı. Əhalini vahimə bürüdü. Onlar aman istədilər. Mənbə Musasirdə yaranmış vəziyyəti belə təsvir etmişdir."… Oranın adamları, qoca və qarıları evlərin damına qalxaraq acı-acı ağlayırdılar, canlarını xilas etmək üçün onlar əl-ayaqları üstə mənim qabağıma sürünürdülər. Urzana, onların padşahı, hökmdar, Aşşurun (Allah) sözünə qulaq asmadı və mənim hökmranlığımı boynundan atdı və mənə xidməti saymadı, buna görə mən də bu şəhər əhlini əsir aparmaq qərarına gəldim. Urartunun dayağı Allah Haldini aparmağı əmr etdim. Onun böyük darvazaları qarşısında onu (Haldinin heykəlini), (Urzananın) arvadını, onun oğullarını, qızlarını, adamlarını, ata evinin törəmələrini mən əsir tutdum… Mən Musasirə, Haldi Allahının yaşadığı yerə zəfərlə daxil oldum və sarayda, Urzananın mənzilində hökmdar kimi əyləşdim". II Sarqon Musasir xəzinəsini ələ keçirtdi və buradan saysız-hesabsız var-dövlət apardı. Min kq.-dan artıq qızıla və 5 min kq.-dan artıq gümüşə sahib oldu. Qənimət kimi lacivərd, əqiq və başqa qiymətli daşlar, müxtəlif metai külçələri və əşyaları Assuriyaya apardı. Musasir mə’bəd anbarları da talan edildi. Musasir Assuriyaya qatıldı. Urartu Assuriyanın şimalında yerləşən və Assuriyaya qarşı mübarizədə dayaq nöqtəsi olan bir ərazini və müttəfiqini itirdi. Bu ağır zərbədən sonra Urartu bir daha özünə gələ bilmədi. I Rusa canına qəsd etməyə məcbur oldu. Salnamə yazır ki, "Ursa (Rusa), Urartu hökmdarı, eşidəndə ki, Musasir dağılıb, Allahı Haldi aparılıb, öz əli ilə kəmərindəki dəmir xəncərlə özünü öldürdü".
Assuriya ilə mübarizədə Urartu özünə müttəfiq axtarıb tapırdı, lakin müttəfiqlərin gücünü vahid cəbhədə birləşdirə bilmədi. I Rusa II Sarqon ilə döyüşdə Manna ərazisində məğlub oldu və öz ölkəsinə qaçdı, eyni zamanda Musasir müttəfiqini tək qoydu. Urartunun müdafiəsini təşkil edə bilmədi və nəticədə Assuriya ilə mübarizəni uduzdu.