Jurnalistlər və Ədiblər İttifaqı

Jurnalistlər və Ədiblər İttifaqıAzərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi.

1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı.

İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır. İttifaq Aprel işğalı (1920) nəticəsində fəaliyyətini dayandırmışdır.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 75. ISBN 9952-417-44-4.